Fərəc Quliyev: “İcra başçılarının vəzifələrindən uzaqlaşdırılmaları kampaniya xarakterli deyil”; Natiq Miri: “Hakimiyyətin hətta istənilən naziri bir anda bitirmək şansları var”
Martın ilk həftəsində ölkə başçısının sərəncamları ilə Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları vəzifələrindən azad olundular, Yardımlının icra başçısı isə Salyana rəhbər gətirildi.
Bu prosesin davamlı olacağı, hakimiyyətin kadr islahatlarına başladığı deyilirdi. Xalqın narazı olduğu icra başçılarının bir-birinin ardınca vəzifələrindən uzaqlaşdırılacağına inam yaranmışdı. Hətta vəzifələrini itirəcək icra başçılarının adları da mətbuatda hallanmağa başladı. Amma prosesin dayandığını desək, yanılmarıq.
Ekspertlərin icra başçılarının “təmizlənməsi” islahatları ilə bağlı proqnozlarında ikitirəlik yaranıb. Onların bəziləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti bu prosesi mərhələli şəkildə aparmaq istədiyinə görə hələlik fasilə verib. Bir qisim isə iddia edir ki, ölkə iqtidarı kütləvi şəkildə rayon rəhbərlərini vəzifələrindən uzaqlaşdırmaqdan ehtiyatlanır, daxildə narazılıqlar baş qaldıra bilər. Çünki hər rayonun icra başçısı konkret hakimiyyətdaxili müəyyən qruplara bağlıdır...
Deputat Fərəc Quliyev bildirdi ki, icra başçılarının vəzifələrindən uzaqlaşdırılmaları kampaniya xarakterli deyil: “Hər hansı bir məmur işinin öhdəsindən gəlmirsə, müvafiq cəzasını almalıdır. Belə şəxslər nazir, icra başçıları və hər hansı bir səlahiyyətli məmur ola bilər. İşini yerinə yetirə bilməyənlər vəzifələrini itirirlər, hətta həbs belə olunurlar. İcra başçılarının çıxarılmasından 10 gün keçib və yenilərinin çıxarılmamasını faciəyə çevirmək lazım deyil. Çünki bu proses kampaniya xarakteri daşımır. İslahatlar paketi ortaya qoyulubsa, müəyyən şəxslər vəzifələrindən azad olunursa, bu prosesə mane olanların zərərsizləşdirilməsi prosesi aparılırsa, inanıram ki, ölkə başçısı tərəfindən davamlı olacaq. Kimliyindən mane olmayaraq, bu prosesə mane olmaq istəyənlərin cəzalandırılması qaçılmazdır. Kimlərin işdən azad olunub-olunmaması ilə bağlı konkret fikir söyləyə bilmərəm. Çünki bu, prezidentin müstəsna səlahiyyətidir”.
Deputat bir çox məmurların dəyişdirilməsinə ehtiyacın olduğunu da qeyd etdi: “İslahatlara hazır olmayan, Azərbaycanın inkişafına mane olan, yeni dövrün çağırışlarına uyuşmayan bacarıqsız məmurlar var. Bu şəxslər heç gizlədilmir də. Bu baxımdan bəzi məmurların vəzifələrindən uzaqlaşdırılması prosesi davam edəcək. Başqa yol da yoxdur. Amma bu prosesin kampaniya xarakterli olması məqsədəuyğun olmazdı. Hamımız Azərbaycan vətəndaşıyıq. Hər gün keçən həyatımızda neqativləri biz də yaşayırıq. Hamımızın arzumuzdur ki, Azərbaycan oturuşmuş demokratik dövlətə çevrilsin. Bu baxımdan korrupsiyaya qurşanan məmurların ”təmizlənməsi"nə ehtiyac var. Prezidentin bu kursu davam etdirəcəyinə inamım tamdır. Ölkə başçısının çağırışları onu göstərir ki, ortada güclü siyasi iradə var. Həm hakimiyyət daxilində kadrların dəyişdirilməsi, həm çevik idarəetmə sisteminə keçilməsi, cəmiyyətin inkişafı üçün tətbiq olunan qanunlar onu göstərir ki, mane olan personaların proseslərdən kənarda qalmaları labüddür".
Politoloq Natiq Miri hesab edir ki, icra başçılarının “yarpaq tökümü” prosesi dayanmayıb: “Amma davamlı olmasının müsbət nəticələnəcəyini də düşünmürəm. Çünki bu vəzifəyə təyinatın dəyərləri dəyişməlidir. Bizdə isə tamam fərqli situasiyadır. Hakimiyyətə sadiqlik prosesi, yaxud daxildə müəyyən şəbəkəyə bağlılıq əsas götürülür. Ona görə də həmin icra başçıları xalq üçün çalışmırlar. Təşəbbüskar gənc belə icra başçısı təyin olunsa, müsbət effekti olmayacaq. Ola bilsin ki, sistemvari dəyişiklik nəticəsində bəzi icra başçıları vəzifələrini itirsinlər. Amma indiki vəziyyətdə hakimiyyətin ”kadr bankı"nın yetərincə olduğunu düşünmürəm. Bunun olması üçün müəyyən qədər zaman lazımdır".
Politoloq iqtidarın kütləvi şəkildə icra başçılarının çıxarılması prosesindən ehtiyatlanmadığını düşünür:“Vəzifəsini itirən istənilən şəxsin hakimiyyətə qarşı çıxmaq lüzumu yoxdur. Çünki zamanında bu tipli şəxslər müəyyən qanunsuzluqlarda iştirakçı olduqlarına görə onların həbs edilmələri an məsələsidir. Ona görə də sabiq məmurlar, sadəcə, susmağa məcbur olurlar. Bu baxımdan hakimiyyətin çıxarılan məmurlarla bağlı əndişəyə düşəcəyini düşünmək doğru deyil. İstənilən naziri belə hakimiyyətin bir anda bitirmək şansı var. Bunları düşünsək, qarşıdakı zamanda icra başçılarından bəzilərinin vəzifələrini itirəcəklərini düşünmək olar. İstənilən rayona gedib, onların bölgələrdə törətdikləri qanunsuzluqların şahidi olmaq olar. Əhali icra başçılarından cana doyub. Ona görə də onların vəzifələrindən uzaqlaşdırılmaları nəinki hakimiyyət üçün təhlükə törədir, əksinə, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Sadəcə, yeni vəzifəyə təyinat alanlar perspektivli, əhalini düşünən olmalıdır”.
AzerTaym.az