Paşinyanın Batumidə "yoxa çıxmasının" sirri açılır: 4 saatlıq məxfi görüşdə SÜLH SAZIŞİ müzakirə olunub

Ermənistan baş nazirinin Batumidə hara getdiyi barədə hətta Gürcüstan rəsmi dairələrinin və onun yaxın ətrafının belə, xəbərsiz olduğu iddia edilir; Müəmmalı şəkildə "yoxa çıxdığı" müddət ərzində onun Azərbaycan və Türkiyəni təmsil edən yüksək rütbəli şəxslərlə yekun sülh sazişinin detallarını müzakirə etdiyi vurğulanır...

Ermənistanda ölkədaxili vəziyyət yenidən gərginləşməyə başlayıb. Müxalifətdə olan Qarabağ klanı növbəti dəfə Ermənistanı qarışdırmağa çalışır. Və artıq Ermənistan paytaxtında polislə ilk toqquşmalar da baş verib.

Onu da qeyd edək ki, erməni müxalifətinin kütləvi etiraz aksiyalarını bərpa etməsi o qədər də gözlənilməz deyil. Son vaxtlarda rəsmi İrəvanın siyasi kursunda müşahidə olunan müəyyən dəyişikliklər erməni müxalifətinin müqavimət mövqeyinə keçə biləcəyini ehtimal etməyə əsas verirdi. Və artıq bu prosesin başlandığını düşünmək olar.

Məsələ ondadır ki, hazırda Ermənistan cəmiyyətində müzakirə edilən əsas mövzu bu ilin sonuna qədər Azərbaycan ilə yekun sülh sazişinin imzalana biləcəyi barədə iddialardır. Əslində, rəsmi İrəvanın son davranışları da bu iddiaların reallığa çevrilə biləcəyinin əlamətləri kimi dəyərləndirilir. Bu səbəbdən də, Ermənistan siyasi dairələri həmin əlamətlərə müxtəlif maraqların təsiri altında reaksiya verməyə çalışırlar.

Azərbaycan_Rusiya_müqavilə_medium.jpg (26 KB)

Xüsusilə də, Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu bəyan etməsi Qarabağ klanı tərəfindən ciddi etirazlar ilə qarşılanmaqdadır. Səbəb isə xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu kimi, Qarabağ klanının da siyasi-ideoloji tezislərində Türkiyə düşmənçiliyinin xüsusi yer tutması ilə bağlıdır. Və Qarabağ klanının təmsilçiləri bu mövqedən geri çəkilmək niyyətindən uzaqdırlar.

Nəhayət, erməni baş nazir Azərbaycan ilə də münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu biruzə verməyə başlayıb. Ancaq baş nazir Nikol Paşinyan bu niyyətini daha çox ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara hazır olması ilə pərdələməyə çalışır. Halbuki, Ermənistan siyasi dairələri də, baş nazir Nikol Paşinyan özü də rəsmi Bakının Minsk Qrupu çərçivəsində danışıqlar modelini yaxına buraxmayacağını anlamamış deyil.

Ona görə də, Ermənistan cəmiyyətində Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi olmadan da baş nazir Nikol Paşinyanın rəsmi Bakı ilə təmaslar quruduğuna qətiyyən şübhə etmirlər. Erməni müxalifətinin bəzi radikal və revanşist qanadları baş nazir Nikol Paşinyanı artıq yenidən Ermənistana xəyanətdə suçlamağa başlayıblar. Və onların qənaətinə görə, erməni baş nazir rəsmi Bakı ilə məxfi təmaslar qurmaqla, bu ilin sonu, ən uzağı isə gələn ilin əvvəllərinə qədər yekun sülh sazişini imzalamaq niyyətindədir.

 

Maraqlıdır ki, bu barədə məlumatlar artıq Ermənistan mətbuatında ciddi şəkildə müzakirə edilir. Hətta bir müddət öncə Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın N.Paşinyana Azərbaycanla sülh müqaviləsini imzalatmaq üçün İrəvana gəldiyi barədə də iddialar yayılmışdı. Və bu məsələ ilə bağlı məxfi müzakirələrin məhz iki ölkənin Ukraynadakı diplomatik təmsilçiləri arasında aparıldığı vurğulamışdı.

1316222.jpg (18 KB)

Həmin məlumatlarda əminliklə qeyd olunurdu ki, erməni səfir V.Karapetyan Ukraynada Azərbaycan hökumətinin nümayəndələri ilə yekun sülh razılaşması layihəsinin hazırlanmasında iştirak edib. Və erməni səfir İrəvana gələrək, həmin layihəni baş nazir N.Paşinyana şəxsən təqdim edib.

Ancaq Ermənistan baş nazirinin hələlik ciddi tərəddüdlər içərisində olduğu da xüsusi olaraq, vurğulanır. Hesab olunur ki, erməni baş nazir müsbət yanaşsa da, hələlik bu sənədi imzalamağa tam hazır deyil. Və bu barədə Ermənistan mətbuatına məlumat ötürən mənbə səfir V.Karapetyanın baş nazir N.Paşinyanı sazişin ən qısa zamanda imzalanmasının vacibliyinə inandırmağa çalışdığını da qeyd etmişdi.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin Ermənistan üçün yeganə çıxış yolu olduğunu anlasa da, onu imzalamaqdan qorxduğu bildirilir. Erməni baş nazir həmin sənəd imzalanmadan Azərbaycanın Ermənistanı blokadadan çıxartmayacağını da anlayır. Və bu halda, maliyyə-iqtisadi böhran içində olan Ermənistanda vəziyyətin daha da ağırlaşacağı isə şübhə doğurmur.

Ancaq erməni baş nazirin sənədi imzalayacağı təqdirdə, terrora və ya sui-qəsdə məruz qala biləcəyini də nəzərə almaq məcburiyyətindədir. Çünki Ermənistanda bunun baş verə biləcəyini təsdiqləyən hadisələr dəfələrlə törədilib. Və Qarabağ klanının hədəfində olan baş nazir Nikol Paşinyan həyatına təhlükənin olmayacağına təminat qazanmağa çalışır.

88097-1608970595.jpg (39 KB)

Onu qeyd edək ki, baş nazir Nikol Paşinyanın Gürcüstana səfəri ilə bağlı da bəzi müəmmalı məqamlar ortaya çıxmağa başlayıb. Belə ki, Gürcüstan rəhbərliyi ilə görüşlər keçirdikdən sonra Tiflisdən Batumiyə gedib. Və bu səfəri Batumidə yaşayan ermənilər ilə görüşmək niyyətiylə izah edib.

Ancaq sonradan məlum olub ki, erməni baş nazir Batumidə gözlənilmədən təxminən 3-4 saat ərzində müəmmalı şəkildə yoxa çıxıb. Onun bu müddət ərzində harada olduğu heç kimə məlum olmayıb. Və bu barədə artıq Ermənistan mətbuatında müəyyən məlumatlar ortaya çıxmaqdadır.

Ermənistanda nəşr olunan "Past" qəzetinin məlumatına görə, erməni baş nazirin Batumiyə səfəri Ermənistan cəmiyyətində də bəzi Rusiya siyasi dairələrində birmənalı qarşılanmayıb. Çünki qəzetin Gürcüstandakı mənbələrinə dayanaraq, ictimailəşdirdiyi iddialara görə, baş nazir Nikol Paşinyanın yoxa çıxdığı 3-4 saat ərzində onun yeri barədə nə rəsmi Tiflis, nə də onu müşayiət edən şəxslər məlumatlı olmayıblar.

Ermənistan mətbuatı həmin 3-4 saat ərzində baş nazir Nikol Paşinyanın yanında onun yaxın ətrafına aid kiminsə olub-olmadığı barədə də məlumat əldə edə bilməyib. Olduqca qəribə davranış hesab edilən bu "yoxa çıxma" müddətində erməni baş nazirin Batumidə Azərbaycan və Türkiyəni təmsil edən yüksək rütbəli şəxslərlə məxfi görüş keçirdiyi iddia olunur.

Yenə də Gürcüstandakı mənbələrinə istinad edən qəzet Türkiyə və Azərbaycan kapitalının nəzarətində olan Batuminin belə bir görüş üçün olduqca uyğun məkan olduğunu da vurğulayıb. Və bu "məxfi görüş"də yekun sülh sazişi ilə bağlı önəmli detalların müzakirə edilə biləcəyi qətiyyən istisna edilmir.

thumb600x0.jpg (85 KB)

Əlbəttə, bütün bunlar ehtimallar olsa da, iddiaların doğru ola biləcəyini təsdiqləyən yeni məqamlar da mövcuddur. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması bu baxımdan, böyük maraq doğurur. Və erməni baş nazirin rəsmi Ankara ilə təmaslara can atdığını göstərir.

Məsələ ondadır ki, Türkiyə prezidenti Zəngəzur dəhlizinin açılması və Ermənistan baş naziri Nikol Paşinyanın buna qarşı çıxması barədə suallara cavab verərkən, bəzi məqamlara aydınlıq gətirib. O, bildirib ki, Zəngəzur dəhlizinin açılıb-açılmaması siyasi məsələdir: “Gürcüstanın baş naziri, Ermənistan baş nazirinin görüş təklifini mənə çatdırıb. Biz görüşlərə qapalı deyilik. Ancaq onun bir tərəfdən Zəngəzur dəhlizinə qarşı çıxıb, digər tərəfdən mənimlə görüşmək istəməsi də düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır”.

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Ankara ilə təmaslara can atır. Belə anlaşılır ki, onun Tiflisə son səfəri yalnız Gürcüstan-Ermənistan münasibətlərinə həsr olunmayıb. O, rəsmi Tiflisin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik etməsini istəyir.

Halbuki, bu vasitəçiliyin Ermənistan tərəfindən müsbət addımlar atıldıqdan sonra uğur qazana biləcəyini isə Türkiyə prezidenti açıq mətnlə mesaj verdi. Yəni, rəsmi Ankara Paşinyan hakimiyyətinə Azərbaycanla problemlərin həllini şərt kimi irəli sürür. Bu isə o deməkdir ki, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərinin nizamlanması prinsipləri eyni məzmun daşıyır, proseslər bir-birinə paralellik təşkil edir.  /"Yeni Müsavat" 

 
 






Fikirlər