Əfv sərəncamının icrası başlayır
Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı məhkum edilmiş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb. Sərəncama əsasən azadlıqdan məhrum etmə, cərimə və islah işləri cəzasına məhkum edilmiş 210 nəfər əfv edilib. Əfv olunan şəxslərdən biri futbolçudur. Bu, “Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.
Sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
1995-ci ildən icra olunan əfv sərəncamının icrası nəticəsində bu günə qədər 5 938 məhbus azadlığına qovuşub. Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.