"Batka" nüvə savaşı ilə bağlı gizli planı bilir: Kreml Avropanı məhv edəcək qorxunc qərarı verib

Rusiya"Batka"nın dili ilə ABŞ və Qərbə "şərtsiz sülh" şərti ilə sürür, Kreml qarşı tərəfdən Krım yarımadası və Donbas mövzusunun gündəmə gətirilməyəcəyi bir danışıqlar prosesi tələb edir... Rusiyanın kapitulyasiya məcburiyyətində buraxılacağı təqdirdəsə, məğlubiyyət barədə ümumiyyətlə, düşünmək belə, istəməyən Kreml yeganə xilas variantı kimi, nüvə savaşına başlamaq niyyətindədir...

Ukrayna savaşı artıq həlledici mərhələyə keçmək üzrədir. Bu mərhələnin yekun nəticələri yeni dünya düzənini ilə bağlı ilkin təsəvvürlərə imkan yarada bilər. Çünki Rusiyanın hərbi məğlubiyyəti reallaşarsa, Kremlin dünyadan tam təcrid olunmuş vəziyyətə salınacağı qətiyyən şübhə doğurmur. Və bu halda, indiki Rusiya dövlətinin də mövcudluğu real təhlükə altında olacağını ehtimal etmək olar.

Ona görə də, ABŞ və Qərb üçün Ukrayna savaşının növbəti, hətta müəyyən mənada, sonuncu mərhələsi böyük əhəmiyyət daşıyır. Hazırda Ukrayna ordusunun ən müasir hərbi texnika ilə təchiz olunması prosesi davam etdirilir. Bu proses nə qədər ləng inkişaf etsə də, istənilən halda, Rusiya üçün hərbi-siyasi kataklizmlər vəd edir.

Çünki Rusiya ordusu indiki mərhələdə silah-sursat və hər texnika təchizatı sahəsində ciddi problemlər ilə üzləşib. Rusiyanın hərbi zavodları istehsalı dayandırmaq üzrədir. Yeni və müasir hərbi texnikanın istehsalı üçün vacib olan, xarici ölkələrdən idxal edilən bir çox materiallar tükənib.

Belə vəziyyətdə Kremlin ötən əsrin 50-ci illərinə aid artıq çoxdan köhnəlmiş hərbi texnikanı anbarlardan çıxarıb, Rusiya ordusuna göndərməkdən başqa çarəsi qalmayıb. Hər halda, Kreml Çin, Şimali Koreya və İrandan Rusiya ordusunun ehtiyaclarını ödəyə biləcək həcmdə silah-sursat və hərbi texnika almağa nail olmayıb. Yəni, Rusiyanın Ukrayna savaşında qalib gəlmək üçün yetərli hərbi resursları demək olar ki, yoxdur.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Belə vəziyyətdə Ukrayna savaşının həlledici mərhələsində Rusiya ordusu ən yaxşı halda, müdafiə taktikasına uyğunlaşmaq məcburiyyətində qalmış kimi görünür. Halbuki ABŞ və Qərbin Ukrayna ordusuna göndərdiyi ən müasir hərbi texnika qarşısında Rusiyanın müdafiə taktikası ilə uzun müddət duruş gətirə biləcəyi də şübhə doğurur. Və bu baxımdan, Rusiyanın gələcək taleyinin böyük risk altında olduğunu da düşünmək olar.

Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılması istiqamətində müəyyən cəhdlər edən Almaniya kansleri Olaf Şolts rəsmi Kiyevə hərbi dəstəyi davam etdirəcəklərini də bildirib. Almaniya kansleri eyni zamanda Avropa Birliyini savaşın hələ uzun müddət davam etməsinə hazır olmağa da çağırıb. Onun fikrincə, Ukrayna savaşı 2027-ci ilə qədər davam edə bilər.

Göründüyü kimi, Qərb siyasi dairələrində Rusiyanın bundan sonra ən uzağı iki il bu müharibəyə tab gətirə biləcəyini düşünürlər. Rusiyanın hərbi-siyasi dairələrində isə daha pessimist ehtimallar dolaşır. Bəzi məlumatlara görə, rus hərbi generaliteti savaşın dərhal dayandırılmayacağı təqdirdə, Rusiyanın Krım yarımadasını və Donbas bölgəsini də itirilə biləcəyindən narahatdır. Və bu halda, savaşın birbaşa Rusiya ərazisinə sıçrama ehtimalını da nəzərə alırlar.

Bütün bunları nəzərə aldıqda, Ukrayna ordusunun əks hücum əməliyyatlarına başlaması savaşın taleyini həll edə biləcək əsas hərbi faktor hesab oluna bilər. Bəzi ehtimallara görə, Ukrayna ordusu iyun ayının sonlarına qədər əks hücum əməliyyatlarına tam hazır olacaq. Ukrayna prezidenti Volodimir Zelenski də bu barədə danışarkən, əks hücum əməliyyatları sayəsində ölkənin bütün ərazisilərindən Rusiyanın izlərini tamamilə siləcəklərini bildirib.

Təbii ki, Rusiya ordusunun düşdüyü vəziyyətin çıxılmaz olduğunu Kremldə də anlayırlar. Ona görə də, Kreml nəyin bahasına olursa-olsun, savaşın dayandırılması istiqamətində müəyyən cəhdlər göstərməyə çalışır. Rusiyanın hazırda iki əsas hədəfi üzrə hərəkət etdiyi müşahidə olunur. Kreml birinci hədəf kimi, Ukrayna savaşının sülh sazişi ilə dayandırılması barədə düşünür. Əgər, bu, mümkün olmasa, onda müvəqqəti də olsa, atəşkəsin elan edilməsi, sülh sazişi ətrafında uzunmüddətli müzakirələrin aparılması da indiki situasiyada Rusiyaya sərfəli görünür.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Ancaq Kreml üçün önəmli olan əsas məsələ ondan ibarətdir ki, ABŞ və Qərb sülh sazişində, bu baş tutmazsa, savaşın dondurulması şəraitində indiki cəbhə xətti ilə bağlı şərtləri qəbul etmiş olsun. Əks halda, yəni Rusiya ordusunun ölkə sərhədləri içərisinə çəkilməsi məcburiyyətində Kreml daxili etiraz dalğası ilə üzləşə bilər. Çünki belə olacağı təqdirdə, Kreml Rusiya cəmiyyətinə ölkəni məğlubiyyətə sürükləyən savaşa başlamasına haqq qazandıracaq arqumentlər tapmalı olacaq. Halbuki bu, o qədər də asan məsələ təsiri bağışlamır.

Məsələ ondadır ki, ABŞ və Qərb planladığı kimi Kremli kapitulyasiya aktına imza atmağa məcbur edə bilərsə, onda Rusiyada etiraz dalğası ilə başlayıb, iğtişaşlara çevriləcək daxili prosesin prezident Vladimir Putinin hakimiyyətini itirməsinə yol açacağı da istisna deyil. Belə vəziyyətlə üzləşmək istəməyən Kreml artıq hərəkətə keçib, ABŞ və Qərbi şantaj edərək, Ukrayna savaşının dayandırılmasına məcbur edə biləcəyinı ümid bəsləyir.

Maraqlıdır ki, hazırda Rusiya ABŞ və Qərbə qarşı məhz ən yaxın hərbi müttəfiqi Belarus üzərindən taktiki manevrlər etməyə çalışır. Verilən məlumatlara görə, iyun ayına qədər Rusiya Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyətindədir. Bunun üçün vacib olan hazırlıq prosesi, o cümlədən də taktiki nüvə silahının yerləşdiriləcəyi anbarların tikintisi yekunlaşmaq üzrədir. Və bu, Rusiyaya bütün Avropa coğrafiyasını taktiki nüvə silahının hədəfində saxlayıb, təhdid etmək imkanı verir.

Təbii ki, bu, ABŞ və Qərbin Rusiyaya sərfəli sülh sazişinə məcbur buraxılması baxımından olduqca vacibdir. Üstəlik, Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun dili ilə nüvə şantajına artıq indidən başlamış kimi görünür. Hər halda, "Batka"nın açıq mətnlə “Kreml nüvə silahından istifadə edəcək” xəbərdarlığı Rusiyanın istəyi ilə dilə gətirilmiş hədə təsiri bağışlayır.

Belarus prezidenti vurğulayıb ki, ABŞ və Qərb onun ölkəsini məhv etmək üçün yeni işğal planı qurub. Ona görə də, Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi ölkənin təhlükəsizliyi üçün zəruridir. "Batka"nln bu açıqlaması ilk növbədə Belarus cəmiyyətində etirazların qarşısını almağa hesablanıb.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Ancaq Belarus prezidentinin ardınca söylədikləri artıq ABŞ və Qərbin nüvə silahı ilə təhdid olunması xarakteri daşıyır. Belə ki, prezident A.Lukaşenkonun sözlərinə görə, Rusiyanın məhv edilməsi təhlükəsi yaranarsa, Kreml mütləq nüvə silahından istifadə edəcək: “Əgər, Rusiya rəhbərliyi ölkənin dağılması təhlükəsinin yaratdığını başa düşsə, o zaman ən dəhşətli silahdan istifadə olunacaq. Buna yol vermək olmaz”.

"Batka" onu da qeyd edib ki, ukraynalılar nüvə gücünə qalib gələ biləcəklərinə boşuna inanırlar və ümid bəsləyirlər. Belarus prezidentinin fikrincə, Ukraynanın Rusiyaya qalib gəlməsi ümumiyyətlə, mümkün deyil. Ona görə də, Ukrayna, eləcə də, ABŞ və Qərb heç bir ilkin şərt irəli sürmədən sülh sazişinin imzalanması barədə danışıqlara başlamalıdır.

"Batka"nın mesajlarındakı "şərt irəli sürmədən" qeydi Rusiyaya deyil, Ukraynaya, eləcə də, ABŞ və Qərbə aiddir. Yəni, Kreml "Batka"nın dili ilə ABŞ və Qərbə "şərtsiz sülh" şərti ilə sürür. Bu, o deməkdir ki, Rusiya qarşı tərəfdən Krım yarımadası və Donbas mövzusunun gündəmə gətirilməyəcəyi bir sülh danışıqları tələb edir.

Bu tələblə razılaşılmayıb, savaşın davam etdiriləcəyi, Rusiyanın kapitulyasiya məcburiyyətində buraxılacağı təqdirdəsə, Kreml nüvə savaşına başlamaq niyyətində olduğu ilə elə indidən təhdid edir. Ona görə də, hesab etmək olar ki, Kreml məğlubiyyət barədə ümumiyyətlə, düşünmək istəmir. Və böyük ehtimalla Rusiyanın gələcək taleyinə real təhlükədən tam əmin olduğu halda, beynəlxalq düşmənlərinə nüvə zərbəsi endirmək qərarını verib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu






Fikirlər