Diplomatiya gizlidən aşkara keçir: Ərdoğan “topu” Paşinyana ÖTÜRDÜ...

Diplomatiya gizlidən aşkara keçir: Ərdoğan “topu” Paşinyana ötürdü

“Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan TASS agentliyinə açıqlamasında deyib. O bildirib ki, İrəvan və Ankaranın rəsmi şəxsləri arasında səmərəli təmaslar başlayacağı təqdirdə, bu baş tuta bilər: “Hələlik rəsmi şəxslər arasında təmas olmayıb, Ermənistan Nazirlər Kabineti bu cür təmaslara, eləcə də yüksək və ali səviyyədə görüşlərə hazırdır”.

Qeyd edək ki, sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan N.Paşinyanın onunla görüş keçirmək istədiyini bildirmişdi.

“Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir”,- Prezident Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanın dəhlizin açılmasının əleyhinə olmasına münasibət bildirərkən deyib. “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan Baş naziri Ermənistan Baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”,-deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq. Ermənistan tərəfinin rəsmi açıqlaması Türkiyə ilə siyasi barışığa getməyə hazır olduğunu göstərir. Ancaq görünür, Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalamadan Türkiyə ilə əlaqələrin bərpasına nail olmağa çalışır. Prezident Ərdoğan isə rəsmi Ankaranın regional və strateji maraqları ilə bağlı olan prinsipial şərtlərin İrəvan tərəfindən qəbul olunacağı təqdirdə danışıqların mümkün olacağını bəyan etdi. Türkiyənin dövlət başçısı “topu Paşinyana ötürməklə” hər iki liderin görüşünün Ermənistanın mövqeyindən asılı olduğuna işarə edib.

Politoloq Əziz Əlibəyli “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyə və Ermənistan arasında vasitəçinin hansı ölkənin olmasından asılı olması önəmli deyil. Gürcüstandan əlavə Rusiya da tərəfləri barışdırmaq missiyasını öz üzərinə götürə bilər. Əsas məsələ niyyətdən qaynaqlanan münasibətdən asılıdır:

“Cənab Ərdoğan bağlı qapılar arxasında verilən mesajları ictimailəşdirməklə gizli diplomatiyadan aşkar diplomatiyaya keçməyin vacibliyi barədə mesaj verdi. Görünür, Paşinyanın vəziyyəti qənaətbəxş olmadığından, Ərdoğan bu məsələni ictimailəşdirdi. Amma qapıları sona qədər bağlamadı. Ona imkanları ilə gücü çatacaq potensialını müqayisə etmək imkanı da yaratdı. Bununla Türkiyənin mövqeyini açıqlamış oldu və danışıqların əleyhinə olmadığını çatdırdı. Ancaq Prezident Ərdoğan Türkiyə üçün prioritet məsələnin Zəngəzur dəhlizi olduğunu vurğuladı. Əgər Paşinyan bu güzəştin onun hakimiyyətinə zərbə vuracağını düşünürsə, məsuliyyəti 10 noyabr Bəyannaməsinin üzərinə də ata bilər. Onu da nəzərə almalıdır ki, Zəngəzur dəhlizinin açılması Ermənistana böyük iqtisadi divident gətirəcək. Paşinyanın həmişəki kimi manevr imkanları genişdir və Rusiyanı da günahkar çıxara bilər. Türkiyənin Ermənistan qarşısında konkret tələbləri var və onu Ermənistan danışıqlara getmək üçün həmin şərtləri yerinə yetirməlidir. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi və “dənizdən dənizə böyük Ermənistan” ideyasının ləğvidir. Həmin maddə əsasında Türkiyəyə ərazi iddiası irəli sürüblər”.

Digər məsələ Ermənistanın qondarma erməni soyqırımı iddiasından imtina etməsi tələbidir:

“Üçüncüsü, Azərbaycan ərazilərinin işğalına son qoyulmasıdır. Hər üç problem aradan qalxmaq üzrədir. Hesab edirəm ki, əvvəllər Azərbaycan əraziləri işğal altında olduğuna görə hər üç bənd ciddiyə alınmışdı. İndiki halda Ermənistan konstitusiyasında 8-ci maddənin olub-olmaması əhəmiyyət kəsb eləmir. Çünki diqtə edən tərəf Azərbaycan və Türkiyədir. Erməni iddiaları Ermənistan dövlətinin sərhədlərindən çoxdan kənara çıxıb və xarici dairələrin, o cümlədən diasporun, lobbinin monopoliyasına çevrilib. Yəni bu Ermənistan dövlətinə bağlı məsələ deyil. Önəmli məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılması Türkiyə-Ermənistan sərhədinin açılmasına gətirib çıxaracaq. Onu da əlavə edim ki, Azərbaycan, Ermənistan və Rusiya arasında hökumətlərarası komissiyanın Moskvada növbəti iclası keçirilib. Nəqliyyat əlaqələrinin bərpasına dair yekun müqavilələr hazırlanıb və imzalanmaq üzrədir. Digər məlumata görə, Ermənistan Türkiyə ilə sərhəd bölgənin yollarını təmizləmək və işlək vəziyyətə gətirmək üzərində çalışır”.

Bu arada üçtərəfli komissiyanın iclasından sonra jurnalistlərə açıqlama verən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Azərbaycan-Ermənistan əlaqələrinin bərpası ilə bağlı ümidverici mesajlar səsləndirib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək: “Tərəflər bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasında qərarlıdır. Blokadanın ləğvi, tikinti, nəqliyyat marşrutlarının bərpası Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq”.

Ermənistanın Qərbin bölgədəki əsas təmsilçisi olan Gürcüstan vasitəsilə Türkiyə ilə danışıqlara təşəbbüs göstərdiyi bir vaxtda Rusiyanın daha fəal mövqe nümayiş etdirməsi diqqəti cəlb edir. Ancaq Əziz Əlibəylinin fikrincə, Overçukun açıqlaması Rusiya-Türkiyə rəqabətindən irəli gəlmir. Buna baxmayaraq, Paşinyan Gürcüstana Rusiyadan daha çox güvəndiyi üçün görünür, vasitəçiliyi ona həvalə edib. Lakin ekspert qeyd edir ki, Qaribaşvilinin müraciəti yaxın vaxtlarda Tiflisdə Ərdoğan-Paşinyan görüşünün baş tutacağı anlamına gəlmir.

“Üçtərəfli hökumətlərarası komissiya Moskvaya bağlı bir formatdır. Burada aparıcı tərəf Rusiyadır. Əksinə, Türkiyə ilə sərhədlərin açılması bu prosesə fayda verə bilər. Ona görə də Rusiya bunun əleyhinə deyil. Overçukun açıqlaması prosesin yekunlaşdığı qənaətini yaradır. Bu, həm də Paşinyanın yükünü azaltmış olur. Həm də mövcud iqtisadi və humanitar vəziyyət üzərindən mesaj verilməsi Ermənistanı böhranlı vəziyyətdən xilas etməyin optimal yoludur. Bu mesajlar da ona yönəlib. Gürcüstanın bölgəyə yönəlik siyasətində müəyyən korrektələr var. O cümlədən “3+3” formatı ilə bağlı Gürcüstan öz şərtlərini irəli sürür.

Ermənistan da başa düşür ki, Gürcütan bölgədə həm Azərbaycana, həm də Türkiyəyə ən yaxın dövlətdir. Üstəlik, Ermənistan anlayır ki, bölgədə komnmunikasiyaların açılmasında ən böyük itkilərə məruz qalacaq ölkə Gürcüstandır. Ona görə də Ermənistan rəsmi Tiflisin narahatlıqlarından və eyni zamanda imkanlarından sui-istifadə etməyə çalışır. Paşinyan görünür, vasitəçilik məsələsində Rusiyanın səmimiyyətinə inanmır. Son günlər Rusiya-Belarus müqaviləsinin imzalanması, ardınca Tacikistana yönəlik mesajları nəzərə alan Paşinyan problemlə üzləşəcəyini istisna etmir. Ermənistan bilir ki, Gürcüstan amili Rusiya ilə müqayisədə manipulyasiya üçün Paşinyana daha rahatdır”.

Əziz Əlibəyli bildirib ki, Türkiyə və Ermənistan rəhbərliyi arasında görüş xatirinə görüş keçirməyin əhəmiyyəti yoxdur: “Ərdoğan və Paşinyan Qara Dəniz Əməkdaşlıq Təşkilatı, BMT Baş Assambleyasının sessiyası çərçivəsi kimi formatlar çərçivəsində sammiti baş tuta bilər. Lakin Türkiyə Prezidentinin Gürcüstana gəlib Paşinyanla görüşməsi Ermənistanın Baş nazirinə göstərilmiş yüksək etimad kimi qiymətləndirilər. Cənab Ərdoğan da belə addım atmaz”.






Fikirlər