Qərb kəşfiyyatı dağıdıcı savaş mesajı verdi: ABŞ lidersiz qalacaq, Rusiya isə dərhal Avropanı vuracaq
Ukrayna savaşı son vaxtlar ABŞ və Qərblə Rusiya arasında həlledici qarşılaşma poliqonuna çevrilməyə başlayıb. İndi Qərbdə bir çoxları hesab edirlər ki, dünyanın gələcək taleyi böyük ölçüdə məhz Ukrayna savaşının yekun nəticələrindən asılı ola bilər. Və hətta bu savaşın yekun nəticələrinin müəyyən mənada, yeni dünya düzəninin formalaşma prosesinə təsir göstə biləcəyi də qətiyyən istisna edilmir. Əslində, Kremldən verilən mesajlar da hazırda Rusiyanın beynəlxalq məkana yenidən daha güclü şəkildə geri dönmək planlarını sezdirir. Hər halda, Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında artıq yalnız Ukrayna deyil, həm də ABŞ və Qərb də açıq mətnlə hədəfə alınır, təhdid olunur. Əsas məqsəd isə Ukrayna ilə yanaşı, Qərbə qarşı da siyasi-psixoloji təzyiqləri gücləndirməkdir. İndi Kremldə tam dəqiqliyi ilə anlayırlar ki, Qərb Ukrayna savaşından yorulub. Üstəlik, Ukraynaya dəstək verən Qərb ölkələrinin maliyyə iqtisadi və hərbi resursları da tükənməyə başlayıb. Eyni zamanda, bu il ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsinin planlaşdırılması da Rusiya üçün daha əlverişli situasiya yaradır. Hər halda, Bayden administrasiyası seçki maraqları ucbatından hazırda Ukraynaya əvvəlki kimi hərbi dəstək verməyə həvəs göstərmir.
Ona görə də, Kreml sahibi ABŞ və Qərbə siyasi-psixiloji təzyiqləri gücləndirməklə, Ukrayna savaşının bu il sona çatdırılmasına cəhd göstərir. Çünki hazırda mövcud situasiya Ukrayna savaşının Rusiyanın maraqları çərçivəsində yekunlaşdırılması üçün müəyyən imkanlar açır. Yəni, Kreml Rusiyanın işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqla, Ukraynanın isə NATO-ya üzv olmayacağına dair tam təminat almaqla, rəsmi Kiyevlə sülh sazişi imzalamağa hazır olduğunu sezdirir. Ancaq onu da qeyd etmək lazımdır ki, Zelenski hakimiyyəti Kremlin şərtləri çərçivəsində sülh sazişinin imzalanmasına qətiyyən həvəsli deyil. Rəsmi Kiyev hesab edir ki, Rusiya qoşunları Ukraynanın bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Və yalnız bundan sonra Rusiya ilə beynəlxalq qarantorların iştirakı ilə danışıqlar apararaq, sülh sazişi imzalamaq mümkün ola bilər. Təbii ki, rəsmi Kiyev ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin son vaxtlar zəifləməsindən ciddi şəkildə narahatdır. Ona görə də, Ukraynanın yüksək rütbəli rəsmiləri də Qərbə təzyiq məqsədli açıqlamalar verməyə başlayıblar. Həmin açıqlamalarda əsas tezislər ondan ibarətdir ki, ABŞ və Qərb Ukraynaya hərbi dəstəyi yenidən gücləndirməlidir. Əks halda, Rusiya bu savaşda qalib gələ bilər. Rusiyanın qalib gələcəyi təqdirdə isə Ukraynadan sonra Kremlin hərbi hədəfi məhz birbaşa Avropa ölkələri olacaq.
Əslində, bu, tamamilə reallığa uyğun yanaşma təsiri bağışlayır. Çünki Prezident Vladimir Putinin də Rusiyanın düşmənlərinin məhz Qərbdə olduğunu deməsi Kremlin gələcək planları ilə bağlı müəyyən təsəvvürlər yaradır. Yəni, Kreml sahibi vurğulayıb ki, Qərbdə Rusiyanın mövcudluğunu istəməyən dövlətlər var. Əgər, Kreml belə bir qənaətə gəlibsə, deməli, Rusiya Ukrayna savaşından sonra dərhal vaxt itirmədən yeni müharibə hazırlıqlarına da başlaya bilər. Bu halda isə Rusiyanın mövcudluğuna təhlükə hesab olunan Qərb ölkələrinə hücum ediləcəyi, həmin dövlətlər ilə haqq-hesab çəkilməsinə cəhd göstəriləcəyi ilə bağlı ehtimallar daha inandırıcı görüntülər alacaq. Bu baxımdan, Ukrayna savaşı dövründə Qərb ölkələrinin məlum davranışları yəqin ki, Kreml tərəfindən unudulmayacaq. Bütün bunları nəzərə aldıqda, Qərb ölkələri mütləq Ukraynaya hərbi dəstəyi gücləndirmək məcburiyyətindədir. Yəni, hazırda ABŞ və Qərbin qarşısında cəmisi iki variant qalmış kimi görünür. Belə ki, Qərb ölkələri ya Ukraynanın Rusiya qarşısında məğlub olmamasını təmin etməlidirlər. Ya da Rusiya ilə gələcək dəhşətli savaşa elə indidən hazırlaşmağa başlamalıdırlar. Çünki Rusiya Ukrayna savaşından sonra Avropa ölkələrini mütləq özündən asılı vəziyyətə salmağa çalışacaq.
Onu da qeyd etmək lazımdır ki, Qərbdə Rusiyanın Avropa ölkələrinə qarşı hərbi aqressiya ehtimalına tamamilə ciddi yanaşırlar. Belə ki, dünyaca ünlü "Bild" nəşri bir müddət öncə gizli qalmağa üstünlük verən hərbi kəşfiyyat qaynağına istinadən iddia edib ki, Rusiya özü üçün ən əlverişli zamanda Avropa ölkələrinə hücum etmək planları hazırlayır. Həmin planların məhz ABŞ-ın ludersiz qalacağı zaman intervalında reallaşdırıla biləcəyi ehtimal olunur. Əsas məqsəd isə ondan ibarətdir ki, hazırlıqsız olan ABŞ-ın Avropa ölkələrinə dərhal yardım göstərməsi mümkün olmasın. Maraqlıdır ki, ehtimal olunan zaman intervalı ABŞ-da məğlub prezidentin öz səlahiyyətlərini yeni dövlət başçısına təhvil verəcəyi dövrə təsadüf edir. Həmin dövr isə 2024-cü ilin noyabrından 2025-ci ilin yanvar ayına qədər olan mərhələni əhatə edir. Bu barədə danışan Qərb kəşfiyyat təmsilçisi Kremldə Rusiyanın dostu Donald Trampın yenidən Ağ Evə sahiblənmə ehtimalına böyük ümidlər bəslədiyini də vurğulayıb. Onun dediyinə görə, Kremldən əldə olunan məlumatlar, ABŞ-da Donald Trampın prezident seçiləcəyi təqdirdə, Rusiya siyasi dairələrinin öz xarici hədəflərinə daha asan çata biləcəklərinə inandıqlarını təsdiqləyir. Göründüyü kimi, Avropanı dağıdıcı savaş təhlükəsi gözləyir. Üstəlik, həmin təhlükə o qədər də uzaqda deyil, əksinə, böyük sürətlə yaxınlaşır. Almaniya başda olmaqla, bəzi Qərb ölkələri artıq öz hərbi büdcələrini ciddi şəkildə artırıblar və Rusiya ilə qaçılmaz hesab etdikləri müharibəyə hazırlaşırlar. Halbuki, Qərbdə onu da vurğulayırlar ki, Rusiya ilə savaşa tam hazır olmaq üçün ən azı 5-7 illik bir müddətə də ehtiyac var. Qərb kəşfiyyatının məlumatlarına görə isə Kreml Avropa ölkələrinə belə üzun müddət hazırlaşmaq üçün zaman tanımaq niyyətində deyil. Elçin XALİDBƏYLİ,Avropanı dağıdıcı savaş gözləyir, üstəlik, həmin təhlükə o qədər də uzaqda deyil, əksinə, böyük sürətlə yaxınlaşır, "qoca qitə" ölkələri isə artıq öz hərbi büdcələrini artiraraq, Rusiya ilə qaçılmaz müharibəyə hazırlaşırlar... Halbuki, Rusiya ilə savaşa tam hazırlıq üçün ən azı 5-7 illik bir zamana da ehtiyac var, Qərb kəşfiyyatı isə Kremlin Avropa ölkələrinə belə üzun müddət vermək niyyətində olmadığı barədə xəbərdarlıq edir...
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu