Odla oynayan Ermənistan: Paşinyan seçimini etdi - Bakı danışıqları dayandıra bilər

İrəvanın hərbçilərimizə və bayrağımıza qarşı barbar hərəkətləri, irəli sürülən saxta ittihamlar sülh gündəmini bir az da mənasız etdi; kapitulyant ölkədə revanşist ovqat güclənir; barışıq əlimiz sonsuzadək havada qalmayacaq!..

İrəvanda bayrağımıza qarşı törədilən rəzalət, ondan iki gün öncə isə əsgərimiz Hüseyn Axundova qarşı edilən vəhşilik bir şeyə şəkk-şübhə saxlamadı: N.Paşinyan və hökumətinin boş bəyanatlarına rəğmən, Ermənistan Azərbaycanla sülhə hazır deyil. Məlum oldu ki, hər iki vandallığın arxasında məhz rəsmi İrəvan dayanır. Halbuki 30 illik işğal dövründə belə, Azərbaycanda nə Ermənistan bayrağı yandırılıb, nə də biz tərəfə azıb keçən erməni hərbçilərinə işgəncə verilib.

Çünki o vaxt da, indi də Bakı səmimi şəkildə sülh arzulayırdı, İrəvanı permanent şəkildə işğala son qoymağa və sülh müqaviləsi imzalamağa çağırırdı. Hələ üstəlik, Qarabağdakı ermənilərə yüksək status vəd edirdi. Bundan əlavə, işğal dönəmində Azərbaycan dəfələrlə Bakıda keçirilən beynəlxalq yarışlarda həm Ermənistan nümayəndə heyətinin üzvlərini, həm də digər ölkələrin nümayəndə heyətləri tərkibindəki etnik erməni idmançıları qəbul edib. Hər hansı xoşagəlməz olay da yaşanmayıb.

Amma Ermənistanda xoş məramımızı düzgün dəyərləndirə bilmədilər, bunu zəifliyimiz kimi yozdular. Daim yuxarıdan getdilər, bizdən mümkün olmayanı istədilər. Xalq olaraq bizi aşağılamağa çalışdılar, milli heysiyyətimizlə oynadılar. Axırda da “Qarabağ Ermənistandır və nöqtə” deyib bağırdılar. Sonrası isə məlum.

Azərbaycanla Ermənistan arasında yeni müharibə? - Ayna.az

Nə yazıq ki, başlarına bunca gələnlərdən, “dəmir qapaz”dan sonra da eyni yolu tutublar. Hər addımda, haqq-nahaq Azərbaycana, azərbaycanlılara kin, nifrət püskürür, bayrağımıza həqarət edir, təsadüfdən azıb o tərəfə keçmiş günahsız əsgərlərimizə zülm edir, barbarlıqlarından qalmırlar.

Daha sonra məlumat yayıldı ki, hər iki hərbçimizə qarşı saxta cinayət ittihamı hazırlanır, Hüseyn Axundovu hətta qatil elan eləmək istəyirlər - ona işgəncə verən alçaqları yalandan da olsa, cəzalandırmaq əvəzinə! Məqsəd şübhəsiz, bu yolla onları Bakıdakı terrorçu-diversantların heç olmasa bir qisminə dəyişməkdir. Bunu da edən əlbəttə ki, “demokratik” Paşinyan iqtidarıdır. Yəni sifariş lap “yuxarı”dan gəlir.

Təsadüfi deyil ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ötən həftəsonu həyasızcasına bildirmişdi ki, guya Hüseyn Axundovun erməni mülki şəxsin qətlində əli olmasına dair şübhələr var. Guya tüfənglə güllələnərək öldürülən erməninin mobil telefonu Hüseynin cibindən tapılıb. Halbuki hər iki əsgərin üstündə əvvəldən heç bir silah olmayıb. Hələ başqa əks-dəlilləri demirik. Amma kimə deyirsən?

Əsirlərimiz qaytarılmayana qədər Laçın-Şuşa yolu bağlanılmalıdır" - Hərbi ekspertdən AÇIQLAMA - VİDEO

Erməni mediasının yazdığına görə, srağagün təzə ombudsman Anait Manasyan əsir əsgərlərimizə baş çəkib. Ardınca sırtıqcasına iddia edilib ki, guya onlar saxlanma şəraitindən şikayətçi deyillər və “lazım olan hər şeylə - qida, su, şəxsi gigiyena əşyaları ilə”, hətta tibbi xidmətlə, habelə pulsuz “vəkil” və tərcüməçi ilə təmin ediliblər. “Azərbaycanlı hərbi qulluqçular onlara qarşı irəli sürülən ittihamlarla tanış olublar” - bu da yayılan məlumatda yer alır.  

Hansı ittiham? Azərbaycan əsgərləri azıb Ermənistana keçməkdən savayı hansı günahın yiyəsidirlər, görəsən? Sual, əlbəttə, ritorikdir.

Yazı hazırlanarkən bəlli oldu ki, hərbçilərimizə qarşı artıq saxta ittihamlar irəli sürülüb. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş istintaq idarəsində başlanmış cinayət işinə rəhbərlik edən müstəntiqin vəsatəti prokuror tərəfindən qəbul edilib. Sənəddə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Aqşin Qabil oğlu Bəbirovun barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edildiyi göstərilir. Aktda onun qabaqcadan bir qrup şəxslə əlbir olaraq odlu silahla Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyi göstərilib. Buna görə Aqşin Bəbirova ER Cinayət Məcəlləsinin 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 340-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi üzrə ittiham oxunub. İrəvan şəhər ümumi yurisdiksiyalı cinayət məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

WhatsApp Image 2023-04-14 at 20.31.08.jpeg (229 KB)

Prokuror həmçinin Hüseyn Əhliman oğlu Axundovun dövlət sərhədini qanunsuz keçməsinə görə barəsində cinayət işi başlanılması barədə digər vəsatəti də təmin edib. Hüseyn Axundov bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılmaqla Ermənistan sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı gömrük nəzarətindən gizlətməkdə, habelə odlu silahın qanunsuz saxlanılması və daşınması ilə bağlı ictimai təhlükəli əməllər törətməkdə təqsirləndilir. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 340-cı maddəsinin  2-ci hissəsi və 335-ci maddəsinin 2-ci hissəsi ilə ittiham oxunub. İrəvan şəhər ümumi yurisdiksiyalı cinayət məhkəməsinin qərarı ilə Hüseyn Axundov barəsində də həbs-qətimkan tədbiri seçilib.

Beləcə, Ermənistan daha bir abırsızlığa imza atmaqla həm özünü gülünc vəziyyətə salıb, həm də pis presedent yaradıb - ilk növbədə də özü üçün. Çünki heç kim əminliklə deyə bilməz ki, sabah hansısa erməni əsgəri azıb Azərbaycan tərəfə keçməyəcək. Görünən budur ki, kapitulyant ölkədə hakimiyyətlə yanaşı, cəmiyyət də sülhə hazır deyil. İstər əsgərlərimizə işgəncə verilməsi, istərsə də bayrağımıza qarşı həqarətin xırda istisnalarla, toplumda böyük coşqu və təqdir edilməsi, ardınca da onlara rəsmən ittiham irıli sürülməsi bundan xəbər verir. Paralel surətdə erməni cəmiyyətində son vaxtlar anti-Türk əhvalı, radikal revanşist ovqat xeyli güclənib.

Yeri gəlmişkən, neçə gündür böyük həvəslə erməni telekanalları şərti sərhəd bölgəsində keşik çəkən Azərbaycan əsgərlərinin erməni nişangahında olduğunu əks etdirən videolar paylaşır. Bu, sözsüz ki, düşmənin hər an eskalasiyaya gətirib çıxara biləcək növbəti təxribatıdır.

Bütün bunlar Azərbaycanı sülh gündəliyinə ciddi düzəliş eləmək zorunda qoyur. Başqa sözlə, Bakı barışıq əlini sonsuzadək havada asılı saxlamayacaq. Bir gün onu geri çəkəcək - kapitulyant ölkə üçün bütün ağır nəticələri ilə birgə...

Siyasət şöbəsi,
“Yeni Müsavat”






Fikirlər