AQRAR Universitetdə QAN yaddaşımızın dəhşətli SƏHİFƏLƏRİ vərəqləndi

Aqrar Universitetdə qan yaddaşımızın dəhşətli səhifələri vərəqləndi

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir adlı geniş tədbir keçirilib.

Universitet miqyaslı anım toplantısında bildirilib ki, insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə kütləvi terror hadisələrindən biri kimi tarix olan Xocalı soyqırımının törədilməsindən uzun müddət keçsə də dünyanın güc dövlətlərinin ikili mövqeyinin hələ də davam etməsi ədalətsizlikdir.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, iştirakçılar tədbirdən əvvəl universitet tələbələrinin faciəni əks etdirən rəsm əsərlərinə baxıb, hazırladığı guşə ilə tanış olublar.

Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxışında deyib ki, 1992-ci ilin müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalan 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqrım aktı törədiblər. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub. Soyqrım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb.

Rektor daha sonra qeyd edib ki, bu gün dünyanın güc birliklərinin Xocalıya ikili münasibəti davam edir, faciənin dünya miqyaslı hüquqi qiyməti gecikdirilir. Lakin hər bir vətənpərvər azərbaycanlı kimi universitetimizin tələbələri də soyqrım hadisəsinin ədalətli həlli istiqamətində dəyərli aksiyalar həyata keçirir. Universitetin beynəlxalq əlaqələr şöbəsinin xətti ilə artıq dünyada 1000-dən artıq ünvana Xocalı həqiqətlərini əks etdirən məlumatlar, vide görüntülər, filmlər göndərilib. Səfirliklər, konsulluqlar, dünyanın aparıcı universitetlərinin kollektivləri hadisə barədə bir daha faktların dili ilə məlumatlandırılıb.

Tədbirdə bu faciəni xalqımızın böyük dərdi, qəmi bilən Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq, YAP Xocalı rayon təşkilatının gənclər birliyinin nümayəndələri iştirak edib.

AzerTaym.az






Fikirlər