"Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir" - Deputat
"Natiq Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almağa layiq şəxsiyyətdir. Eyniylə Mübariz İbrahimov kimi. Onun da haqqı verilməlidir". "AzerTaym.az" unikal-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. O bildirib ki, məsələni Milli Məclisdə gündəmə gətirəcək. "Bu məsələni hökmən gündəmə gətirəcəyəm. Bu Vətən oğlunun obrazını tanıtmalıyıq, təbliğ etməliyik. Onun qəhrəmanlığının bənzəri çox az olur. Azərbaycan bayrağını ləyaqətlə daşıyan igidimizin ruhu şad olsun", - deyə Fazil Mustafa qeyd edib. Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. "Qarabağ şahinləri" batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı əsir düşmüş Natiq Qasımovun əlindəki bayraqla təslim olarkən çəkilmiş fotosu gündəmdir. Natiqin sonrakı taleyi naməlumdur.