Sülh üçün tarixi şərait - Ermənistan bu şansı da itirsə...

Murad Sadəddinov: “Ermənistan üçün böyük bir şans pəncərəsi açılır, İrəvan bu pəncərəni də qapatsa, özünün intiharına imza atmış olacaq”

Postmüharibə dövründə Azərbaycan Ermənistanla sülh müqaviləsinə nail olmaq üçün maksimum səy göstərdi. İstər Qərbdən, istər Kremldən, istər Avropadan gələn bütün təkliflərə rəsmi Bakı açıq oldu. Lakin Ermənistan hər dəfə sülhlə bağlı pozitiv çalarlar olanda hərbi və siyasi təxribatlara başladı, Qarabağdakı artıq zərərsizləşdirilmiş xunta diversiyalar törətdi və s.

Azərbaycan, nəhayət, terrorçu rejimi, separatçıları da özü zərərsizləşdirdi və məlum antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. Yəni tamamilə yeni bir mərhələdir və sülh şansları yaranıb.

Bununla bağlı Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində deyib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub: “Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb”.

Oktyabrın 10-da isə Ermənistan baş naziri Nikol Paşinyan “3+3" formatı barədə danışıb. Ermənistan İctimai Televiziyasına müsahibəsində Nikol Paşinyan deyib ki, Ermənistan "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır: “Əlbəttə, biz hazırıq. Vaxtilə "3+3" formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu".

Qeyd edək ki, “3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Nikol Paşinyan əvvəllər də bir neçə dəfə bu formata müsbət yanaşdığını bəyan etsə də onun reallaşması istiqamətində hər hansı fəaliyyət göstərməyib. Əksinə, bəzi hallarda pozuculuq yolunu tutub.

Lakin yeni reallıqlar fonunda “3+3" formatının reallaşması üçün şans yaranıb. Əgər Ermənistan bu şansı da qaçırarsa, onu nə gözləyir? Məsələyə əks tərəfdən yanaşsaq, bəs sülh baş tutsa, regionda nə dəyişər, hansı şəkli alar, Ermənistan özü nə qazanar?

Xocalıda separatçı rejiminin “bayrağı”nın asılması Rusiyanın sülhə qarşı olduğunu açıq göstərir”

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, hələ 44 günlük müharibədən əvvəl Azərbaycan böyük neft, qaz layihələrini həyata keçirərkən kəmərlərin Ermənistan ərazisindən də keçməsi barədə ideya var idi: "Şərt belə idi ki, bunun üçün işğal olunmuş torpaqlar Azərbaycana geri qaytarılmalıdır. O dövrdə Ermənistanın çox böyük bir şansı yaranmışdı. Bu fürsətdən istifadə etsəydi, şansı dəyərlədirsəydi, Ermənistan dövləti tarixinin ən düzgün qərarını vermiş olacaqdı və Ermənistan iqtisadiyyatında çox böyük inkişaf başlayacaqdı. Ermənistanın o şansı düzgün dəyərləndirməsi bütün Cənubi Qafqaza sülh gətirəcəkdi, Cənubi Qafqazın xeyrinə olacaqdı. Amma təəssüflər olsun ki, Ermənistan qarşısına çıxan bu böyük şansdan, fürsətdən imtina etdi. Azərbaycana qarşı təxribatlar yolunu seçdi. Nəticə etibarilə işğal etdiyi Azərbaycan torpaqları Ermənistanın əlindən çıxdı, Ermənistan ordusu diz çökdürüldü, Ermənistan böyük iqtisadi-kommunikasiya layihələrində iştirakdan kənarda qaldı, iqtisadiyyatı fəlakətli duruma sürükləndi. Ermənistan cəmiyyəti və dövləti bu gün sarsıntılar içərisində çabalayır. Ermənistan qonşu Gürcüstanın Azərbaycanın enerji layihələrində iştirakının gətirdiyi imkanları, Gürcüstan təcrübəsini belə nəzərə almadı.

İndi yeni reallıqlarda Ermənistana yenə şans yaranıb. Azərbaycanla sülh sazişi imzalamaq, Zəngəzur dəhlizi, regionun sabitliyi və inkişafı üçün "3+3" formatında iştirak məsələləri meydana gəlib. Ermənistan üçün bu məsələlər şansdır. Ermənistan bu məsələlərin hər biri ilə bağlı real müsbət addım atsa, rəsmi qərar versə, böyük bir şansı dəyərləndirmiş olacaq. Əgər Ermənistan bu şansdan istifadə etsə, özünün dövlət kimi çöküşü prosesinin qarşısını almış və prosesi inkişaf mərhələsinə qaytarmış olacaq. Ermənistan Azərbaycanla, Türkiyə ilə komunikasiya, nəqliyyat əlaqələri, iqtisadi əlaqələr qurmaq imkanı əldə edəcək. Ümumiyyətlə isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması, regionda yeni əməkdaşlıq formatının reallaşması bu formatda təmsil olunan dövlətlərin hər birinin faydasına olacaq. Çox geniş ticarət əlaqələri meydana gələcək, regiona investisiya axını üçün müsbət mühit formalaşdıracaq. Nəticədə Ermənistanın indi ağır vəziyyətdə olan iqtisadi vəziyyəti düzələcək. Ermənistan enerji təminatını qonşu Azərbaycan vasitəsilə əldə edə biləcək. Ermənistan üçün böyük bir şans pəncərəsi açılır, İrəvan bu pəncərəni də qapatsa, özü-özünün intiharına imza atmış olacaq. Ermənistan Fransa kimi dövlətlərin Azərbaycana və Türkiyəyə təzyiq aləti olmaq yolunda davam edəcəksə, şansı qaçırmış və dediyimiz kimi, özünün dövlət kimi tamamilə çöküşünə təkan vermiş olacaq. Hətta gələcəkdə suverenliyini itirmək faciəsi ilə üz-üzə qala bilər".      

 






Fikirlər