Xüsusi təyinatlı POLKOVNİK şəhidimiz TÜRK albayı ağlatdı

Xüsusi təyinatlı polkovnik şəhidimiz türk albayı ağlatdı

Miq.az-a telefon açan Türkiyədə yaşayan soydaşımız redaksiyamıza maraqlı bir məlumat verdi. Türkiyədə Hərbi Akademiyaların birində dərs verən bir albay (Hərbi sirr olduğundan ad- familiyasını və dərs dediyi məktəbi yazmırıq-red) Ermənistanın Qarabağda törətdiyi təxribat nəticəsində həlak olan polkovnik-leytenant Murad Mirzəyevin şəhid olma xəbərini eşidən kimi ağlayıb.

Həmin akademiyada təhsil alan digər millətlərin nümayəndələri də türk albayın bu ağlamasına baxıb, köks ötürüblər. Bir saata yaxın ətrafındakı zabitlərə Murad Mirzəyevin həyat yolundan, dostluğundan və peşəkar zabit olmasından danışan türk albay göz yaşlarını saxlaya bilməyib...

Miq.az xəbər verir ki, hərbçilər Türkiyədəki Ali Hərbi məktəbdə birlikdə təhsil alıblar və eyni zamanda dost olublar. 
Xatırladaq ki, Qarabağın erməni işğalından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
 Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.
Dünən gecə onun cənazəsi hərbi helikopterlə Bakıya gətirilib. 
Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasimində müdafiə naziri Zakir Həsənov, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, generallar, nazir müavinləri, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovni Elçin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.
Mərasimin rəsmi hissəsinin bitməsinin ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.
Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.
Vətən uğrunda döyüşüb canını fəda edən şəhid zabitimizə Allahdan rəhmət diləyirik!
 AzerTaym.az

 






Fikirlər