İRƏVAN ƏSİR ƏSGƏRLƏRİMİZLƏ BAĞLI QƏRAR VERDİ - Bu maddələrlə cinayət işi açılıb
Aprel ayının 11-də dumanlı hava şəraitində səhvən Ermənistan ərazisinə keçən və orada yaxalanan Azərbaycan hərbçilərinə qarşı rəsmi ittiham irəli sürülüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində başlanmış cinayət işinə rəhbərlik edən müstəntiqin vəsatəti prokuror tərəfindən qəbul edilib. Sənəddə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Aqşin Qabil oğlu Bəbirovun barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edildiyi göstərilir. Aktda onun qabaqcadan bir qrup şəxslə əlbir olaraq odlu silahla Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyi göstərilib. Buna görə, Aqşin Bəbirova ER Cinayət Məcəlləsinin 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 340-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi üzrə ittiham oxunub. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, elə həmin gün Aqşin Bəbirova ittiham elan edilib. İrəvan şəhər ümumi yurisdiksiyalı cinayət məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Prokuror Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Əhliman oğlu Axundovun dövlət sərhədini qanunsuz keçməsinə görə barəsində cinayət işi başlanılması barədə digər vəsatəti də təmin edib. Hüseyn Axundov bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılmaqla Ermənistan sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatını gömrük nəzarətindən gizlətməkdə, habelə odlu silahın qanunsuz saxlanılması və daşınması ilə bağlı ictimai təhlükəli əməllər törətməkdə təqsirləndirilir. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 340-cı maddəsinin 2-ci hissəsi və 335-ci maddənin 2-ci hissəsi ilə ittiham oxunub. İrəvan şəhər ümumi yurisdiksiyalı Cinayət Məhkəməsinin qərarı ilə Hüseyn Axundov barəsində həbs qətimkan tədbiri seçilib.