Baş katib, otel otağı və 30 min avro

Futbol üzrə Azərbaycan millisi Antalya hazırlığını başa vuraraq, artıq vətənə qayıdıb. İnanmaq istərdik ki, bir həftəlik hazırlıq prosesi həm AFFA-nın baş katibi Elxan Məmmədovun, həm də seçməmizin baş məşqçisi Robert Prosineçkinin ürəyincə oldu.

Qazaxıstan milisinə minimal hesablı məğlubiyyət kefləri pozsa da, hava dəyişiklini belə məqamda təsəlli hesab etmək olar. Təbii ki, başqa məqamlar da var. Belə toplanışlar neft pullarının ciblərə axıdılması üçün ən uyğun variant olduğu heç kimə sirr deyil. Heç olmasa, devalvasiyanın yaşandığı, neftin qiymətinin aşağı düşdüyü bir məqamda bu məsələni işıqlandırırıq ki, başbilənlər Məmmədovun işlərindən agah olsunlar.

Ötən gün məsələni araşdırmağa başladıq. "Görəsən, millinin hazırlığı üçün AFFA nə qədər xərcə düşüb" sualına cavab tapmaq üçün seçməmizin təlim-məşq toplanışını təşkil edən "Cool Tour" şirkəti ilə əlaqə saxladıq. Ancaq agentliyin rəhbəri Emir Dizdoroviç susdu. "Danışmağa haqqım yoxdu, AFFA buna icazə vermir" dedi.

Demokratiyada çarənin tükənməz olduğunu nəzərə alaraq, araşdırmanı başqa yöndə davam etdirdik. Nəticədə məlum oldu ki, "Gloria Serenity" otelində bir həftəlik hazırlıq prosesi üçün assosiasiya 30 min avrodan çox xərcə düşməyib. 

Millimiz təxmini Antalyaya 36 nəfərlik heyətlə yollanıb. Belə durumda Elxan Məmmədov, Robert Prosineçki istisna olmaqla futbolçular və digərləri iki nəfərlik (double) otaqlardan istifadə edib. Belə otaqların qiyməti isə mart ayında 220 avrodu. Məmmədovla Prosineçkinin qaldığı tək adamlıq (single) otaqlar isə 165 avroya başa gəlir.

Deməli, 34 nəfər qiyməti 220 avro olan 17 otaqdan istifadə edib. Bu da gündə 3740 avro xərc deməkdi. Bir həftəyə isə 26,180 avro xərclənilir. 2310 avro isə baş katiblə Prosineçkinin bir həftəlik qaldığı otağın pulu edir. Ümumi bu məbləğə isə komadanın hava limanından otelə və əksinə daşınması, gündə iki dəfə paltarların yuyulması, komandanın məşqləri və iki hazırlıq matçı daxildir. Hesablamalara görə, AFFA 1 həftəlik hazırlıq üçün 28, 490 avro xərcləyib. 

Belə götürəndə, yaxşı şəraitli oteldə bir həftəlik hazırlıq üçün bu məbləğ heç də çox hesab edilmir. Ancaq AFFA-nın növbəti hesabat konfransında məbləğin olduğu kimi, yəni heç olmasa 30 min avro yazılmayacağı aydın məsələdi. Cənab Məmmədov əlinin altında çalışan şəxslərə "droj" alıb verəcək ki, rəqəmlər şişirdilsin. Bu da olacaq onun əsl qazancı. 

Hə, sonda onu da qeyd edək ki, ötən illərə nisbətən 30 min avro xərcləməklə Qazaxıstana 0:1 hesabı ilə uduzmağımız müsbət məqamdı. AFFA rəhbərliyinin yarım milyon avro xərcləyib, millini darmadağına sürüklədiyi vaxtlar olub axı...

EMİN SƏFƏROV (Baş katib, otel otağı və 30 min avro » Sport7.az)






Fikirlər