Gəncə Dövlət Universitetində MİLYONLUQ maxinasiyalar - ŞOK FAKTLAR
1 ildə 7 dəfə təmir, ayrılan milyonlar və qruplaşma əməliyyatları. Gəncə Dövlət Universitetinin (GDU) tələbələri adından mətbuata bir müraciət ünvanlanıb. Həmin müraciətdə imtahanlarda rüşvət tələb edilməsi səbəbindən tələbələrin aksiya keçirdiyi xəbərinin doğru olmadığı bildirilib. Mümkündür ki, məktubda göstərildiyi kimi kimsə universitetin nüfuzuna kölgə salmaq istəyib, bunu istisna etmirik. İnternet resurslarında bu təhsil ocağı haqqında tənqidi məqalələr də çoxdur, gördükləri işlər barədə yazılar da var. Bunlara bir şərhimiz yoxdur. Məktubda bəzi məsələlər diqqət çəkir. Tələbələr adından "universitetdə dərs laboratoriyalarının yenidən qurulması, ağıllı lövhələrin quraşdırıldığı” göstərilir. Yəqin bu sətirləri imzalayan tələbələr xəbərsizdirlər ki, hər il dövlət büdcəsindən təhsil aldıqları universitetə böyük pullar ayrılır və həmin vəsaitlər məhz onların təhsil səviyyəsinin yaxşılaşdırılmasına nəzərdə tutulub. Yəni, buna görə kiməsə minnətdar olmaq lazım deyil, o işləri görmək üçün heç kim cibindən pul xərcləmir. "Bizim Yol” qəzeti Satınalmalar Üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqə reyestrlərinə əsasən həmin vəsaitlərin hansı istiqamətlərə xərcləndiyini araşdırıb. Bunu oxuyub, tələbələr də ayrılan maliyyənin qarşılığında onlara yaradılan şəraiti müqayisə edə bilərlər. Qeyd edək ki, büdcə ilə ayrı-ayrı təşkilatların reyestr məlumatlarını çox tutuşdurmuşuq, o qənaətə gəlirik ki, dövlət vəsaitlərinin böyük bir hissəsi müsabiqədən kənar istifadə olunur. Odur ki, şərh olunan rəqəmlər təşkilatlara ayrılan vəsaitləri tam açıqlamasa da, müəyyən təsəvvür yaradır. 2010-cu ildə Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti üzrə cəmi 14 satınalma barədə reyestr məlumatı var. Ümumilikdə tenderdə xərclənən 287,597 manatın 72,930 manatı inventara sərf olunub. 56,206 manat avadanlıq, 42 min manat təmir, 28,371 manat dəftərxana ləvazimatı, 34,950 manat təsərrüfat malları, 24,950 manat mətbəə xərcləri, 18,111 manat abadlaşdırma, 8,043 manat kommunal- kommunikasiya, 2,033 manat da qazanxananın qazlaşdırılmasına yönəldilib. Podratçı qismində də "MX Co”, "YA-M”, "Gümrü Kompüter Poliqrafiya”, "Hafis”, "Qeyrət Nəşriyyat Poliqrafiya”, "Damcı Bulaq”, "Axınçaçay”, "Daşınmaz Əmlakın Real Qiymətləndirmə Mərkəzi” mmc-lər çıxış edib. 2011-ci ildə Universitetin 40 tenderdə xərclədiyi pulun məbləği birdən-birə 5,3 dəfə artaraq 1,522,646 manat olub. Bundan 677,773 manat təmirə gedib və bu məqsədlə 8 dəfə pul ayrılıb. Hər dəfə fərqli firmalar podratçı seçilib. 254,311 manat avadanlıq, 196,208 manat inventar, 52,974 manat dəftərxana və təsərrüfat malları, 49,357 manat mətbəə xərcləri, 26,890 manat nəqliyyat vasitəsinin alınması, 15 min manat kommunal-kommunikasiya, 8,395 xalça və pərdələrin yuyulması, 127,065 manat abadlıq, 114,673 manat "digər xərclər” altında istifadə edilib. Podratçılar – "Texniki Təchizat LTD”, "Real-Təmir-T”, "Direct Media”, "Mənzil-R”, "Caspi-Tikinti”, "Qoşqar-2011”, "Reklamçı”, "Ziya-L”, "Əzim-SM” , "Palma-V”, "Desde”, "Zərrə-FM”, "Qrenada LTD”, "Kaspian L-Təmir Tikinti”, "Sprint-LTD”, "Kvant-Mor Tikinti Təchizat”, "Exiles-STS”, "Azstandart LTD”, "Royal Olimpik Group”, "Vish Master”, Mənzərə-R”, "Şəhriyar-NQ”, "Qeyrət Nəşriyyat Poliqrafiya”,”Gümrü Komyuter Poliqrafiya” mmc-lərdir. Bu qədər vəsaitin göstərilən sahələrə iki il boyunca yönəldilməsi yetərli olmayıb, növbəti illərdə də eyni istiqamətlərə təkrar-təkrar böyük məbləğlərdə maliyyə ayırmaqda davam ediblər. 2012-ci ildə ümumi dəyəri 1,709,045 manat olan 41 tender keçirilib. Bunun yenə 406,622 manatı təmirə sərf olunub. Bir ildə yeddi dəfə təmir işi aparılıb və yenə fərqli firmalara həvalə olunub. 316,699 manat inventar (yeddi dəfə pul ayrılıb), 306,723 manat avadanlıq (yeddi dəfə pul ayrılıb), universitetin abadlığına 163,525 manat (üç dəfə pul ayrılıb) xərclənib. Bir ildə universitetin təkcə dəftərxana və təsərrüfat mallarının alınmasına 191,388 manat sərf olunub. Dörd dəfə də mətbəə işlərinə pul ayrılıb və bu, 109,766 manat təşkil edib. Xalça, pərdələrin yuyulması bu dəfə 11,493 manat, kommunal, kommunikasiya məsrəfləri də 34 min manat olub. 168,829 manatı (beş dəfə pul ayrılıb) da "digər xərclər” aparıb. Podratçıların tərkibi belədir: "Mozaik”, "Meer”, "Qeyrət Nəşriyyat Poliqrafiya”, "Gümrü Kompüter Poliqrafiya”, "Əmrah-LTD-2013”, "Profil”, "Saturn-99”, "Preslava”, "Faster-Printer”, "Sevil-S”, "İlkin-F”, "Çalı-Quşu”, "Vintaj”, "Dizayn-N”, "Edelveys”, "Azər Texno Tikinti”, "Adisson”, "Zahiroğlu-BC”, "Liman Tikinti Quraşdırma”, "Flaqman-A”, "Firogen-RR”, "Berkut-2012”, "Almaz-CS”, "Emport”, "Şəvqət-G”, "İdeal-G”, "Delka” mmc-lər və "Azstandart” LTD. 2013-cü ildə cəmi 6 tender göstərilib. Yumşaq inventarlar 19,574 manat, digər maşın və avadanlıqlar 47,930 manat, yenə inventarlar 44,090 manata başa gəlib və bütün işlər "Super Təchizat” MMC-yə verilib. Mətbəə xərcləri üzrə satınalmalar 19,960 manat ("Qeyrət Nəşriyyat Poliqrafiya”), dəftərxana malları 19,968 manat ("Gümrü Kompüter Poliqrafiya”), idarənin digər xərcləri maddəsi üzrə malların, işlərin və xidmətlərin satın alınması da 24,561 manat ("Planet SS” MMC) olub. Göründüyü kimi yenə 176,083 manat avadanlıq, inventar, mətbəə, dəftərxana və "digər xərclər”ə gedib. Universitetin 2014-cü il üzrə tenderdə sərf olunan xərc maddələrinin tərkibinə baxaq. 13 tenderin ümumi qiyməti 1,016,915 manatdır. 625,514 manat təmir, 90,977 manat abadlıq, 76,700 manat avadanlıq, 74,680 manat inventar, 44,850 manat mətbəə, 41,791 manat dəftərxana, 37,900 manat nəqliyyat vasitəsinin alınması, 24,503 manat da "sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan "İnstal-Servis” MMC birdən-birə peyda olub və Gəncə Dövlət Universitetinin əsaslı təmir işlərini 527,049 manata aparıb. Yəni yarım milyon manatdan çox bir məbləği götürüb. Digər podratçıların siyahısı da yenidir və "odnorazoviy” tipdəndir. "Hıranur”, "EMC Corporation”, "Limango Z”, "Eleksir-D”, "Eltun Poliqrafiya”, "Amudərya”, "Azbay”, "Prima Vera”, "Alov Servis”, "Qeyrət Nəşriyyat Poliqrafiya” mmc-lər, "Gəncə komisyon avtomaşın və onun ehtiyat hissələrinin satış üzrə ixtisaslaşdırılmış 2 saylı mağaza”dır. Daha əvvəl də "İnstal-Servis” MMC-nin bir çox dövlət satınalmaları üzrə keçirilən yüksək məbləğdə tenderləri qazandığı barədə epizodik yazmışdıq. Bu şirkətin gördüyü işlərin dəyəri ən az 150-200 min manatdan başlayır. Gəncə şəhər İcra Hakimiyyətində də adıçəkilən şirkətin xidmətindən geniş istifadə edirlər. Ümumiyyətlə, bazada əksini tapan hər tenderin altından bu MMC-nin adı çıxır, amma nə web-saytı var, nə də "Faceboo” səhifəsi. İnternet resurslarında barəsində məlumat yoxdur. Əvəzində tənqidi məqalələr, gerçək bir şirkət olduğuna şübhələrə dair yazılar var. Təkcə 2014-cü ildə "İnstal-Servis” MMC müxtəlif dövlət təşkilatlarından ümumi dəyəri 20,072,414 manat olan 75 tenderi götürüb (ondan əvvəlki il qazandığı tenderlərin sayı 79 olub). Hər birinin də dəyəri 200-500 min manat civarında. Bəzilərinin qiyməti bir neçə milyondur. Qubadlı İcra Hakimiyyəti 220,883 manatlıq abadlaşdırma, Gəncə İcra Hakimiyyəti 855,319 manat dəyərində iki uşaq bağçası və bir məktəbin təmiri, Gəncə Dövlət Universiteti 527,049 manatlıq əsaslı təmir, "Bakıelektrikşəbəkə” 2,504,772 manatlıq elektrik təchizatı, Siyəzən İcra Hakimiyyəti 440,000 manatlıq təmir, 621,056 manatlıq yolların təmiri, Tərtər Rayon Təhsil Şöbəsi 199,659 manatlıq inventar, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi mənzil fondunun əsaslı təmirinə 418,999 manat, Şəki Şəhər Təhsil Şöbəsi 176,077 manatlıq avadanlıq, 482,030 manatlıq inventar, Dövlət Mədəniyyət və İncəsənət Universiteti 286,723 manatlıq təmir, Samux İcra Hakimiyyəti 523,108 manatlıq təmir, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 277,117 manatlıq inventar, Bərdə Rayon Təhsil Şöbəsi 760,927 manatlıq avadanlıq, inventar, Bərdə İcra Hakimiyyəti 621,997 manatlıq abadlıq, 593,804 manatlıq yolların təmiri, Şəmkir Rayon Təhsil Şöbəsi 652,888 manatlıq inventar, Şəki Rayon Mərkəzi Xəstəxanası 678,424 manatlıq avadanlıq, inventar, Tərtər İcra Hakimiyyəti 1,346,604 manatlıq abadlıq, təmir, Daxili İşlər Nazirliyi 379,747 manatlıq geyimin və s. satın alınmasını bu şirkətə həvalə edib. Göründüyü kimi qazandığı tenderlərin coğrafiyası da genişdir. Bu işləri necə, hansı kadr potensialı, hansı avadanlıq hesabına gördüyü bilinmir. Hüquqi ünvanının Bakının Maştağa qəsəbəsindəki bağ evlərinin birində olduğu bildirilir. Universitetin 2015-ci ilin xərclərinə gəlincə, keçən ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1,882,199 manat olan 15 satınalmaya dair məlumat var. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1,421,294 manatlıq təmir işi "İlqar-MR” MMC-yə həvalə olunub. Bu şirkət də dövlət qurumlarından yetərli qədər iri həcmdə tenderləri qazanıb və adı maliyyə fırıldağı edən bəzi qurumlarla yanaşı çəkilir. Bizim araşdırmalarda da bu şirkətə toxunmuşuq. Keçən il üç dəfə və ümumilikdə 1,517,179 manatlıq təmir aparılıb, 25 min manatlıq da layihə-smeta işləri görülüb. 68,217 manat inventar, 48,156 manat avadanlıq, 48,729 abadlıq, 34,652 manat dəftərxana və təsərrüfat malları, 23 min manat mətbəə, 17 min manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də "digər xərclər” altında 100,266 manat istifadə edilib. "Markom Group”, "Sosial-İnkişaf-Layihə”, "İlqar-MR”, "Admarket”, "Eltun Poliqrafiya”, "Cavid 2010”, "Maskomar” mmc-lər, yenə avtomobil satışı üçün 2 saylı mağaza podratçı seçilib. Barəsində söhbət gedən məktubun sonunda rüşvət yığılması ilə bağlı məlumatı yazan jurnalistlər dırnaq içərisində verilib. Bu üslub çox tanış gəldi. Yaxınlarda Dövlət İqtisad Universiteti (ADİU) və Dillər Universitetinin (ADU) xərcləmələri barədə apardığımız araşdırmaya Təhsil Nazirliyindən gələn cavabda da araşdırma sözü dırnağa alınmışdı. Öz çaplarında yazıdakı faktları şübhəyə alırdılar. Halbuki, rəqəmlər bir dövlət qurumunun rəsmi web-saytına istinadən verilib. Yeri gəlmişkən, Mia.az-a adıçəkilən universitetin rektoru Yusif Yusif haqda bir neçə dəfə yazı gedib. Həmin yazılarda rektorun Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşır Yusifovun qardaşı olduğu xatırladaraq, GDU-da baş verənlərin səbəbsiz olmadığı vurğulanıb. Nədən ki, Cavanşir Yusiovla maliyyə nazirinin müavini Azər Bayramov eyni komandada olmaqla yanaşı, həm də ikincinin qardaşı Ceyhun Bayramovun təhsil naziri Mikayıl Cabbarovun 1-ci müavini olması faktını da unutmayaq. yəni bu şəbəkə komandasına arxalanan rektorun tender altında GDU-da milyonluq əməliyyatlar aparmasının sirləri ciddi araşdırılmalıdır… AzerTaym.az