Ukrayna ilə bağlı iki riyakar plan: Qərb yarısını, Rusiya isə hamısını...
Qərb öz strateji maraqları çərçivəsində Ukraynadan "hərbi alət" kimi istifadə etdi, Rusiya ilə savaşa sürüklədi, indi isə bu ölkənin gələcək taleyini güzəştə getməyə hazırdır... Yeni plana görə, Ukrayna savaşının maliyyələşdirilməsi dayandırılacaq, formal dövlətə çevriləcək bu ölkə Avropa Birliyi və Rusiya arasında sadəcə, təhlükəsizlik zolağı kimi mövcud olacaq... Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ukrayna savaşı sayəsində müəyyən strateji hədəflərinə çatmış oldu. Hər halda, Rusiyanın maliyyə-iqtisadi və hərbi-siyasi potensialına sarsıdıcı zərbələr vuruldu. NATO baş katibi Yens Stoltenberq bu reallığı Ukrayna üçün təhqiramiz məzmun daşıyan açıqlama ilə izah etmişdi. O, bildirmişdi ki, "Qərbin Ukraynaya dəstəyi humanitar yardım deyil, xüsusi sevgidən qaynaqlanmır. Biz ABŞ və ya NATO əsgərlərindən istifadə etmədən Rusiyanın hərbi potensialını zəiflədə bildik. Ukraynaya hərbi dəstək bizim gələcək təhlükəsizliyimizə yatırılan investisiyadır". Ancaq ABŞ və Qərbin Ukrayna savaşını ssenariləşdirərkən qarşıya qoyduğu bütün hədəflərə çatdığını iddia etmək qətiyyən mümkün deyil. Belə ki, Rusiya Qərbin çoxsaylı və ağır iqtisadi sanksiyalarına baxmayaraq, dağılmadı, supergüc statusunu qoruya bildi. Üstəlik, Rusiya öz iqtisadi sistemini yenidən qurmağı bacardı, sanksiyalardan yayınmağın uyğun variantlarını tapa bildi, hərbi sənaye istehsal gücünü bərpa etməyə nail oldu. Və bununla da, Rusiyanın Ukrayna savaşından daha güclü çıxaraq, beynəlxalq məkanda geopolitik iradəsini diqtə etmək şansı artdı. Bunun qarşılığında ABŞ və digər NATO ölkələrinin silah-sursat rezervləri tükəndi. Ukraynaya hərbi dəstək üçün maliyyə qaynaqları azaldı. ABŞ və Qərb Ukrayna savaşının maliyyələşdirilməsində müəyyən problemlər ilə üzləşməyə başladı. İndi bəzi Qərb ölkələri Ukrayna savaşını özləri üçün artıq maliyyə-iqtisadi yük hesab edirlər. Və bu yükdən xilas olmağın mümkün yollarını axtarırlar. Halbuki, bu, indi o qədər də asan məsələ deyil. Xüsusilə də, Rusiyanın savaş meydanında qazandığı hərbi-strateji üstünlüyün yaxın gələcəkdə Avropa məkanında Kremlin geopolitik hegemonluq imkanlarına çatdıra biləcəyi Qərbdə ciddi təlaş yaratmaqdadır. Və Qərb siyasi dairələri Ukrayna savaşı ilə bağlı gələcək strateji prioritetlərini də məhz bu təlaşın təsiri altında müəyyən etməyə çalışırlar. Məsələ ondadır ki, Qərb siyasi dairələrində ortaq qənaət Ukraynanın tezliklə Rusiya qarşısında taleyüklü məğlubiyyətə uğrayacağı ilə bağlıdır. Ona görə də, iki əsas sual ətrafında müzakirələr xüsusilə intensivlik qazanıb. Birinci sual ondan ibarətdir ki, məğlubiyyəti qaçılmaz olan Ukrayna ordusunun silah-sursat təchizatına onmilyardlarla dollar xərcləməyə ehtiyac varmı? Yəni, Qərbdə indi Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsini boşuna çəkilmiş xərc kimi qəbul etməyə başlayıblar. İkinci suala gəldikdə isə burada da Ukrayna üçün qəliz situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil. Belə ki, Qərbdə Ukraynanın dövlət kimi mövcud olmasında birbaşa maraqlıdırlar. Ancaq bu maraqların Ukraynanın xilas edilməsi ilə bağlı öhdəliklərlə heç bir əlaqəsi yoxdur. Çünki Qərbdə hesab edirlər ki, Ukrayna mövcud olmalıdır və Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarına xidmət göstərməkdə davam etməlidir. Yəni, Qərb Rusiya ilə Avropa Birliyi arasında birbaşa sərhədlərin olmasını qətiyyən istəmir, Ukraynanın tampon bölgə kimi təhlükəsizlik zolağına çevrilməsinə üstünlük verir. Və bu, Ukrayna dövlətçiliyi üçün olduqca təhlükəli yanaşmadır. Hər halda, ABŞ və Qərb məğlubiyyətini qaçılmaz hesab etdiyi Ukraynanı Rusiya qarşısında qorumaq barədə artıq düşünmür. Əksinə, Ukraynanın sadəcə, qərb ərazilərini yeni sərhədlər çərçivəsində dövlət olaraq, saxlamağın yollarını axtarır. Çünki yalnız bu halda, Avropa məkanı ilə Rusiya arasında sərhəd təmasından yayınmaq mümkün ola bilər. İndi Qərbin qarşısında Ukrayna və Rusiyanı bu varianta razılaşdırmaq üçün müəyyən manevrlər edilməkdədir. Təbii ki, rəsmi Kiyev başlanğıcda Qərbin Ukraynanın parçalanması sayəsində öz təhlükəsizliyini təmin etmək niyyətinə müqavimət göstərə bilər. Ancaq ABŞ və Qərbin rəsmi Kiyevin müqavimətini qısa müddət ərzində qıra biləcəyi qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi Kiyev Qərbin Ukraynadan tamamilə imtina edəcəyi təqdirdə, belə bir dövlətin dünya xəritəsində qalmayacağını da anlayır. Və bu səbəbdən də, Ukraynanın bir hissəsinin qurban verilib, digər hissəsində dövlətçiliyin qorunmasına razılıq vermək məcburiyyətində qala bilər. Ancaq Kremlin Qərbin yeni planlarına dərhal müsbət reaksiya verəcəyini düşünmək sadəlövhlük olardı. Belə ki, Qərb Kremli bu varianta razılaşdırmaq baxımından həddindən artıq gecikib. Əgər, Rusiyanın savaş meydanında mövqelərini itirməkdə olduğu mərhələdə analoji təklif alsaydı, Kreml Krım və Donbasın Rusiya ərazisi kimi tanınması şərtilə dərhal onunla razılaşardı. Və indi savaş meydanında vəziyyətin Rusiyanın xeyrinə ciddi şəkildə dəyişməsi bu prosesi qəlizləşdirir. Məsələ ondadır ki, Kreml Rusiya ordusunun Ukraynanı tamamilə işğal edə biləcəyinə artıq yenidən inanmağa başlayıb. Üstəlik, Kreml indi Rusiyanın şərtləri qəbul deyil, diqtə edən tərəf olduğunu da anlayır. Ona görə də, Rusiyanın yalnız Krım və Donbassla kifayətlənəcəyi qətiyyən inandırıcı görünmür. Bu baxımdan Kremlin Ukraynanın hətta tamamına da olmasa, daha böyük bir hissəsinə iddia edə biləcəyi istisna deyil. Eyni zamanda, Kreml Ukraynada Qərbə bağlı hakimiyyətin Rusiyaya loyal siyasi qüvvələrlə əvəzlənməsində israr edəcəyini ehtimal etmək olar. Və bu isə əslində, Ukraynanın Rusiya tərəfindən tam nəzarətə götürülməsi anlamı daşıyacaq. Əslində, Kreml Qərbdən sülh danışıqları ilə bağlı verilən mesajlara reaksiyasında bu önəmli məqama eyham vurur. Rusiyanın sülh danışıqlarının kiminlə aparılacağını anlamadığı vurğulanır. Yəni, Ukraynada növbəti prezident seçkiləri savaş ucbatından keçirilmədiyi üçün Kreml Zelenski hakimiyyətinin legitimliyini şübhə altına alır. Və bu, o deməkdir ki, əgər, sülh danışıqları başlasa belə, Rusiyanın Qərb qarşısında şərtlərinin ağır olacağı qətiyyən şübhə doğurmur. Göründüyü kimi, ABŞ və Qərb Avropa məkanının təhlükəsizliyi naminə Ukraynanı qurban verməyə artıq hazırdır. Qərb öz strateji maraqları üçün Ukraynadan 'hərbi alət" kimi istifadə etdi, Rusiya ilə savaşa sürüklədi, indi isə bu ölkənin gələcək taleyini güzəştə getmək barədə düşünür. Və bütün bunlar Qərbin riyakarlığını növbəti dəfə təsdiqləmiş olur.(musavat.com)
ABŞ və Qərb Ukrayna savaşının gələcək taleyi barədə müəyyən tərəddüdlər içərisində qalıb. Qərbdə Ukraynanın Rusiya üzərində qalibiyyət şanslarına artıq əmin deyillər. Ona görə də, indi Ukrayna savaşının gələcək inkişaf istiqamətləri barədə müzakirələr başlayıb. Və bu, məzmun etibarilə ilə Ukrayna dövlətçiliyinin əleyhinə yönəlmiş kimi görünür.