DEPUTATDAN VARLILARA ilginc müraciət
"Azərbaycanda maliyyə amnistiyasına böyük ehtiyac var". AzerTaym.az musavat.com-a istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bunu "Yeni Müsavat"a Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sahibkarlara ünvanladığı son müraciətini dəyərləndirərkən deyib. V.Əhmədov bildirdi ki, Nursultan Nazarbayev vaxtilə Qazaxıstandakı özəlləşdirmə prosesində qanuni, qeyri-qanuni iştirak etmiş, əldə etdikləri vəsaitləri xaricdə yatıranlara müraciətini təqdir edir: "Nazarbayev dedi ki, "mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, halal xoşunuz, amma indi həmin vəsaitləri gətirib Qazaxıstana investisiya şəklində qoyub ölkənin iqtisadi inkişafına köməklik etmək lazımdır. Azərbaycanda da özəlləşdirmə prosesindən istifadə edən, xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşları, bir deputat kimi mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana. Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz. Qazandığınız halalınız olsun". V.Əhmədov xatırlatdı ki, Azərbaycanın dövlət başçısı da son iclaslarda ölkəmizə investisiya qoyuluşu ilə bağlı müraciətlər edib: "Bu gün Azərbaycanın investisiyalara ehtiyacı var. 4-5 il əvvəl bu ehtiyac böyük deyildi. Ona görə də bu prosesdə bizim xaricdə vəsaitləri olan insanlarımız iştirak etsələr, çox yaxşı olar". Deputat son vaxtlar bankların ardıcıl şəkildə bağlanmasını da düzgün saymadığını bildirdi: "Mənim bankların bir neçəsi ilə söhbətim də olub. Demişəm ki, vaxtilə insanlara yüksək faizlə kreditlər vermisiniz, indi o insanlara güzəştə gedin, borcları qaytarmaq imkanları yoxdur, vəziyyətləri ağırdır. Onlar deyiblər ki, bizim də vəziyyətimiz ağırdır, çünki devalvasiyadan sonra bankların özü də müəyyən qədər zərərə düşüb, onların özünün də köməyə ehtiyacı var. Amma Mərkəzi Bankın buna imkanı var, məsələni həll edə bilər. Əlbəttə ki, Maliyyə Nazirliyinin razılığı ilə bu məsələlər öz həllini tapmalıdır. Ümumiyyətlə, bank sistemində islahatlar getməlidir. Mən bankların bağlanması prinsipi ilə razı deyiləm. Biz bank sistemində islahatlar getməlidir deyəndə demişik ki, bank sistemində təmərküzləşmə prosesi, bankların birləşməsi prosesi getməlidir. Yəni iri banklar yaradılsın, 43 bank olmasın, olsun 15-20 bank. Amma onların nizamnamə kapitalı, kredit portfeli, likvidliyi yüksək olsun, onlar aşağı faizlə kredit vermək imkanlarına malik olsun. Amma banklar bağlananda orada ciddi problemlər yaranır. Banklarda insanların depozitləri, əmanətləri var, onların qaytarılması ilə əlaqədar müəyyən problemlər yaranır". V.Əhmədov borclu insanların intihara əl atmasından da narahatlığını ifadə etdi: "Elə buna görə də təklif etmişik ki, 10 min dollara qədər olan kreditlər köhnə faizlə ödənilsin. Ümumiyyətlə, son illər bank sistemi ilə əlaqədar ölkədə çox ciddi problemlər yaranıb. 1,4 milyard manata yaxın vaxtı keçmiş kredit borcları var. Bu, Azərbaycanın maliyyə bazarı üçün çox böyük rəqəmdir, təxminən dövlət büdcəsinin 10 faizinə bərabərdir. Problemlər öz həllini tapmayıb, əksinə, borclar arta-arta gedir. Ona görə də məsələlər öz həllini tapmalıdır. İntihar hadisələri, insanların öz həyatına qəsd etməsi çıxış yolu deyil. Amma insanları da başa düşmək lazımdır ki, borcu qaytarmağa imkanı yoxdur, çarəsizdir, ola bilsin, iş yeri tapa bilmir. Vaxtilə o kreditləri verəndə bank da, kredit götürən şəxs də fikirləşməli idi ki, həmin krediti vaxtında qaytara biləcəkmi? Mən məsləhət görərdim ki, bank sistemi bu məsələlərdə daha da çevik hərəkət eləsin".