KÜÇÜK kimdir, TƏRBİYƏSİZ kim?

“Küçük kimdir, tərbiyəsiz kim?

Şərif Ağayar

Mövlana deyir ki, dünya malı dəniz suyu kimidir, içdikcə yanğı gətirir.

Bu deyimdən yola çıxaraq var-dövlətdən və vəzifədən harınlamağı müxtəlif mərhələlərə bölmək olar.

Bunun ən sonuncusu tabeliyində olan insanları üzünə söymək, təhqir etmək, adam yerinə qoymamaq, onlara heyvan müamiləsi yapmaqdır.

Yəqin bildiniz ki, söhbət Cəbrayıl rayonunun 16 illik icra başçısı Mahmud Quliyevin məlum videosundan gedir.

Əslində, belə hadisələr rayonlarda çox olur. Sadəcə onu çəkib ictimailəşdirməyə, loru dillə desək, “duxu çatan” adam yoxdur.

Qarmağa Mahmud Quliyev keçib...

Mirzə Cəlilin sözü olmasın, gərək, belə bir qarmağa düşməkliyi Allah da istəyə.

Təsadüfən əlinə uzun müddətli vəzifə keçən, puldan-paradan yığıb harınlayan, çoxsaylı yaltaqların və yalaqların əhatəsində özünü gerçək qəhrəman sayan adamlar bir gün hökmən və hökmən belə “performans” göstərirlər.

İllah da səviyyə, savad və mədəniyyət sıfırın altındadırsa. 

İnsan hansı “mənəvi məqama” enməlidir ki, dərd-sərindən ötrü dilə gələn insanlarla “Kəs, küçük!”, “Rədd ol!”, “Get, öl!”, “Tərbiyəsiz!” – kimi “unikal” leksikonla danışsın.

Adam məntiqini, məzmununu, reallıq hissini, hətta ağlını nə qədər itirə bilər?

Adam insanı nə qədər dəyərsiz sayar?

Vəzifə və var dövlət adamın gözünü nə qədər bağlayar?

Mövlud Süleymanlının “Dəyirman” povestində belə bir səhnə var: bir nəfər o qədər yeyir-yeyir ki, axırda yediklərini qusmaq məcburiyyətində qalır.

Kənardan baxıb gülürlər ona.

Yaxınlaşıb alnını tutan da olmur ki, qusub qaytardığı zir-zibilə bulaşmasın.

Xalq dilində “Qarına təpmək” ifadəsi var.

Bu heç də məcazi mənada işlənmir.

Doğrudan da adam çox yeyəndə yedikləri qarnına təpir.

Bəzən başına vurur, bəzən başqa yerinə.

O zaman adam başlayır dingildəməyə.

Və sizi əmin edirəm, yediyi qarnına təpəndən sonra adam o qədər uzaq gedə bilmir.

Bir gün məlum olur ki, tərbiyəsiz kimdi, küçük kimdi.

Camaatın boynuna minib haqqını yemək, özünə zülm eləmək, başını qaldırıb nəsə demək istəyəndə isə söyüb batırmaq nə deməkdi?

Bir gün keçi keçi ayağından asılır, qoyun qoyun...

Bir gün adam qarnına təpənləri qusub qaytarır.

Geci-tezi var...






Fikirlər