Sumqayıt rəhbərliyi bir ildə bu qədər ərzağı kimə yedirdib?
Şəhərə milyonlar ayrılır, nələrə xərcləndiyi isə müəmmalarla doludur
"Bizim Yol" qəzeti dövlət büdcəsindən şəhər və rayonların icra hakimiyyətlərinə ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə sərf olunduğu ilə bağlı çoxsaylı araşdırmalar təqdim edib. Bu dəfə Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıt üçün nəzərdə tutulan pulların nə dərəcədə rasional xərcləndiyini tədqiq etmişik. Sumqayıt TV bu ilin aprelində şəhərin problemləri ilə bağlı sakinlər arasında sorğu keçirib. Sorğuda əhali mərkəzdə abadlıq işlərindən razıdır, amma mərkəzdən kənar küçə və yolların bərbad olduğunu deyirlər. Eynilə paytaxtdakı kimi. Bildirirlər ki, mərkəzdən uzaq küçələr, məhəlləarası yollar təmir edilmir, işıqlandırılmır, evlərin zirzəmiləri su içindədir, girişlər bərbad vəziyyətdədir, bloklarda siçovulların əlindən tərpənmək olmur, harada gəldi tikinti aparılır, su xətləri şəhərin hər yerində yoxdur, 50-70 illik ağacları kəsib, yerində "çubuq" əkirlər, camaat parkda istirahət etmək üçün mikrorayonlardan mərkəzə axışır. Deyirlər, ancaq görünən yerlərə sığal çəkirlər. Və təbii ki, Sumqayıtda məşğulluq problemi, bir də kirayələrdə yaşayan "evsizlər ordusu" var. Sorğuda iştirak edənlər Sumqayıt İH-də şikayətlərə baxanın olmadığını deyirlər.
Keçən il Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişi zamanı külli miqdarda kənaraçıxmalar müəyyən edilib. İcra Hakimiyyətinin "ayağında" 2 milyon manatlıq mənimsəmə faktının olduğu deyilir. Bildirilir ki, dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podratçıya pul ödənilib, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam ödənilib və işi axıracan yerinə yetirməyən şirkətdə debitor borc yaranıb. Dövlət başçısının Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də ürəkaçan olmayıb, audit zamanı məlum olub ki, pul ayrılsa da, bir neçə obyektin tikintisi layihə-smeta sənədi hazırlanmadan həyata keçirilib. Bir müddət sonra da obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən iki dəfə pul silinib. Obyektin əsaslı təmiri üçün ayrılan vəsaitin başqa istiqamətə yönəldilərək "pripiska" edilməsi halı aşkarlanıb. Bununla yanaşı, şəhərin Mənzil Təsərrüfatı İstismar İdarəsi (MTİİ) tərəfindən "Lift Servis" Birliyi və Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərin adından tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar büdcə vəsaiti hesabına ödənilib. Hesabata görə, şəhər İH zibilin daşınması üçün ayrılan vəsaitin 811 min manatını mənimsəyib. Liftlərin təmiri üçün isə nəzərdə tutulan investisiya xərclərindən 1 milyon manata yaxın vəsaitin korrupsiyaya uğradığı bəlli olub.
İcra başçısının hər il yarım milyon manatlıq bərk inventar öhdəliyi...
Satınalmalar üzrə Dövlət Agentliyinin reyestr məlumatlarında Sumqayıt Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitlərdən tender yolu ilə xərclənən hissə əksini tapıb. 2010-cu ildə şəhər İH-in sərəncamında olan vəsaitin cəmi 711534 manatı tenderdə istifadə olunub. Bundan ən böyük məbləğ - 372526 manat konteyner qaldırıcı və zibil yığan maşınların, 84929 manat da "Komatsu W 93R-5" ekskovator yükləyicinin alınmasına yönəldilib. Vəsaitin 124498 manatı inventar, avadanlıq, mal-material, dəftərxana ləvazimatı, hətta oyuncaq alınması kimi xərclərə yönəldilib. Elə bil ki, İH təzəcə yaranıb, əldə olan vəsaitlə inzibati ehtiyaclarını qarşılamaqla məşğul olublar. 23600 manata buldozer, 49950 manata tullantı daşıyan avtomaşın və 4 ədəd vanna tipli zibil konteyneri, 49999 manata məişət tullantıları üçün metal konteyner alınıb. İH vəzifələrinə daxil olan yalnız 29656 manatlıq təmir işi görüb. Sonrakı illərdə heç də bundan fərqli mənzərə deyil. Əksinə, vəsaitlər artdıqca onları "xərcləməyə" yer tapıblar.
2011-ci ildə şəhər İH 7 milyon 20 min 160 manatlıq işi satın alıb. Təsərrüfat malları, maşın, avadanlıq, inventar, mebel, dəftərxana ləvazimatı, şənliklər, "cari xərclər" 718627 manat tutub. Təkcə "Ximekspress-2000" firmasından guya bir dəfəyə 405000 manatlıq bərk inventar alınıb. Sonrakı illərdə də bərk inventar adı ilə hər dəfə yarım milyon manat civarında məbləğ silinib.
İH-in inzibati binasına da 65500 manata ("Erva-En" MMC) mebel götürülüb. Həmin il 96000 manata ("İman-N" kiçik müəssisəsi) məişət tullantıları konteynerlərinin alındığı yazılır, amma bir il sonra şəhər sakinləri zibil qutularının qıtlığından mətbuata şikayətlənib. Adi zibil qutusunun qiymətini 200 manatdan götürsək, həmin vəsaitə 480 qutu almaq olar ki, bütün binalara çatar. Vəsait təyinatına xərclənsəydi, camaat da şikayət etməzdi. Sonrakı illərdə də zibil qutusuna xeyli pullar ayrılıb. Xiyaban, park və səkilərin abadlaşdırma işləri 551915 manata, küçə və yolların asfalt örtüyünün təmiri 2730093 manata, küçə və asfalt örtüyünün təmiri 2480106 manata (hər ikisi ünvansızdır), Corat qəsəbə küçələri asfalt örtüyünün əsaslı təmiri 79985 manata, H.Zeynalabdin qəsəbəsində küçələrin asfalt örtüyünün əsaslı təmiri işləri 19987 manata "Yol İnşaatçısı" MMC-dən satın alınıb. H.Zeynalabdin qəsəbə icra nümayəndəliyinin inzibati binasının əsaslı təmiri 49824 manat, təmir və abadlıq 29000 manat (hər ikisində podratçı "Üfüq-2011" MMC), amma məktəb və bağçaların təmiri cəmi 10 min manat ("Fəqan-2005" MMC) tutub. Həmin il ərzağa da 55388 manatlıq ("Habiboğlu-V.H." MMC 49393 manat, "Fəqan-2005" MMC 5995 manat) bir vəsait ayrılıb.
5 təşkilatın binasının təmirinə 14200, Sumqayıt İH-nə 197100 manat
2012-ci ildə Sumqayıt şəhər İH ümumilikdə 5 milyon 866 min 890 manat vəsaiti tender yolu ilə xərcləyib. Sadəcə diqqətçəkən məbləğləri ayrıca qeyd edəcəm. "Həbiboğlu VH" MMC-dən iki dəfə ümumi dəyəri 202698 manat olan ərzaq satın alınıb. Daha 28862 manatlıq ərzaq da "Təchizat və xidmət" LTD-yə sifariş edilib. Şəhər İH-in inzibati binasının əsaslı təmirinə 197100 manat, yaşayış binalarının əsaslı təmirinə 412700 manat ayrılıb və hər iki iş üzrə podratçı "Ximekspress-2000" firmasıdır. Sakinlər isə binaların təmir olunmadığını deyirlər. Xiyaban, park və səkilərin abadlıq işləri 646248 manata, küçə və yolların asfalt örtüyünün təmiri iki dəfə olmaqla 2811252 manata "Yol İnşaatçısı" MMC-yə verilib. H.Zeynalabdin qəsəbə küçələrinin asfalt örtüyünün əsaslı təmiri də 119980 manata bu şirkətə həvalə olunub. "Evrodizayn" QSC-dən 102773 manatlıq kompüter və müxtəlif avadanlıq alınıb. "Orbita 2012" MMC-dən yenə 51078 manatlıq avadanlıq, 94000 manatlıq bərk inventar, "Günay" MMC-dən 79950 manatlıq mal-material götürülüb. İH-ə 159020 manata yumşaq inventarlar, yataq ləvazimatları və xüsusi geyimlər "Qlobal 2012" MMC-dən əldə edilib, avadanlıq, bərk inventar, mal-materiala 225028 manat sərf olunub. Amma Mədəniyyət evi, 2 saylı uşaq bağçası və 7 saylı orta məktəbə alınan yumşaq inventar cəmi-cümlətanı 3198 manat tutub.
Corat qəsəbə nümayəndəliyi, mədəniyyət evi, 2 saylı uşaq bağçası, kitabxana və 7 saylı orta məktəbin cari təmiri də 14200 manata başa gəlib. Müqayisə üçün təkrar deyim ki, Sumqayıt şəhər İH-in inzibati binasının əsaslı təmiri 197100 manat olub. "Ximekspress-2000" firması 45 saylı uşaq bağçasında əsaslı təmiri 24995 manat, 46 saylıda cari təmiri 29005 manata aparıb. Hər halda məmurlar əsaslı və cari təmiri bir-birindən ayıra bilmirlər, yoxsa cari təmir əsaslıdan baha başa gəlməzdi. Təki sərəncamlarında pul olsun, hansı adla silməyin onlar üçün fərqi yoxdur. 51 saylı uşaq bağçasının əsaslı təmiri üzrə təkcə layihə-smeta sənədlərinin hazırlanmasına 18 min manat, 12 nömrəli orta məktəbinkinə yenə o qədər, 6, 32 nömrəli məktəblər, fars-ingilis təmayüllü internat məktəbi və 39 saylı uşaq bağçasının təmirinin layihə-smeta sənədlərinə 76409 manat verilib. Təsərrüfat malları da 39220 manat "AF-İnşaat 2012" MMC-dən alınıb. Həmin il İH iri məbləğləri əsasən iki firmaya verib - "Yol İnşaatçısı" MMC-yə bir ildə 3577480 manat, "Ximekspress-200" MMC-yə 737100 manatlıq iş həvalə olunub. "Həbiboğlu VH" MMC də 259.008 manat, "Orbita 2012" MMC 225028 manat, "Qlobal 2012" MMC də 159020 manatlıq iş görüb. Avadanlıq, mebel, təsərrüfat, dəftərxana malları və s. üçün ümumilikdə 946797 manat sərf edilib. Bayram şənliklərinə də 65600 manat xərc çəkilib.
"Nurtel Elektrik" MMC-dən 500 min manatlıq alış-veriş "ənənəsi"
2013-cü ildə şəhər İH-in birdən-birə 1549680,5 manat dəyərində ərzağı niyə və kimə aldığı bəlli deyil. Bir il əvvəl bu qədər ərzağa ehtiyac olmamışdı, o vaxt 230 min manat xərclənmişdi. Tələbatın qəfildən 6.73 dəfə artmasında pul silməkdən başqa nə bəhanə ola bilər ki? Ən şokedici tərəfi odur ki, hesabatın sonlarında daha 1549698 manatın da ərzağa sərf olunduğu bildirilir. Hər iki halda vəsait "Təchizat və xidmət" LTD-yə verilib. Rəqəmlər arasında 0.18 manatlıq bir fərq olduğundan onun yanlışlıqla təkrarlandığını düşünmürəm. 2013-cü ildə ərzaq adıyla 3.1 milyonluq vəsait tenderlə verilib. Ürəyi soyumayan İH-də daha 43280 və 9400 manatlıq ərzaq da "Midiya-A" firması və "Şimşək" LTD-dən alınıb. "Araz İnşaatçı" MMC 2.4 milyon manata uşaq bağçasının tikintisini aparıb. Camaat bu qiymətə 280 yerlik məktəb tikir, bunun belə çox olduğunu deyirik.
Araşdırmalarımızın birində mütəxəssislərə istinadən yazdıq ki, 2.5 milyon manata 16 mərtəbəli, yaxşı təmirli ev tikmək olar. Şəhər İH 12 saylı orta məktəbi də yarım milyon manata "Vip Təmir Tikinti" MMC-yə təmir etdirib. Sakinlər küçələrdə işığın olmadığından şikayətlənirlər, amma "Nurtel Elektrik" MMC-dən 498373 manatlıq elektrik avadanlıqları alınıb. Sanki bir öhdəlik kimi sonrakı illərdə də bu şirkətə yarım milyon manatlıq bir sifariş verilib. Əhali isə qaranlıqdan şikayətlənir. Corat qəsəbəsində də 6387 manata küçələrə işıq çəkilib. Əvvəlki illər avadanlıq və inventara yetərli qədər vəsait sərf olunsa da bu il də xərclər təkrarlanıb. Yumşaq inventarlar, yataq ləvazimatları və xüsusi geyimlərə 159800 manat ("Respec-Ae" MMC, "Azfabers" MMC) sərf olunub.
Ümumilikdə il boyu yumşaq, bərk inventar, maşın və avadanlıq, dəftərxana ləvazimatı, tərtibat, mal-materiallara 1 milyon 140 min manat sərf olunduğu rəqəmlərdə əksini tapıb. Yenə 49855 manatlıq zibil qutuları alınıb. Şəhər İH bayram şənliklərinin təşkilində də xəsislik eləmir, 63660 manatı buna sərf edib, növbəti illərdə də bu civarda məbləğə şənlənirlər. Avtomobil alanda da yenə səxavətlə davranıblar, bir dəfə 27500 manata bir, başqa vaxt 58500 manata iki avtomobil alınıb. İdarə işləri üçün 17-18 min manatlıq avtomobil də kifayət edərdi. Daha sonra yenə 95625 manatlıq maşın və avadanlıq götürülüb...
(davamı növbəti sayda)
H.HƏMİDOVA