ƏLİ İNSANOV nəhayət, AZADLIĞA BURAXILA BİLƏR

Sabiq nazirin əfv olunacağı gözlənilir

Azərbaycanda böyük əfv sərəncamının imzalanacağı, eyni zamanda “Amnistiya aktı”nın qəbul ediləcəyi gözlənilir. Ehtimal olunur ki, əfv sərəncamı və gözlənilən “Amnistiya aktı” ilə həbsdə olan siyasilər də azadlığa çıxacaqlar.

Sabiq səhiyyə naziri Əli İnsanovun da adı azadlığa çıxacaq siyasilər arasında ilk yerlərdə çəkilir. Bildirilir ki, sabiq nazir əfv oluna bilər. Əlbəttə ki, bu, prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Bununla belə, Əli İnsanovun da azad ediləcəyinə ümidlər var.

Yada salaq ki, hələ 2013-cü ilin prezident seçkisi öncəsi Əli İnsanovun əfv olunacağı və azad ediləcəyi haqda məlumatlar dolaşırdı. Bildirilirdi ki, Əli İnsanov azadlığa çıxaraq ölkəni tərk edəcək. Amma bu, baş vermədi. 70 yaşını həbsdə qarşılayan sabiq nazirin əvvəlki dövrlərə nisbətən daha neytral mövqe tutması belə ehtimallar yaradıb ki, o, bu dəfə azadlığa buraxıla və ölkəni tərk edə bilər.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib. Həbs müddətinin bitməsinə 2 ay qalmış - 2016-cı ilin avqustunda ona qarşı yeni cinayət işi başlanıb. İttihama görə Əli İnsanov kamerasında psixotrop tərkibli dərman saxlayıb, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirib. 70 yaşlı sabiq nazir ittihamları qondarma adlandırıb. Kamerasında psixotrop tərkibli dərman saxlamadığını, Penitensiar Xidmətin əməkdaşına xəsarət  yetirmədiyini desə də, bu, hakimə onun barəsində ittihamedici əsaslarla hökm çıxarmağa mane olmayıb.  2017-ci il aprelin 26-da Əli İnsanov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Əli İnsanovla bağlı durumu “Yeni Müsavat”a şərh etmiş vəkil Əsabəli Mustafayev sabiq nazirin əfv olunacağını istisna etməmişdi. Vəkilin dediklərindən sitat: “Əvvəlki təcrübələri götürsək, ”Amnistiya aktı" az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də  azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır".

Vəkil demişdi ki, Əli İnsanovun azadlığa çıxması mümkündür: “Onun azadlığa çıxması əlbəttə ki, mümkündür. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Hətta ömürlük həbsdə olanı da əfvə salıb, azadlığa buraxa bilərlər. Gözlənilir ki, böyük amnistiya olacaq və digər maddələr də ora salınacaq. İndiki halda Əli İnsanovun əfvə və ya amnistiya aktına düşərək azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur”.

Yada salaq ki, 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əfv sərəncamının veriləcəyi və “Amnistiya aktı”nın qəbul ediləcəyi gözlənilir. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı mətbuata açıqlamalarından birində demişdi ki, siyasi məhbus problemi Azərbaycan üçün birdəfəlik qapanmalıdır. Qrup üzvü qeyd edib ki, Azərbaycan böyük bir bayram astanasında olduğu üçün əfv və amnistiya çox yerinə düşmüş olardı: “Hər halda, Cümhuriyyətin 100 illiyi hər zaman olmur. Humanistliyi özündə birləşdirən bayramda bu qərarların olması çox sevindirici olardı. Ümid edirəm ki, bunlar baş verdikdə Əfv Komissiyasına göndərdiyimiz siyahı, eləcə də prezidentə çoxsaylı şəxslərin imzaları ilə ünvanladığımız məktubdakı xahişimiz nəzərə alınacaq”.






Fikirlər