Məzahir Pənahov dəyişdirilir?

Bir neçə gün əvvəl YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov MSK-nın mart ayına qədər formalaşacağını açıqlayıb.

 AzerTaym.az bildirir ki, Report.az-a müsahibəsində o deyib ki, hazırda YAP-da bununla bağlı hazırlıq işləri gedir: "Bəzi məsələlər həll edildikdən sonra partiyanın İdarə Heyətinin qərarı ilə MSK üzvlüyünə namizədlərimizi müəyyən edəcəyik".

"Hazırkı tərkibdə dəyişiklik gözlənilirmi?" sualına S.Novruzov belə cavab verib: " Bu, İdarə Heyətinin səlahiyyətinə daxildir. Belə ki, namizədlər İdarə Heyətinə təqdim olunurlar, orada baxılır, sonra da qərar qəbul edilir".

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.

MSK-nın sədrinin kimliyinə gəlincə, məlumatlara görə, böyük ehtimalla bu dəfə də hakimiyyət bu vəzifəni Məzahir Pənahova həvalə edəcək.

Yeni Milli Məclisdə YAP 69 deputatla, VHP iki deputatla, BAXCP, ADİSP, BQP, MDHP, ASRP, Vəhdət, VBP, ADMP və ASDP isə hərəsi bir deputatla təmsil olunur. Qalan deputatlar isə bitərəflərdir.

"Qafqazinfo" xəbər verir ki, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, seçki komissiyalarının yeni tərkibdə formalaşacağının nə vaxt baş verəcəyi ilə bağlı dəqiq informasiyaya malik deyil, ancaq Siyavuş Novruzovun açıqlamasından belə görünür ki, fevral ayında MSK formalaşdırılacaq: "2010-cu ilin noyabrında keçirilmiş seçkilərdən sonra seçki komissiyalarının formalaşması 2011-ci il fevral ayının ortalarında həyata keçirilmişdi.

Görünür, bu dəfə də belə olacaq. Şübhəsiz ki, Vəhdət Partiyası parlament partiyası olduğu üçün seçki komissiyalarında təmsil olunacaq. Müəyyən dairə və məntəqə seçki komissiyalarında, yəqin ki, proporsional bölgü nəticəsində Vəhdət də təmsil olunacaq. Mərkəzi Seçki Komissiyasında bizim partiyanın nümayəndəsinin olub-olmayacağını isə bu gün dəqiq deyə bilmərəm. Çünki 6 yer var və parlamentdə azlıqda qalan partiyaların sayı 10-dur. İndi görək həmin 6 yerə bu 10 partiyadan hansıların təqdim etdiyi namizədlər daxil olacaq. Əlbəttə, biz istərdik və arzu edərdik ki, Vəhdət MSK-da təmsil olunsun".

Parlamentdə təmsil olunan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, fevral ayında MSK-nın yeni tərkibdə formalaşacağı gözlənilir: "MSK-nın formalaşması ləngiyir. Niyə ləngidiyini Milli Məclisin növbəti iclasında qaldıracağıq. Təbii ki, partiyamızın MSK-da təmsil olunmasını istəyirik. Azlıqda olan partiyaların nümayəndələri MSK-da iştirak eləməlidir. Burada heç bir narahatlıq yoxdur. Məsələ qanuna uyğun olaraq həll olunacaq".

Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir.






Fikirlər