MTN şefini bitirən söhbət - İDDİA

Eldar Mahmudovun nazir vəzifəsindən uzaqlaşdırılması ilə Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən mübhəm proseslərdən 15 gün keçdi. Respublika Prokurorluğu bu müddət ərzində həbslərlə bağlı yalnız bir dəfə qısa məlumat yaydı. 15 gün ərzində həbslər digər qurumları da əhatə etdi ki, bu barədə də heç bir rəsmi məlumat yoxdur. 

  Ötən həftə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov, Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov həbs edilib. Bundan bir neçə gün əvvəl isə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov saxlanılıb. 


Noyabrın 1-də, nəhayət, məmurları bir-birinin ardınca həbs edilən Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da məsələyə münasibət bildirib. Nazir "hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib" deyib. 

Ə.Abbasov saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcəyini deyib və əlavə edib ki, mətbuatda rəhbərlik etdiyi nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. "Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq", - deyə nazir bildirib. 
Ə.Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: "Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm". 

Ə.Abbasovun işdən çıxarılması barədə ötən həftəsonu yayılmış informasiyalar əvvəldən də şübhə doğururdu. Çünki iqtidarın E.Mahmudovdan sonra hökumətdə bütün "ağır daşları" tərpədib özünə daha ciddi problemlər yaradacağı gözlənilən deyildi. Hətta xeyli zəiflədilmiş nəqliyyat naziri belə E.Mahmudovun işdən çıxarılması ilə müəyyən müddət vəzifədə qalmaq limiti qazandı.

Yeri gəlmişkən, "Azadlıq" qəzetinin iddiasına görə, nəqliyyat nazirinin hədəfə gəlməsində Eldar Mahmudovun rolu olub. Xəbərə görə, MTN-in sabiq şefi Z.Məmmədov barədə kompromatlar təqdim edibmiş. Bu kompromatlar Z.Məmmədovun Beynəlxalq Bankdan götürdüyü kreditlər və nəqliyyat nazirinin baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələri barədə olub. 

Başqa bir xəbər isə bu iddiaya ziddir. Belə ki, E.Mahmudovun vurulmasında adını çəkmək istəmədiyimiz bir nazirin rol aldığı deyilir. Məlumata görə, E.Mahmudov Beynəlxalq Bank işinə görə həbslərdən narazı olub. İddia olunur ki, həmin nazir "bəs, hakimiyyət laxlasa, siz nə edəcəksiniz" sualına MTN şefi "o zaman mən iqtidarın yanında olmayacağam" deyib. 

Xəbərin nə dərəcədə gerçəyi əks etdirdiyini birmənalı demək olmaz. Amma yada salaq ki, 2008-ci ildə iqtisadi inkişaf naziri Heydər Babayev də bu cür ehtiyatsız davranışının qurbanı olmuşdu. 

Ötən həftə E.Mahmudova hakimiyyət düşərgəsindən ünvanlanmış bir cümləlik ittiham nədənsə, diqqətdən kənarda qaldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mətbuata müsahibəsində Eldar Mahmudov haqda riyakar ifadəsini işlətdi. Sitatı olduğu kimi təqdim edirik: "Eldar Mahmudov kimi riyakar şəxsin fəaliyyəti ilə ölkəmizdəki ictimai-siyasi sabitliyin və təhlükəsizliyin heç bir əlaqəsi olmayıb". Azərbaycanın əksər qanunlarının müəllifi kimi tanınan Ə.Hüseynov bu ifadəni işlətməsinin məsuliyyətini hamıdan yaxşı başa düşür. Heç şübhəsiz, "riyakar" dedikdə, açıqlamasa da, E.Mahmudov haqda həm də hansısa dəqiq bilgilərə əsaslanır.

Eldar Mahmudovun bu müddətdə harada olması haqda da ziddiyyətli informasiyalar səngimir. Ən son xəbərlərə görə, sabiq nazirin həbs təhlükəsi sovuşmasa da, ona müəyyən təminatlar da verilib. Belə ki, onun və ailəsinin təhlükəsizliyinə zəmanət verilməklə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının qoruması altına alınıb. Mümkündür ki, bu yolla həm də E.Mahmudov ciddi nəzarət altında saxlanılır. Onun Badamdardakı villasında yaşamadığı və ailəsi ilə başqa bir ünvana daşındığı deyilir. Son hadisələrin sabiq nazirə "öldürücü" təsir etdiyi də gələn xəbərlər sırasındadır.

(AzerTaym.az)






Fikirlər