RUSİYA ÜÇÜN TARİXİNİN ƏN TƏHLÜKƏLİ DÖVRÜ BAŞLAYIR - Putinin ideyasının üzərindən birdəfəlik xətt çəkilir

ABŞ Rusiyanın Avropadakı qonşusuna çevrilir

Ukrayna-ABŞ sazişi Moskvanın gələcəyini sual altına alır

Ukryana və ABŞ arasında faydalı qazıntılarla bağlı çoxdan gözlənilən və müxtəlif qalmaqallara səbəb olmuş sazış nəhayət ki, imzalandı. Bundan sonra ABŞ-nin hansı siyasət yürüdəcəyi və perspektivdə hansı şərtlərlə sülhə nail olunacağı maraq doğurur.

Mühüm bir məsələyə xüsusi diqqət etmək lazımdır: Bu sazişin reallaşması təqdirində ABŞ geostrateji cəhətdən Avropa və Rusiyanın düz ortasına yerləşəcək. ABŞ 300 ildir ki, bir-biriylə geostrateji mübarizə aparan Avropa ilə Rusiya arasında böyük bir ayırıcı əraziyə malik zolağın sahibinə çevrilə bilər. ABŞ və Ukrayna arasında bağlanmış bu sazişdən sonra Rusiyanın təcavüzkar siyasətinə qarşı Vaşinqtonun tərtib etdiyi plan yavaş-yavaş üzə çıxacaq.

Bəs bu saziş istər iqtisadi, istər suverenlik baxımından və ən başlıcası isə hərbi cəhətdən Ukraynaya nə verə bilər? Ukraynanı gəlcəkdə nələr gözləyir?

 

 

Hələlik bu sövdələşmənin iqtisadi-maliyyə tərəfləri daha çox qabardılır ki, bu da təbiidir, çünki Ukraynanın güclü dövlətə dönüşməsi üçün güclü və dinamik iqtisadi potensiala yiyələnməsi vacib şərtdir. Əlbəttə, təhlükəsizlik məsələsinə kompleks yanaşma lazımdır, Ukrayna hal-hazırda məkrli, işğalçı qonşusu ilə həyatda qalma mübarizəsi aparır və Kiyev rəhbərliyinin atdığı hər bir addım ölkənin gələcək taleyinə ciddi təsir göstərəcək.

Bu sazişə əsasən “ABŞ-Ukrayna Bərpa İnvestisya Fondu” yaradılmalıdır. ABŞ Maliyyə naziri Skott Bessent deyib ki, yaradılması nəzərdə tutulan fond “iki ölkənin birgə işləməsinə, sərmayə qoymağa, qarşılıqlı resursların, bacarıqların və imkanların Ukraynanın iqtisadi bərpasının sürətləndirməsinə şərait yaratmağa imkan verəcək. Bu saziş Rusiyaya açıq şəkildə siqnal verir ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir".

Bu sazişin Ukraynanın yeraltı sərvətləri ilə yanaşı onun digər sənaye sahələrini də əhatə etməsi sanki Ukrayna üçün “Marşal Planı”dır. Sazişdə Ukraynanın mülkiyyət hüququ tanınır və o, Ali Radada ratifikasiya olunmalıdı. Həmin vaxtadək saziş üzərində bəzi dəyişiklərin edilməsi mümkündür. İnvestisya fondundakı pay bölgüsü bərabər olacaq. Ukraynanın Rusiya qarşısında təhlüksizliyinə gəldikdə isə ABŞ şirkətlərinin Ukrayna ərazisində olması bu məsələdə əsas təminat sayıla bilər. Bir çox analitiklərin fikrincə, ABŞ öz iqtisadi marağını təmin etsə də, Ukrayna ilə təhlükəsizlik barədə müqavilə imzalamayıb və ona görə də Rusiyanın işğal planı heç yana getməyib.

 

 

 

Sözsüz ki, bu narahatlıqlar diqqətə alınmalıdır. Lakin onu da unutmayaq ki, 1994-cü ildə bağlanmış Budapeşt memerandumuna görə, ABŞ və Böyük Britaniya Ukraynaya təhlükəsizlik təminatı vermişdilər, ancaq kritik vəziyyətdə ona əməl edən tapılmadı. Ukrayna üçün ən yaxşı təhlükəsizlik ssenarisi hər hansı “kağız parçası” yox, real təhlükəsizlik təminatıdır. Həm də unutmayaq ki, Ukraynanın ən böyük dayağı onun ABŞ və Avropanın köməyi ilə möhkəmləndirəcəyi və öz daxili silah istehsalına güvənə biləcəyi möhtəşəm ordusu ola bilər.

Mineral sazişi Ukraynanın gələcək perspektivdə ABŞ-nin protektoratlığına keçəcəyi anlamınamı gəlir?

Bu günün şərtləri ilə gələcəyin tam dolğun təsvirini vermək çətindir. Amma proseslərin gedişi onu göstərir ki, əgər Ukrayna ABŞ-nin cəlb edəcəyi böyük sərmayələr sayəsində öz iqtisadiyyatını yüksəldərsə, onda şübhəsiz ki, Amerikanın bu ölkəyə təsir imkanı ən üst həddə gəlib çatacaq. Sözsüz ki, müharibədən sonrakı dövrdə Ukraynanın bərpası üzərində ABŞ-nin böyük inhisarı olacaq.

ABŞ-nin Çini Ukraynaya buraxmayacağı aydındır. Məsələn, Bessent deyib ki, Rusiya hərb maşınına yardım göstərmiş heç bir ölkə buraya buraxılmayacaq.

Məlumdur ki, Rusiya hələ Trampın sülh təklifinə razılıq bildirməyib. ABŞ isə Putinin bu saymazlığının cazasını verməyə hazırlaşır. Ancaq digər yandan belə görünür ki, yaxın dövr üçün ABŞ Rusiyanın Ukraynada qamarladığı yerlərdən çıxarılmasında maraqlı deyil.

 

 

 

ABŞ və Ukrayna arasında bağlanmış sazişin ən vacib özəlliyi Vladimir Putinin Rusiyanın yenidən imperiyaya çevrilməsi planına zərbə vurmasıdır. ABŞ-nin Ukraynaya yerləşməsi Putinin xəyalında qurduğu ideyasının üzərindən birdəfəlik xətt çəkəcək. Rusiya prezidenti hələ bir neçə il bundan öncə Rusiyanın sərhədlərinin olmamasını söyləmişdi. Putin SSRİ-nin dağılmasından məyusluğunu heç vaxt gizlətməyib, düşünüb ki, fürsət yaranan kimi “itirilmiş əraziləri” geri qaytarmaq lazımdır. Rusiya elitası nə qədər korrupsiya girdabına batsa da ağlında həmişə “Böyük Rusiya” ideyası sayrışıb. Onların fikrincə Ukraynasız bu ideyanı həyata keçirmək mümkünsüzdür.

 

 

 

Kreml artıq dördüncü ildir ki, Ukraynaya qarşı avantürasını davam etdirir və hələ üstəlik, Şimali Koreya əsgərlərini də gətirib töküb cəbhəyə. Rusiya cəmiyyətinin deqradasiyaya uğraması bəllidir, amma məsələ ondadır ki, bu cəmiyyətin başı sayılan ölkə elitası da rasional düşüncədən məhrumdur. Rusiya rəhbərliyi ümid bəsələyirdi ki, Ukraynanı uzun və üzücü müharibədə yorub, taqətdən salacaq və nəticədə Ukrayna ordusu döyüş qabiliyyətini itirəcək ,cəbhə çökəcək, onlar isə zəfər yürüşüylə Zaporojyeni, Nikolayevi, Dnepri və hətta Odessanı tutacaqdılar. Bundan əlavə, Vladimir Putin Avropanın “onurğasız” siyasətçilərindən səs çıxmayacağına və hiyləğər manevrlərlə ABŞ və Avropa arasında fikir ayrılığı yaratmağa müvəffəq olacağına əmindi. Amma indi işlər dəyişir və deyəsən, Avropa dövlətləri yavaş-yavaş yuxudan ayılmağa başlayırlar.

Rusiyanın Ukraynanı denasifkasiya və demilitarizasiya etmək üçün başlatdığı Xüsusi Hərbi Əməliyyatından bəri Ukrayna ordusu xeyli güclənib.

 

 

Rusiya üçün bəlkə də tarixinin ən təhlükəli dövrü başlayacaq, çünki artıq ABŞ dolayı yolla da olsa, onun Avropada qonşusuna çevrilmək üzrədir. Bundan sonra Rusiya artıq iki nəhəng arasında sıxışıb qalacaq, Qərb tərəfdən ABŞ, şərqdə isə Çin onun böyrünə dirənəcək. Rusiya üçün ən müdhişi bir gün bu iki gücün aralarındakı ziddiyyəti bir kənara qoyub, konsensusa gəlmələridir. Bunun baç tutması tamamilə labüddür. Bu isə Rusiyanın sonunu gətirəcək ssenarinin gerçəkləşməsi anlamına gəlir.

Vaqif Nəsibov

“AzPolitika.info”






Fikirlər