Mehriban Əliyevanın KÖMƏKÇİSİ gənclərə ÇAĞIRIŞ ETDİ

Mehriban Əliyevanın köməkçisi gənclərə çağırış etdi

"Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işləri əlaqələndirmək və effektivliyi təmin etmək üçün Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb”.
AzerTaym APA-ya istinadən xəbər verir k, bunu Gənclər Təşkilatlarının III Milli Konqresində çıxışı zamanı Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.
Y.Məmmədəliyev deyib ki, PA Gənclər siyasəti və idman məsələləri şöbəsi qısa müddətdə 100-dən artıq gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, regionlarda gənclərlə fikir mübadiləsi aparıb: "Bu görüşlər zamanı regionlar üzrə ixtisaslaşan gənclər təşkilatlarının formalaşdırılması, ekspert bankının yaradılması, layihələrinin innovativ hazırlanması məsələləri müzakirə olunub”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir: "Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirilməlidir. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Gənclər təşkilatlarında qərar qəbul etmə prosesində məhz gənclər təmsil olunmalıdır. Bu, gələcək kadrların formalaşdırılması üçün vacibdir”.
Y.Məmmədəliyev nəzərə çatdırıb ki, gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir: "Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü,Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü, prezident seçkiləri və EXPO-25 üçün Bakının namizədliyinin təsdiqlənməsi bu sıradadır. Gənclər təşkilatlarının bu proseslərdə aktiv iştirak etməsi mütləqdir. Gəncləri dövlətçilik prinsiplərini əsas tutmağa çağırırıq”.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də 2018-ci ildə gənclər təşkilatlarını, gəncləri aktiv olmağa çağırıb: "Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Bu Fond gənclər təşkilatlarına ötən müddət ərzində böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il maraqlı il olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatdadır, ancaq bu təşkilatların hamısı aktiv deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”.






Fikirlər