Yarımçıq sülh başa çatmayan münaqişə

Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Paşinyan qeyd edib ki, “məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır”.

 

Maraqlıdır, Paşinyan yarımçıq sülhün imzalanmasında niyə bu qədər maraqlıdır? Rəsmi İrəvan COP29-a qədər sülh müqaviləsinin razılaşmış maddələrini imzalamaqla nəyə nail olmağa çalışır?

 

Ermənistan baş nazirinin məlum açıqlaması, hər şeydən öncə İrəvanın beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti riyakarlığıdır. Paşinyan yarımçıq sülhlə bağlı məlum çağırışı ilə ölkəsinin guya sülh tərəfdarı olduğuna dünya birliyini inandırmağa çalışır. İrəvan bununla göstərmək istəyir ki, guya Ermənistan sülh müqaviləsinin imzalanmasında daha maraqıdır və bu yolda maddə-maddə, bənd-bənd də olsa irəliləməyə can atır. Əslində isə Ermənistanın bununla əsl niyyətini ört-basdır etməyə çalışdığı, dünyanın diqqətini həyata keçirdiyi sürətlə silahlanma prosesindən yayındırmaq istədiyi birmənalıdır.

 

Yeni müharibə üçün gecə-gündüz hazırlıq işləri aparan, dünyanın iri silah ixracatçılarından hücum silahları alan Ermənistan, bu yolla sülhlə bağlı imitasiya siyasətini yeni formatda davam etdirmək niyyətindədir.

 

Ermənistanla yarımçıq sülh müqaviləsinin imzlsanması ilə şübhəsiz Azərbaycanın maraqlarına ziddir. Hər şeydən öncə buna görə ki, yarımçıq sülh başa çatmayan münaqişə deməkdir. Münaqişə isə əslində bütün dünyanın bildiyi kimi, 2020-ci ilin 10 noyabr tarixində  başa çatıb və Azərbaycan hərbi yolla BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək işğala son qoyub. Bu gün Azərbaycan  yeni münaqişə yox, etibarlı və uzunmüddətli sülh arzusundadır və bunun üçün bütün imkanlarından maksimum istifadə edir.

 

İkincisi, Ermənistanla Azərbaycan arasında yarımçıq sülhün imzalanması İrəvana danışıqlar prosesini daha çox uzatmaq, silahlanmaya daha çox vaxt qazanmaq imkanı verəcək. İrəvan yarımçıq sülh müqaviləsini əsas gətirərək bəyan edəcək ki, sülhə gedən yolun bəlli bir hissəsi qət edilib və indi tərəflər yolun qalan hissəsini birgə qət etmək yollarını arayırlar. Bu isə öz növbəsində müəyyən zaman, eləcə də siyasi-psixoloji mühit tələb edir.

 

Bir sözlə, yarımçıq sülh Ermənistan üçün yeni hərbi-siyasi təxribatlar üçün əla fürsətdir və İrəvan özü üçün məhz bu fürsəti təmin etməyə çalışır. Azərbaycanın isə Ermənistasna belə bir fürsət verməyəcəyi məlumdur. Bu isə o deməkdir ki, İrəvan beynəlxalq ictimaiyyəti aldatmaq üçün yenidən zəhmətə qatlaşmalı, başqa bir təşəbbüslə çıxış etməli olacaq.






Fikirlər