İki keçi danışıqlar prosesini pozmaq istəyir: İrəvan Bakıya qarşı yeni oyun oynayır

Rusiya Federasiyası və ABŞ arasında ictmaiyyətlə mass-mediaya açıqlanmayan məxfi danışıqlar aparılıb.

İsveçrədəki müzakirələrdə Birləşmiş Ştatların Dövlət Departamentinin və Rusiya XİN-nin yüksəkçinli mənsubları arasında bir sıra məsələlərin, o cümlədən Ukraynadakı situasiyanın, Gürcüstanın Abxaziya bölgəsi ilə bağlı problemlərin, habelə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin nəzərdən keçirildiyi iddia olunur.

Ermənistan mediasında və ABŞ-da Vaşinqton kuluarlarına yaxın jurnalistlərin iddialarına görə, müzakirələr əsnasında tərəflər postsovet məkanındakı münaqişələrin çözülməsində öz qırmızı xətlərini və mövqelərini bir daha bəyan ediblər.

Rəsmi Gürcüstanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı tutduğu neytral mövqedən razı qaldığını vurğulayan Kreml bunun müqabilində Abxaziya məsələsində Tbilisiyə müəyyən güzəştlərə gedə biləcəyini bəyan edib.

Hətta İsveçrədəki danışıqlarda Abxaziya ilə bağlı situasiyanın həllində müəyyən perspektivlərin olduğu da qeyd edilib. Rusiyanın təklifinə görə, Abxaziya dəmiryolunun bərpa ediləcəyi təqdirdə hazırda separatçı rejim tərəfindən idarə olunan Abxaziyanın bir qisminin Gürcüstanın nəzarətinə qaytarılacağı da istisna olunmur.

Amerikalı və rusiyalı diplomatların Abxaziya problemi ilə yanaşı, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı vəziyyəti də müzakirə etdikləri deyilir.

İddialara görə, amerikalılar sazişin imzalanmasını sürətləndirmək üçün müzakirələrin Moskvada daha fəal davam etdirilməsinə, hətta sənədin də Rusiya paytaxtında imzalanmasına etiraz etmirlər.

Cənubi Qafqazda geosiyasi təsir imkanlarını sürətlə itirməkdə olan Rusiyanı müəyyən mənada ağır problemlərdən xilas etmək üçün amerikalıların belə davrandıqları və güzəştlərə hazır olduqları vurğulanır.

Rəsmi Moskva və Vaşinqton qapalı danışıqlarla bağlı yayılmış məlumatları şərh etməyiblər.

İddiaların və ehtimalların həddən ziyadə olduğu indiki vəziyyətdə amerikalı və rusiyalı diplomatların İsveçrədə görüşərək gizli danışıqlar aparması ilə bağlı versiyanı, daha doğrusu, iddianı birmənalı olaraq təkzib etmək tələsik qərar olardı.

Ən azı ona görə ki, Vaşinqton analoji formatda danışıqları Şimali Koreya, Somali, Sudan və İran ilə, vasitəçilərin köməyi ilə aparıb və prosesləri indi də davam etdirir.

Propaqanda vasitələrinin və lokal kütləyə hesablanmış primitiv təbliğatla məşğul olan resurslarlarla şəxslərin bəyanatlarının tam əksinə olaraq, Kreml və Vaşinqton hazırda yaşanan çox ağır geosiyasi rəqabəti aşkar qarşıdurma səviyyəsinə çatdırmaqda maraqlı deyillər.

Tam əksinə, Vaşinqton geosiyasi təsir rıçaqlarının zatən güclü olduğu bölgələrdə Rusiyanın siyasi fiaskoya uğramasına imkan verməməyə çalışır.

Dünyanın ən müxtəlif yerlərində belədir, fəqət, biz bilavasitə Cənubi Qafqazda olan vəziyyətə nəzər salaq.

İlk baxışdan inanılmaz, absurd və paradoksal təsir bağışlayan iddia var: Kremllə Vaşinqton müzakirələr apararaq dil tapmağa çalışırlar.

Vəziyyətin ən maraqlı yönüsə odur ki, danışıqlar Vaşinqtonun razılığı, Rusiyanın təşəbbüsü ilə aparılır.

Beləliklə, emosiyaları bir kənara qoyaraq mövcud situasiyaya soyuqqanlı, praqmat nəzər salaq.

Ukraynadakı hərbi əməliyyatlarla bağlı kollektiv Qərbin indiyədək misli görünməmiş müqaviməti, Kiyevə hərtərəfli dəstəyi və həmçinin, rekord sayda sanksiyalarla yasaqları ilə üzləşən Moskva çoxqütblü dünyanın formalaşması üçün real addımlar atmağa çalışır.

ABŞ və Avropa İttifaqının Yaponiya və digər satellitlərin də orbitnə cəlb olunması ilə formalaşdırdıqları monoqütblü dünya düzəninin kəskin antipodu olan Rusiya, İran və Çin təbii ki, imkanları, gücləri və resursları çərçivəsində Qərbə müqavimət göstərməyə can atırlar.

Amma sözlərlə əməllər arasında kəskin fərq var: sözügedən dövlətlərin hamısının iqtisadiyyatları Qərblə kommunikasiyalardan və əlaqələrdən asılı olduğu üçün müqavimətin necə, hansı formada və üsullarla reallaşması hələ də müəmmalıdır.

Təbii ki, Cənubi Qafqazdakı proseslər digər regionlarda yaşananlardan fərqlənir.

Ermənistanın hakimiyyət dairələri eyni vaxtda iki qütblə münasibətləri normal saxloamağa çalışaraq bir tərəfdən Rusiya Federasiyasına vədlər verir, əzəli tərəfdaş və əsl müttəfiq olduğunu bəyan edir - digər tərəfdən isə Qərbin farvaterində olduğunu vurğulayaraq ABŞ və Avropa İttifaqı ilə münasibətləri sürətləndirərək miqyasca genişləndirməyə çalışır.

Belə dualist, ikibaşlı siyasətin müəllifi Ermənistanın baş naziri Nikol Paşinyandır. Məhz o, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra kapitulyant vəziyyətdə olan ölkəsində revanşistlərin, irqçilərin, zooloji millətçilərin və xüsusilə də kənar ölkələrin maraqlarından çıxış edərək həmin ölkələrin bəlli strukturlarından alınmış göstərişləri tam icra edən qüvvələrin kəskin müqavimətinə rəğmən, növbədənkənar parlament seçkilərində qalib gələrək postunu saxlaya bildi.

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinin icrasında da N.Paşinyan başabəla ekvilibristika fəndləri nümayiş etdirir. Konkret olsaq, Ermənisan həmin sənədin bəndlərinin total əksəriyyətini icra etmir və hamilərinə güvənir.

İrəvanın geosiyasi hamisi isə indi Rusiya yox, Fransadır. Məhz Fransa prezidenti Emmanuel Makronun vədlərindən, Fransa Senatının hər iki palatasının marazmatik dəstəyindən və Fransadakı bir sıra şəhərlərin bələdiyyə sədrlərinin başlarından yuxarı atılaraq Ermənistanla qarabağlı ermənilərə arxa olacaq təəssüratı yaradan bəyanatlarla çıxış etməsi Paşinyanın cəsarətinin mənbəyidir.

Fransanın bölgədə möhzkəmdənmək cəhdləri, Avropa İttifaqnın Ermənistanda fəaliyyət göstərən müşahidə-monitorinq qrupunun idarəetmə mexanizmlərini ələ keçirmək istəyi və xüsusilə də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda lider mövqe tutmağa can atması ilk növbədə Rusiyanı qıcıqlandırır.

Azərbaycanla Ermənistan arasındakı danışıqların formatını süni şəkildə dəyişdirmək, İrəvana silah və hərbi texnika satmaqla bölgədəki gərginliyi qəsdən, süni şəkildə artırmaq, Moskvanı prosesdən kənarlaşdırmaq və təşəbbüsü ələ almaq Parisin yaxın perspektivlərə hesablanmış planlarının tərkib hissəsidir.

Fransanın ABŞ isə istisnasız olaraq bütün geosiyasi məsələlərdə rəqib olduqlarını xatırlasaq, Vaşinqton Parisin Cənubi Qafqazdakı davranışlarını diqqətlə izləyir.

Rusiya ABŞ-ın müttəfiqi, tərəfdaşı və ya əlaqələrin inkişafında maraqlı olduğu dövlətlərdən biri deyil.

Tam əksinə, sərt antoqonist olan bu ölkələr bir-birlərinin zəifləməsi üçün bütün vasitələri məqbul bilirlər.

Cənubi Qafqaz istisnadır: regionda Fransanın təsir imkanları əldə etməməsi, Parisin hətta Tehranla kuluar danışıqları apararaq məqsədə çatmağa çalışması Moskva ilə yanaşı, Vaşinqtonu da təbdən çıxarıb.

Məhz bu səbəbdən ilk baxışdan inanılmaz təsir bağışlasa da, ABŞ və Rusiya indi diplomatik etiket qaydalarına tam əməl edərək zahirən amansız rəqib kimi qalsalar da, mahiyyət etibarilə situativ tərəfdaşa çevriliblər.

Hər iki tərəf Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişi ilə bağlı danışıqlara Fransa və İranın ən cüzi, hətta mikroskopik şəkildə olsa da, müdaxiləsini istisna edirlər.

Nikol Paşinyan anlamasa da, istəməsə də, çox böyük geosiyasi prosedurun işə salınmasına səbəb olub.

Eynən iki keçinin yaxınlaşdığı gerizəkalı afinalı barədə yunan əsatirində olduğu kimi...

Elçin Alıoğlu
TREND






Fikirlər