Cahangir Hacıyev 40 milyon dolları ERMİTAJDA batırıb

Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Peterburq şəhərindəki məşhur Ermitaj muzeyinin eyni adlı rəsmi otelinə həbs qoyulması üçün məhkəmə iddiası qaldırıb.
AzerTaym.az AzNews.az-a istinadən xəbər verir ki, buna səbəb Cahangir Hacıyevin vaxtında bankın otelin restavrasiyası üçün onun sahibi, biznesmen Malik Babayevə verdiyi on milyonlarla dolları geri ala bilməməsidir.
Peterburqda, Pravda küçəsi, 10 ünvanında yerləşən “Hermitage Hotel”in mülkiyyətçisi Malik Babayevin Beynəlxalq Baltik İnvestisiya Şirkətidir. Babayev oteli bir neçə il əvvəl qida sənayesi işçilərinin Mədəniyyət Evindən 4.1 milyon dollara alıb. Ermitaj muzeyinin rəhbərliyi ilə anlaşaraq bu məşhur muzeyin adının otel adı kimi istifadə edilməsinə razılıq alıb. Bunun əvəzində muzeyə müəyyən məbləğ ödəməyi öhdəsinə götürüb. Malik Babayev Ermitaj muzeyinin adından kommersiya məqsədi ilə istifadəyə razılıq almağa nail olan ilk biznesmendir.
O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faizə olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azə 35-40 milyon dollar xərclənib.



Bildirilir ki, otelə həbs qoyulmasına dair məhkəmə iddiası Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən qaldırılıb. Bankdan “Fontanka.ru”-ya bildiriblər ki, Babayevin şirkəti borc öhdəliklərini yerinə yetirmək istəmir. Borcun ödənilməsi xeyli müddət gecikdiyinə görə bank Babayevin girov qoyduğu əmlakı-oteli müsadirə etmək üçün iddia qaldırıb.
Şirkətdən isə deyiblər ki, mübahisə predmeti sona qədər aydın deyil. “Biz iddianı görməmişik. İşin materialları ilə tanış olmaq üçün ərizə vermişik”-şirkətin hüquqşünası deyib.
Bu günlərdə məhkəmə bankın otelə həbs qoyulmasına dair iddiasını təmin etməyib. Çünki bank cavabdehin əmlakına həbs qoyulmayacağı təqdirdə ondan borcunu ala bilməyəcəyini əsaslandıra bilməyib. Habelə məhkəmə otelin tərəflər arasında birbaşa mübahisə predmeti olmadığını bildirib. Bank isə bu qərardan apelyasiya verib.



Lakin “Fontanka”ya məlum olub ki, Malik Babayev kredit götürdükdən sonra oteli banka girov qoyub. Doğrudur, daşınmaz əmlak üzrə Rusiya Reyestrində bu barədə məlumat yoxdur, ancaq bank otelin girov qoyulduğunu təsdiq edir. Babayevin təmsilçisi isə “kommersiya sirri olduğu üçün” bu məsələni şərh etməyib. Babayevin özü isə jurnalistlə ünsiyyətdən imtina edib.

Məlum olub ki, onun şirkətinin maliyyə göstəriciləri pisləşir və 2012, 2013-cü illəri ziyanla başa vurub. Habelə şirkətin başqa tərəfdaşlarına da dollarla borclarının olduğu üzə çıxıb. Rublun devalvasiyasına görə Babayev borclarını qaytarmaq iqtidarında deyil.

Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Cahangir Hacıyevin keçmiş biznes-kompanyonlarından hesab olunur. Beynəlxalq Baltik İnvestisiya Şirkətini onunla birlikdə “MBA-Moskva” təsis edib. 






Fikirlər