Şahlar Əsgərovdan SƏRT İRADlar – “Qəbul imtahanı birdəfəlik yığışdırılmalıdır...”

Şahlar Əsgərovdan sərt iradlar – “Qəbul imtahanı birdəfəlik yığışdırılmalıdır...”

Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilib.

 

Buraxılış imtahanları ilə bağlı çox ciddi narazılıqlar yaranıb. Azərbaycan dili və riyaziyyata aid suallar həm çox qəliz, mürəkkəb strukturda hazırlanıb, həm də yenə də bir sual səhv verilib. Bu da sosial həm şagirdlər, həm də onların müəllimləri, valideynləri tərəfindən narazılıqla qarşılanıb.

 

Mövzu ilə bağlı professor, əməkdar elm xadimi Şahlar Əsgərov Moderator.az-a açıqlamasında məsələyə maraqlı aspektdən yanaşıb. O, vəziyyətin belə hal almasında Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzini günahlandırıb:

 

 “Təhsilin bu günə düşməsində Elm və Təhsil Nazirliyi qədər Dövlət İmtahan Mərkəzi də günahkardır. Bu iki qurum çəkici bir yerə vurmaq əvəzinə, bir-birilə rəqabət aparırlar. Bu cür olmaz!

Sovet dövründə avqustun 1-də imtahan başlayar, 20-də bitər, 24-də isə artıq hamı hansı universitetə qəbul olub-olunmadığını bilərdi. 20 günə bu məsələ başlayıb bitirdi. İndi bütün il boyu imtahan götürülür. Belə sistem olar? Bütün bunların arxasında şəxsi maraq dayanır. O dövrdə şəxsi maraq yox idi”.

 

“Heç kəsə keyfiyyətsiz, saxta diplom verilməməlidir”

 

Ş.Əsgərov təhsil sistemində edilməli islahatlardan da söz açdı:

 

“Ali məktəblərə qəbul imtahanı birdəfəlik yığışdırılmalıdır. Vur-tut 90 min adam imtahana cəlb edilir. Dövlət bu gəncləri oxuda bilər. Əgər dövlətin qeyrətini çəkirlərsə,  qəbul imtahanı yığışdırılmalıdır. Aliməktəbi bitirərkən xüsusi dövlət imtahanı keçirərək, heç kəsə keyfiyyətsiz, saxta diplom verilməməlidir.

 

Bu gün universitetlər öz aktuallığını itirib. Gənclər artıq ali təhsil almaq istəmirlər. Nisbətən istedadlı, bacarıqlı, imkanı olan uşaqlar xaricdə təhsilə üz tuturlar. Yerdə qalanlar ölkədə təhsil alır,məzun olduqdan sonra ya marketdə kassada, ya da ofsiant işləyirlər. Belə halda diplom onların nəyinə lazım olacaq?”






Fikirlər