Səfər Mehdiyev bahalı maşınları alıb, sonra zirehli etdirib - Detallar

Mehdiyev maşınlarını bu ölkədə “zirehli” etdirib | Sosial Xəbər

Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin, eləcə də ailəsinin zirehli avtomobildən istifadə etdiyi haqda məlumat yayılmışdı.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, Səfər Mehdiyev maşınları qanunvericilikdə göstərildiyi kimi, zirehli sifariş etməyib və bunlar xidməti avtomobillər deyil. Belə ki, S.Mehdiyev bahalı maşınlar alıb, daha sonra onları Türkiyəyə göndərməklə, xüsusi zirehlə yenidən yığdırıb. Hazırda S.Mehdiyevin və ailəsinin istifadə etdiyi bütün avtomobillər zirehlidir.

Polislə insidentini əks etdirən görüntülərdə də S.Mehdiyevin idarə etdiyi “Gelandevagen”in zirehli olduğu bildirilir.

Mövzu ilə bağlı hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirib ki, qanunverciliyə əsasən, DGK hüquq-mühafizə orqanı sayıldığı üçün qurumun vəzifəli şəxslərinin təhlükəsizliyi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunla tənzimlənir.

Onun sözlərinə görə, müdafiə olunan şəxslərin həyatına, sağlamlığına, mənzilinə və əmlakına qarşı qəsd ediləcəyinə real əsaslar müəyyən edildikdə, həmin şəxslərin razılığı ilə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən onların şəxsi mühafizəsi, mənzilinin və əmlakının qorunması üçün təhlükəsizlik tədbirləri tətbiq edilir:

 

“Həmçinin sözügedən qanun müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də təhlükəsizlik tədbirləri görülməsinə təminat verir. Lakin bu, adıçəkilən qanunla tənzimləndiyi üçün heç bir vəzifəli şəxs öz istəyi ilə zirehli avtomobil sifariş edə, yaxud zirehli avtomobildə gəzə bilməz. Qanundan göründüyü kimi, bunun üçün real təhlükə olmalı və bunu dövlət rəsmilərinin təhlükəsizliyini həyata keçirən qurumlar müəyyən etməlidir”.

"AzerTaym.az"






Fikirlər