Nazirliyin kəlla-mayallaq festivalı ...

Anar Kərimov Xorvatiyada səfərdədir » Azmarka.az

Doğrusu, bu barədə yazmaq istəmirdim. Ancaq çox hörmətli Rauf Arifoglunun Mədəniyyət nazirliyinin Şuşada keçirilən tədbirlərdə də təşkilatçılıq baxımından ciddi nöqsanlara yol verdiyini yazmasından sonra qərara gəldim ki, problemləri daha palazın altında saxlamağın yeri yoxdur. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə rəhbərlik etmək Anar Kərimova həvalə ediləndən sonra yeni nazirə bir neçə dəfə ciddi informasiya dəstəyi vermiş, ondan gözləntilər barədə analitik məqalə yaymışam. Naziriliyin mətbuat xidmətindən zəng edib quruca "sağ ol" da deməyiblər. Yanlış anlamayın, mənim kiminsə sağoluna, təşəkkürünə ehtiyacım yoxdur. Ümumiyyətlə, bu nazirliyə düşəcək bir işim yoxdur. Sadəcə, başa düşmüşəm ki, nazirlikdə cəmiyyətlə işləməyi bacaran komanda yoxdur. 

Bir neşə dəfə elə buradan təklif etmişəm, elektron poçtla yazıb Mədəniyyət nazirliyinin diqqətinə çatdırmışam ki, rəssamları işğaldan azad olunan ərazilərə göndərin, orada tablolar çəksinlər, sərgilər təşkil edin. Rəssam deyiləm, əlinə fırça alan qohumum da yoxdur. Dövlət naminə, milli maraqlar naminə təklif etmişəm. Heç bir reaksiya verilməyib. Çünki qurumun İctimai əlaqələrinə məsul olanların başı belə istiqamətlərə çalışmır.

Gələk "Yaylaq", daha doğrusu, KƏLLƏ MAYALLAQ festivalına. 

Baş verən olay və olaylar göstərir ki, Mədəniyyət nazirliyi etnoqrafiyamızı bilmir, coğrafiyanı, cəmiyyəti, hətta tədbirə cəlb etdiyi auditoriyanı tanımır. 

Yaylaq festivalında qonaqlara qaymaq verərlər, çiyə verərlər, yaxşı şor, pendir verərlər, yuxa, çəli, fətir bişirərlər, göz önündə kəsilmiş quzulardan sac içi, bozartma hazırlayarlar, kabab çəkərlər, əşi, bunları edə bilmirsənsə, heç olmasa çoban salatı düzəldərlər. Yaylaqda dədə-babamız zavod çörəyimi yeyib, arasına xiyar dürtüb camaata paylayırsınız:? 

Bilmirlər, görməyiblər, eşitməyiblər. Bilənləri, görənləri, eşidənləri də yaxına buraxmırlar. Təhsilləri, bacarıqları da elə Azərbaycanı tanıdıqları qədərdir. 

Hər bir tədbirdən öncə layihə yazılmalıdır. Dönə-dönə müzakirə olunmalı, təşkilatçılar üçün cavabsız sual qalmamalıdır.

Azərbaycanın QHT sektorunda minlərlə təcrübəli şəxs var. Özləri yaza bilmirdisə, birini cağırardılar, hazırlayıb verərdi. Bütün layihələrdə "risklər" adlı bir yarımbaşlıq olur. Tədbir barədə bütün mümkün risklər orada dəyərləndirilir və problem yaranarsa, həlli yolları göstərilir. Mədəniyyət nazirliyi yüzlərlə adamı yığıb aparıb dağın başına, "birdən yağış yağsa nə edəcəyik" sualının üzərində heç düşünməyib də... 

Qamış tualetə 1 manat qiymət qoyanların ağlına dağlıq ərazidə iqlimin qəfil dəyişə biləcəyi gəlməyib... 

Nəhayət... 

Kəlbəcər və Laçın işğal altında olanda yaylaq festivallarının başqa yerlərdə keçirilməsi başa düşülən idi. 

Amma indi Kəlbəcər də azaddır, Laçın da... 

Niyə yaylaq festivalını, həm də o qədər xərc çəkildiyi halda, Kəlbəcərdə və Laçında keçirmirik? 

Ona görə ki, birdən ermənilər o tərəfdən "dık" edər, bizim nazirlər, nazir müavinləri səksənər?

Taleh Şahsuvarlı






Fikirlər