İRƏVAN ÜÇTƏRƏFLİ ANLAŞMADAN ÇIXIR - Paşinyan Kremlə yeni "sülh zərbəsi" hazırlayıb
Cənubi Qafqazda sülh prosesi demək olar ki, dalana dirənib. Hazırda regional sülh prosesi ətrafında yaranmış situasiya müəyyən mənada, "pat vəziyyəti" təsiri bağışlayır. Yəni, həm münaqişə tərəfləri, həm də vasitəçilik missiyasına iddialı beynəlxalq siyasi dairələr mövcud situasiyanın inkişafını təmin etməkdə çətinlik çəkirlər. Və bu, ilin sonuna qədər yekun sülh sazişinin imzalanmasının mümkün ola biləcəyini ciddi şübhə altında buraxır. Onu da qeyd etmək lazımdır ki, son proseslər hazırda yalnız Azərbaycanın operativ və qətiyyətli davrandığını göstərir. Belə ki, rəsmi Bakı Ermənistan tərəfindən cəmisi 10 gün əvvəl göndərilmiş yekun sülh sazişinin layihəsinə öz düzəliş və təkliflərini artıq hazırlayıb. Halbuki, rəsmi İrəvan Azərbaycana analoji cavabı iki aydan çox bir müddət ərzində vermişdi. Və bu, münaqişə tərəflərinin sülh prosesində hansı səviyyədə konstruktiv, qərarlı olduqlarını müəyyən etməyə imkan verir.
Bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yaxın vaxtlarda yekun sülh sazişinin imzalanmasının mümkünlüyündən danışıb. Onun fikrincə, indiyə qədər əldə olunmuş razılaşmalara sadiq qalınarsa, bu, tamamilə mümkündür. Halbuki, yekun sülh sazişinin imzalanması üçün yalnız indiyə qədər əldə olunmuş razılaşmalar yetərli ola bilməz. Yəni, müzakirə edilən bütün maddələrin beynəlxalq hüquq normaları çərçivəsində razılaşdırılması olduqca vacibdir. Əks halda, sülh prosesi bundan sonra da hələ uzun müddət davam edə bilər. Maraqlıdır ki, rəsmi İrəvan gələn ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə anlaşma olduğunu da bəyan edib. Hətta iddia edilir ki, məhz həmin görüşdə yekun sülh sazişinin layihəsi üzərində iş sona çatdırıla bilər. Belə olacağı təqdirdəsə, geriyə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın həmin sənədi imzalaması qalacaq. Bu ehtimalın nə qədər real olub-olmadığını müəyyən etmək üçün isə o qədər də uzun müddət gözləmək lazım gəlməyəcək. Təbii ki, bu məsələdə önəmli məqamlardan biri də məhz Azərbaycan və Ermənistanın yekun sülh sazişini hansı şəraitdə imzalanması ilə birbaşa bağlıdır. Hazırda yalnız iki variant mövcuddur. İlk variant ondan ibarətdir ki, yekun sülh sazişi beynəlxalq vasitəçilərin iştirakı ilə imzalana bilər. İkinci ehtimal isə sənədin vasitəçilər olmadan birbaşa təsdiqlənməsi ilə bağlıdır. Və hələlik bu iki variantdan hansının seçilə biləcəyi barədə qəti fikir bildirmək mümkün deyil. Məsələ ondadır ki, indi rəsmi İrəvan beynəlxalq vasitəçilərsiz sülh sazişinə hazır görünmür. Çünki Ermənistan ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı for-postu kimi davranır. Rəsmi İrəvanın Qərbdən asılılığı Ermənistana müstəqil qərarlar vermək şansı buraxmır. Beynəlxalq vasitəçilərin isə Cənubi Qafqazda öz geopolitik maraqları mövcuddur. Və onları hazırda regional sülh prosesinin uğur qazanma şansı qətiyyən düşündürmür.
ABŞ, Avropa Birliyi və Fransanın əsas hədəfi Cənubi Qafqazda hərbi-siyasi istinad mexanizmləri qazanmaqdan ibarətdir. Bu məqsədlə isə hələlik Ermənistandan əsas plasdarm kimi istifadə olunur. Belə situasiyada ABŞ və Qərbə yekun sülh sazişinin imzalanması ümumiyyətlə, sərfəli deyil. Və sülh prosesi nə qədər uzanarsa, Qərb bu regionda yerləşmək üçün daha təsirli mexanizmlər yaratmaq şansı qazana bilər. Əslində, yekun sülh sazişinin imzalanmasının mümkün ola biləcəyindən bu qədər çox danışıldığı bir mərhələdə bu prosesin dalana dirənmısinin əsas səbəbi də məhz ABŞ və Qərbin geopolitik maraqları ilə birbaşa bağlıdır. Qərbdən rəsmi İrəvana verilən təlimatlar Ermənistanı sülh prosesindən müəyyən məsafədə saxlayır. Və Paşinyan hakimiyyəti isə siyasi manipulyasiyalar ilə bu reallığı ört-basdır etməyə çalışır. Digər tərəfdən, sülh prosesinin əngəllənməsi mümkün olmayacağı təqdirdəsə, ABŞ və Qərb üçün yeganə optimal variant kimi imzalanma mərasimində vasitəçilik missiyasının ələ keçirilməsi də böyük önəm daşıyır. Hər halda, yekun sülh sazişinə qarantorluq statusunun qazanılması da istənilən halda, onun sahibinə Cənubi Qafqazda geopolitik manevr "qapılar"ını aça biləcək önəmli faktorlardan sayılır. Və Qərb bu faktoru Rusiyanın ələ keçirməsinə imkan vermək niyyətində görünmür. Ona görə də, bütün vasitələrlə Rusiyanı regional sülh prosesinə bağlayan faktorların sıradan çıxarılmasına cəhd göstərilir. Bu məqsədə çatmaq üçün isə Ermənistandan "geopolitik alət" kimi istifadə olunur. Belə ki, son vaxtlar Ermənistanın rəsmi təmsilçiləri Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli anlaşmaların hüquqi qüvvəsini itirdiyini xüsusi olaraq, vurğulayırlar. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə bu barədə daha konkret danışıb. Onun fikrincə, 10 noyabr üçtərəfli anlaşmasında yer alan maddələr artıq etibarlı sayıla bilməz. Halbuki, məhz bu sənəd Rusiyanın Azərbaycan və Ermənistan arasındakı danışıqlarda sülh vasitəçiliyi missiyasının təməlini təşkil edir.
Belə anlaşılır ki, rəsmi İrəvan həmin sənəddən artıq imtina etmək niyyətinə düşüb. Bu barədə siyasi sifarişin isə rəsmi İrəvana məhz Qərbdən verilmiş ola biləcəyi qətiyyən istisna deyil. Çünki Ermənistanın 10 noyabr üçtərəfli anlaşmasından çıxması indiki halda, daha çox ABŞ və Qərbin geopolitik maraqlarına cavab verir. Hər halda, bu, Rusiyanın sülh prosesində oyundankənar vəziyyətə salınmasına yönəlik manevr təsiri bağışlayır. Və bu sənəd rəsmən hüquqi qüvvəsini itirmiş elan edilərsə, Kremlin regional sülh prosesi ilə birbaşa bağlantısı qopmuş olacaq. Göründüyü kimi, ABŞ və Qərb Rusiyanın yekun sülh sazişinin imzalanması prosesinə vasitəçilik şansını hüquqi müstəvidə bloklamağa çalışır. Rəsmi Bakı üçün isə bu, qətiyyən siyasi-diplomatik problem yarada bilməz. Çünki əgər, bu, baş verərsə, təşəbbüskar rəsmi İrəvan olduğundan qarşıdurma da məhz Rusiya və Ermənistan arasında yaşanacaq. Və məsələnin bu tərəfini Kremllə rəsmi İrəvan düşünməlidir. Rəsmi Bakı isə Ermənistanın üçtərəfli anlaşmalardan imtina etməsindən Azərbaycanın maraqları çərçivəsində faydalana da bilər. Belə ki, ABŞ və Qərbin sülh prosesinə nəzarəti ələ keçirməyə çalışacağı qətiyyən şübhə doğurmur. Rəsmi Bakının isə regional balansı qorumaq üçün ermənipərəst ABŞ və Qərbin vasitəçiliyini bloklaya biləcəyi istisna deyil. Çünki bu halda, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ikitərəfli formatda imzalanmasına nail ola bilər. Bu isə gələcək perspektivdə Cənubi Qafqaza kənar müdaxilə "pəncərə"sinin daha etibarlı şəkildə qapanmasına münbit şərait yaradar. (musavat.com)