“MTN-də DEDİLƏR Kİ, BİR DƏ O BANKA YAXINLAŞSAN…” – “Çingiz Əsədullayevdən 1 milyonluq qızıl-brilyantımı tələb edirəm” (Video)

 

img1941855Milli Təhlükəsizlik Nazirliyində aparılan “təmizləmə” əməliyyatı bir çox biznesmenlərin danışmasına səbəb olub. Nazir Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən və MTN-ndə quldur şəbəkəsi yaradan qrup zərərsizləşdiriləndən sonra bəlli olub ki, bu çete yüzlərlə iş adamının başına oyun açıb.

Ötən gün “Azəriqazbank”ın qiymətləndiricisi (zərgəri) Arif Piriyev də iş adamı Maqsud Mahmudovun başına gətirilən olaylardan, daha doğrusu ona məxsus olan brilyantın MTN-də ki məlum dəstə tərəfindən mənimsənildiyi barədə açıqlama verib. Dünən iş adamının özü də sükutu pozaraq bu barədə AzPolitika.info-ya danışıb.

Biznesmen əslində bu haqda danışmaq niyyətində olmadığını deyib: “Mən bir ay əvvəl mətbuata başıma gətirilən digər bir olay haqqında danışmışdım. Görürdüm ki, bununla bağlı keyfiyyətli iş aparılır. Əslində bu mövzuda danışmaq istəmirdim. Sadəcə olaraq başıma gətirilən olaylardan bəzi insanlar məlumatlı idi. Onlarda mənə deyirdilər ki, danışmaqdan qorxursan ki, səni vurarlar. Mənim heç kimdən qorxum yoxdur. Çünki başımın üzərində Qurani Kərim və qurban olduğum prezidentim var. Dünən gördüm ki, mətbuatda “Azəriqazbank”ın zərgəri Arif Piriyev danışıb, mənim başıma MTN-nin və adı çəkilən bankın gətirdiyi oyunları açıb. Düzdür, zərgər bəzi mətləbləri açıqlamayıb, amma həqiqətə uyğun danışıb. Mən dünən haqqın.az saytında “Azəriqazbankın” müdafiəsi məqsədilə yazılan məqalə oxudum. İndi bəzi mətləbləri açıqlayacağam.

Birincisi, mən noyabrın 13-də “Azəriqazbank”ın sərdi Çingiz Əsədullayevə teleqram vurmuşam. Demişəm ki, vaxtı ilə Eldar Mahmudovun quldur dəstəsinin üzvlərindən biri də siz idiniz. Mən 2009-cu ildə sizin rəhbəri olduğunuz banka külli miqdarda qızıl-brilyant qoymuşam ki, 2 il müddətinə 400 min manata yaxın kredit götürürəm. Kreditimi ödəyib qurtarmağa bir neçə ay qalmış mənim qızıl-brilyantımı aparıblar bankın baş ofisinə. Mənim xəbərim olmadan MTN mallarımı götürür və bankın zərgəri Arif adlı şəxsi də ora dəvət edirlər. Burada mənə məxsus brilyantımı dəyişib yerinə şüşə qoyurlar. Mən 2011-ci ildə banka gəldim, Çingiz Əsədullayev və onun əməkdaşı Çingiz Mövsümovla görüşdüm. Sual etdim ki, mənim qızıllarım haradadır, bankdan qızılı götürəndən sonra məlum olub ki, 3 karat 70 sotluq və üç ədəd bir karatlıq daşım dəyişdirilib. Mənə dedilər ki, səbirli ol, məsələni həll edəcəyik. Mən bayıra çıxan kimi MTN-nin əməkdaşları tərəfindən saxlanıldım və bu idarəyə aparıldım. Mənə MTN-də dedilər ki, bir daha o banka yaxınlaşsan səni siləcəyik. İndi Çingiz Əsədullayevi müdafiə edənlər deyirlər ki, mən nəyə görə, bu məsələni həmin dövrdə deyil, hazırda qaldırıram. Bunu deyənlər bilsin ki, mən bu məsələni 2011-ci ildə qaldırmışam. Sadəcə olaraq indi zərgər bu haqda danışıb. Bəlli olub ki, onu da MNT-ə aparıblar, deyiblər ki, qaş-qaşları dəyişək və səndə bizimlə əməkdaşlıq et. Nəticədə də iş adamını soyaq. Mən faktlarla danışıram. Hazırda Eldar Mahmudov da, Çingiz Əsədullayev də bayırdadır, yalan deyirəmsə məhkəmədə üz-üzə gələk və bilsin ki, kim faktla danışır. Çingiz Əsədullayev Eldar Mahmudovla qudadır. İndi bəlli olur ki, bankla işləyən biznesmenlər haqqında bankdan MTN-ə pas ötürülür və beləcə iş adamları müflis edilir. Televiziyadan da bəlli oldu ki, Mahmudovun evindən bankalarla brilyant çıxıb. Sən kimsən ki, evindən bankalarla brilyant çıxır? Normalda 4,5 və ya 6 ədəd brilyant çıxa bilər. Deməli, bizim kimi biznesmenlərin mallarını bankda dəyişib aparıb evlərinə yığırlar”.

Biznesmen deyib ki, hazırda prokurorluq orqanlarında onun şikayəti əsasında MTN-nin Antiterror İdarəsinin nümayəndəsi İlqar Əliyevlə bağlı iş gedir: “İndi deyirlər ki, guya mən bankdan pul istəyirəm. Çox böyük səhv edirlər. Mən şəxsən Çingiz Əsədullayevdən bir milyonluq qızıl-brilyantımı tələb edirəm. Mən onun puluna qalmamışam. O, deputat seçilib, özünə Mahmudov kimi “krişa” taparaq bizim kimi iş adamlarını yıxıb sürüyürdü. Mən nədən qorxmalıyam? İndi bu quldur dəstəsindən kim gəlirsə, gəlsin, məhkəmə vasitəsilə məsələni həll etməyə hazıram”.

Maqsud Mahmudov başına gətirilən digər məsələ haqqında da danışıb, özünün necə oyuna salındığını və nəticədə nələrini itirdiyini açıqlayıb: “2015-ci ildə “Texnikabank”-ın köhnə rəhbərliyi zamanı 1 milyon 400 min manat kredit götürdüm. Bunun qarşılığında da banka Bakı-Sumqayıt yolunda mənə məxsus olan Las-Veqas restoranımı, Şahmat Məktəbinin yaxınlığındakı 3 otaqlı mənzilimi və 40 kiloqram qızıl qoymuşam. Krediti 2018-ci ilə qədər bağlamalı idim. Dörd ay müddətinə də, banka 100 minə yaxın pul ödəmişəm. Ancaq krediti götürəndən 4 ay sonra bank sədrinin birinci müavini məni yanına çağırdı və tələb etdi ki, 2 ay müddətinə krediti bağla. Məndə buna etiraz etdim, dedim ki, sənədə əsasən kreditimi 2018-ci ilə qədər ödəməliyəm. Təsəvvür edin ki, xəbərim olmadan bank mənim 6 hektar ərazisi olan restoranımı satıb. Mən bu faktları indi deyirəm. Bu necə olur? Mənim restoranımı 1 milyon 100 min manata satırlar və mənə deyirlər ki, sənin kreditin bağlandı. Bundan az sonra avtomobilimi əlimdən aldılar ki, bəs orada qalıq qalıb, onu da ödəməliyəm. “Texnikabank”ın rəhbərliyi dəyişən kimi mən Etibar müəllimə teleqram vurdum. Etibar müəllim də məni yanına dəvət edib bu məsələni araşdıracağını bildirdi. Teleqram vurandan 3 gün sonra bankın işçiləri gətirib mənə 150 min manat pul qaytarırlar. Deyirəm ki, mənim pulumun qalan hissəsi hanı? Belə də, olmaz da. Restoranım getdi, bir obyektim, bir evim, avtomobilim getdi. 4 ədəd brilyantımı dəyişiblər. Təsəvvür edin ki, bankın idarə heyətinin sədr müavini deyir ki, iki aya krediti bağlamasan, səni MTN aparacaq. Bu necə olur? Mal qoyub, pul götürmüşəm də. Dövlətin vergisini verirəm, daha bizi nə qədər sürüyəcəklər? Çingizə Əsədullayev mənə 400 min manatı qara qaşıma-gözümə aşiq olub verməyib. Mən kredit götürəndə “şapka” da vermişəm. Qızıl daş-qaşımı niyə dəyişirsən? Sənin atan mənim atamla birgə qaş alıb? Məni vəkilimlə birlikdə Rizvan adlı hüquqşünas çağırıb dindirir və deyir ki, malınızı necə qiymətləndirirsiniz? Pula satılan Eldar Mahmudov, Çingiz Əsədullayev olar. Mən zəhmətlə qazanıram. Mən özümü tanıyandan bizneslə məşğulam. Bunlar da mənim kimi insanların qazandıqlarını ələ keçirirlər. Əgər yalan deyirəmsə, məndən şikayət etsinlər. Çingiz Əsədullayev Eldar Mahmudovla qudadır və “Azəriqazbank”a da şərikdirlər. “Texnikabank” da bir müddət Mahmudovla quda olan Cahangir Hacıyevin nəzarətində olub”.

MTN-də zərərləşdirilən məlum qrupun və onlarla əlbir olan “Azəriqazbank” və “Texnikabank”ın keçmiş rəhbərliyinin Maqsud Mahmudovun başına gətirdikləri tükürpədici hadisələrlə bağlı özünün dilindən daha geniş formada aşağıdakı tanış ola bilərsiniz.

 






Fikirlər