“Xəstə idi, tamaşamız var idi, deyirdi ki, səni səhnədə tək qoymaram...” - FOTOLAR

“Xəstə idi, tamaşamız var idi, deyirdi ki, səni səhnədə tək qoymaram...” - FOTOLAR

Kədərliyəm, çox kədərliyəm. Yaxın dostumu, sirdaşımı, həmkarımı, səhnədə tərəf müqabilimi, çox qayğıkeş, mərhəmətli, sadə, gözəl bir insanı itirmişik. Kədərimi sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Acı, çox acı. Bir ara sağaldı dedilər, sevindik. Bir möcüzə gözləyirdik, olmadı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova həmkarı xalq artisti Ramiz Novruz haqda danışarkən deyib.
 
 
“Keçən il, elə bu vaxtlar E.Filipponun “Filumeno Marturano” tamaşasının məşqləri gedirdi. Bu bizim pandemiyadan əvvəl yarıda qalmış məşqlərimizin davamı idi. Artıq Ramiz müalicə olunurdu, amma məşqlərə də gəlirdi, çünki o əsl fədakar aktyor idi. Həm rolu xoşuna gəlirdi, həm də mənə deyirdi ki, “səni səhnədə tək qoymaram”. Biz bilirdik müalicə necə ağırdır, ağrılıdır, amma Ramiz o qədər güclü xarakterli, əzmkar insan idi ki... Nəhayət, 2022-ci il mayın 13-ü və 27-si E. Filipponun “Filumeno Marturano” tamaşasında çox bəyənib və sevdiyi səhnədə axırıncı rolunu-Domeniko Sorianonu oynadı. Bir müddət sonra tamaşanı AZTV tərəfindən lentə aldırmaq istədik, bu iyun ayı idi, dedi ki, qoy bir az da yaxşılaşım, tamaşanın axırında tanqo rəqsi var, onu yaxşı-yaxşı məşq edib çəkdirərik. Amma elə iyun ayında repertuarda “Xanuma” tamaşası var idi. Knyaz rolunu da çox sevərdi, gəlib oynadı, dedi qonaqlarım var. Bu acı xəbəri gecə öyrəndim. Gözləmirdim. Sonuncu tamaşamızda belə bir cümlə var : “Mən möcüzə gözləyirdim, Don Domeniko”...”, - deyə sənətkar bildirib.
 
 
Bəsti Cəfərova bildirib ki, Ramiz Novruz özündən sonra böyük aktyor məktəbi qoyub.
 
“O gəncləri çox sevərdi. Həmişə, hər bir işlərində onlara dəstək olardı. Ramiz Novruzun yaradıcılığının özü bir məktəb idi”, - deyə sənətkar bildirib.






Fikirlər