Son zamanlar bir sıra şəhərlərdə terror hadisələrinin törədilməsi hər kəsdə qorxuya və panikaya səbəb olub. Dünyanın ən güclü ölkələrinin belə terrordan sığortalanmadığına Fransada, Türkiydə və ardınca Belçikada baş verən və çoxsaylı insan itkisinə səbəb olan partlayışlardan sonra bir daha şahid olduq.
Terror təşkilatlarının son zamanlar seçdikləri əsas üsl isə “canlı bomba”dır. Ekspertlərin də fikrincə “canlı bomba” yöntəmi hüquq-mühafizə orqanları tərəfindən çətin aşkarlanır. Buna görə də teroristlər əsasən bu üsulu seçməyə başlayıblar. “Canlı bomba”lar asanlıqla ictimai yerlərdə - avtobuslarda, metrolarda, hava limanlarında əyləmlərini icra edə bilir, öz çirkin əməllərini icra edə bilir.
Türkiyənin ardınca Brüsseldə terror hadisələrinin baş verməsi Azərbaycanda da insanlar arasında müəyyən qədər qorxunun yaranmasına və “bizdə də ola bilərmi” sualının ağıllara gəlməsinə səbəb olur. Bu mövzu hər dəfə istənilən ölkədə terror hadisələri baş verdikdən sonra bir daha aktuallaşır və Azərbaycanda ictimai yerlərdə təhlükəsizliyin necə təmin olunması məsələsini müzakirəyə çıxarır.
Musavat.com-un əməkdaşı dünyanın terrorun hədəfində olduğu bir vaxtda Bakıda ictimai yerlərdə təhlükəsizliyin necə təmin olunduğunu bir daha öyrənməyə çalışıb.
Əvvəlcə hər gün minlərlə insanın istifadə etdiyi metrodan başlayaq. Terrorçuların əsas hədəf olaraq seçə biləcəyi məkanlardan biri təbii ki, metrostansiyalardır. Ölkə olaraq 22 il əvvəl bu günlər Bakı Metropolitenində terror hadisəsinin acısını yaşamışıq. Hazırda Bakıda metrostansiyalar Daxili İşlər Nazirliyi tərəfindən qorunur.
Bakı Metropoliteninin necə qorunması ilə bağlı bir neçə dəfə reportaj hazırlayarkən əlimizdə şübhəli çanta ilə metrostansiyaların platformasına heç bir maneə rast gəlmədən daxil olmağı bacarmışdıq. İndi də bu addımı atmaq çətin deyil. İnsan sıxlığının müşahidə olunduğu metrotansiyaların girişlərində yalnız sərnişinlərin əl çantaları yoxlanılır. Keçidlərdə, metrostansiyaların platformalarında müşahidə kameraları var.
Son zamanlar “canlı bomba” üsulundan istifadə olunduğunu nəzərə alsaq, hazırkı nəzarət üsullarının əhəməiyyətsiz olduğunu düşünə bilərik. Çünki metrostansiyaların girişlərində yalnız əl çantaları yoxlanılır və canlı bomba rahatlıqla qatarlara doğru hərəkət edə bilər.
Bir müddət əvvəl bəzi metrostansiyalarının girişində sərnişinlərin yoxlanması üçün xüsusi cihazlar gətirilmişdi. Bu xüsusi cihazlar sərnişinin üzərində partlayıcı maddənin və digər təhlükəli əşyaların olmasını müəyyən edə biləcəkdi. Lakin həmin xüsusi aparatlar istifadə olunmadı. İndi həmin aparatları “Neftçilər”, “Koroğlu” metostansiyalarının girişində, bir kənarda, toz içində görmək mümkündür.
Onu da qeyd edək ki, DİN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb. Bayram günlərində metrostansiyalarda polis əməkdaşlarının çoxluğunu müşahidə etmək olur. Hazırda paytaxt küçələrində Post Patrul Xidmətinin əməkdaşlarını adi günlərdəkindən daha çox görmək mümkündür.
İnsanların sıx olduğu yerlər arasında alış-veriş mərkəzləri də var. Bakıda nadir ticarət mərkəzlərində içəri daxil olarkən mühafizə xidmətinin yoxlama apardığının şahidi oluruq. Paytaxtdakı alış-veriş mərkəzlərində mühafizə xidməti əsasən müştərilərin problemləri ilə məşğul olur, onlara yol göstərir.
Ancaq yolunuzun düşə biləcəyi “Metropark” və “28 Mall” kimi böyük ticarət mərkəzlərində nadir hallarda əl çantalarının yoxlandığının şahidi ola bilərsiniz. Digər ticarət mərkəzlərində, bazarlarda isə ümumiyyətlə nəzarət sistemi yoxdur.
Azərbaycanda yalnız hava limanlarında sərnişinlər tam şəkildə yoxlanılır və xüsusi cihazlardan keçirilir. Bu zaman onların üzərindəki qəpiklər belə aşkarlanır. Lakin burada da bir əmma var. Bir müddət əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizliyin necə təmin edilməsi ilə bağlı reportaj təqdim etmişdik. Müşahidə etdiklərimizə əsasən qeyd edə bilərik ki, hava limanının hər iki terminalında sərnişinlər binaya giriş yapdıqdan sonra yoxlanılır. Bu da “canlı bomba”nın hədəfinə çevirilmək ehtimalının olduğunu göstərir.
Martın 22-də Belçikada baş verən terror hadisələrindən sonra “Azərbaycan hava yolları” QSC təhülkəsizlik tədbirlərinin gücləndirildiyi ilə bağlı bəyanat verib.
“Bunlar bizim gördüklərimiz, müşahidə etdiklərimizdir. Bəs görəsən, ekspertlər nə düşünür? Azərbaycan terrordan necə qorunur? Necə qorunmalıdır? ”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, ölkənin xüsusi xidmət orqanları, asayişi qoruyan Daxili İşlər Nazirliyi var: “Təbii ki, hansısa tədbirlər görürlər. Dünyanın heç bir ölkəsi terrordan sığortalanmadığı kimi biz də sığortalanmamışıq. Ayıq-sayıqlığımız bu gün də olmalıdır. Sərhəddən başlayaraq, hər yerdə təhlükəsizlik tədbirləri görmək, şübhəli şəxsləri, terror törədə biləcək potensial şəxsləri nəzarətdə saxlamaq lazımdır ki, terror baş verməsin”.
Ekspertin fikrincə, Bakı aeroportunda xüsusi cihazlar var ki, ölkəyə daxil olan şəxslərin üzərində partlayıcı maddə və cinayətdə istifadə oluna biləcək hər hansı əşya varsa, aşkarlayır: “Lakin bu cihazların metroya qoyulması mümkün deyil. Çünki o qədər insan axını qarşısında bu cihazlar davam gətirə bilməz.
“Kütləvi yerlərdə ardıcıl yoxlamalar aparılsa, bu, əhalidə xof yaradar”
|
Bu səbəbdən metroları polis işçiləri qoruyur, şübhəli bildikləri şəxslərin üzərini araşdırırlar. Əgər əhalinin kütləvi toplaşdığı hər yeri xüsusi nəzarətə alsaq, o zaman əhalinin özündə də bir xof yaranar. Ona görə də elə etmək lazımdır ki, terrorçu ölkəyə girə bilməsin”.
Politoloq Ərəstun Oruclunun sözlərinə görə isə, son illərdə şəhərdə müşahidə kameraları ilə nəzarət intensivləşdirilib, şəhər kifayət qədər qorunur. Ancaq politoloq deyir ki, bu tədbirlər terrordan yayınmaq üçün kifayət eləmir: “Ən müasir ölkələrdə belə bu imkanlar var, lakin istənilən məqamda terror hadisəsi baş verir.
““Terrordan qorunmağın ən yaxşı yolu terror sifarişçilərinin hədəfinə gəlməməkdir”
|
Məncə, terrordan qorunmağın yolu çevik siyasət işlətmək və terror sifarişçilərinin hədəfinə gəlməməkdir. Bugünkü terrorçuların heç biri özbaşına bu addımı atmır. Onların hər biri hansısa təşkilatların əlində alətdir. Bu baxımdan yalnız çevik siyasət daha çox terrordan qorunmağa imkan verir. Bütün texniki vasitələr terrordan qorunmaq üçün önəmlidir. Ancaq həlledici məsələ terroru sifariş edən beynəlxalq güclərin hədəfinə gəlməməkdir”.
İ.Muradov
Fotolar müəllifindir