Zəngilan Hava Limanından dosta və düşmənə MESAJ...
Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad olunmasından iki il keçdi. Əlamətdar günün ikinci ildönümü Azərbaycan üçün daha bir əlamətdar günlə tarixə düşdü. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılış mərasimində iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. Prezident Ərdoğanın təyyarəsi birbaşa Zəngilan Beynəlxalq Hava Limanına eniş edib. Qardaş ölkənin liderini Azərbaycan Prezidenti İlham Əliyev şəxsən qarşılayıb. AZƏRTAC xəbər verir ki, iki ölkə lideri Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri arasında maraqlı dialoq olub. Hava limanının açılış lentini kəsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qayçının qızıldan olub-olmadığını soruşub.
Prezident Ərdoğan: - İlham qardaşım, bu qızıldırmı? Prezident İlham Əliyev: - Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir... Prezident Ərdoğan: - Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun. Daha sonra Türkiyə lideri kəsilən lenti qayçıya dolayaraq, Prezident İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. Prezident İlham Əliyev isə cavabında bunun “gözəl bir xatirə” olacağını deyib. Sonra Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. İki ölkə lideri Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin də açılışında iştirak ediblər. Sonra konsert proqramı təqdim olunub. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Zəngəzur Dost” Ağır Atletika Klubunun açılışında da iştirak ediblər. Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.
Türkiyə Prezidentinin 20 oktyabr Zəngilan səfəri də iki ölkənin qardaşlığından başqa, bölgə ölkələrinə də mesaj sayılır. Siyasi analitiklər hesab edir ki, bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, İkinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə-Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə aparır. Türkiyə Prezidentinin təyyarəsinin bu dəfə Zəngilan Beynəlxalq Hava Limanına birbaşa enməsi təbii ki, həm də region ölkələrinə ciddi mesaj olmaqla yanaşı, dünyaya mesajdır. Bu addımlarla, hər şeydən əvvəl, bütün dünyaya o mesaj verilir ki, Türkiyə və Azərbaycanı təkcə din, dil, kök eyniliyi birləşdirmir, həm də hər iki dövlətin regionumuzun gələcəyi ilə bağlı baxışları, strategiyaları da eynidir, ortaqdır. Regionda yeni bir geosiyasi-geoiqtisadi və geostrateji nizam formalaşır və bunu Ankara-Bakı həyata keçirir.
Biz regionda yeni bir platformanın yaradılmasının da şahidi olacağıq. Yeni regional bir avtomobil yolunun təməlinin atılması İstanbulla Mərkəzi Asiyanı birləşdirir və bu, Türkiyənin artıq beynəlxalq gücə çevrilməsini şərtləndirir. Türkiyə Prezidenti hər dəfə işğaldan azad edilmiş rayonlarımıza səfər edəndə bu səfərləri ilə Azərbaycanı meydanda tək qoymayacağını birmənalı nümayiş etdirir. Cənab Ərdoğan 44 günlük Qarabağ savaşının gedişində Azərbaycanı hədəf seçən güclərin önünə sipər olub onları neytrallaşdırdığı kimi, ondan sonrakı müddətdə də bölgədə qalıcı sülhün əldə edilməsində köməyini əsirgəmir. 2020-ci ilin dekabrında Bakıdakı Zəfər Paradına qatılmaqla və o paradda da Türkiyə hərbçilərinin ayrıca kolonla iştirakını təmin etməklə, bütün dünyaya o mesajı vermişdi ki, Türkiyə hər addımda Azərbaycanla birlikdədir, Azərbaycanla hərbi sahədə bir yerdədir və kimsə revanş həvəsinə düşməsin. Ardınca da 15 iyunda Şuşaya gəlməklə və Azərbaycanla bütün sahələr üzrə müttəfiqliyinin bəyanı olan Şuşa Bəyannaməsini imzalamaqla erməni revanşistlərin mövqeyinə növbəti ağır zərbəni vurmuşdu. Keçən ilin 26 oktyabrında birbaşa işğaldan azad edilmiş Füzuliyə və Zəngilana gəlməklə, təyyarəsini birbaşa Füzuli limanına endirməklə və Zəngəzur dəhlizinin əsas hissəsi olacaq yolun təməlini atmaqla, göstərmişdi ki, Türkiyə Qarabağdakı tikinti-quruculuq işlərində də rola sahibdir, bölgənin inkişafında və nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə işə düşməsində maraqlıdır. Növbəti səfərin indi Zəngilan Beynəlxalq Hava Limanının açılışında gerçəkləşdirilməsi bu möhtəşəm ənənənin davamıdır. Bu səfərin İranın Azərbaycanla sərhəddə böyük miqyaslı hərbi təlimlər keçirdiyi bir vaxtda reallaşdırılmasının da xüsusi mənasının olduğunu qeyd etmək lazımdır. Səfərlə bağlı daha geniş materiallarla Musavat.com saytında və qəzetin sabahkı sayında tanış ola bilərsiz. Etibar SEYİDAĞA,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda yeni açılışlarda və təməlqoyma mərasimlərində iştirak etdi
“Yeni Müsavat”