“NƏ ZAMAN Kİ, əfv olacağı GÖZLƏNİLİR, AVROPADA BƏZİLƏRİ 5-10 qəpik pula görə başlayırlar HAY-HƏŞİRƏ”

Qarşıdan Novruz bayramı gəlir. Hər il adətən bu bayram ərəfəsində prezident İlham Əliyev əfv sərəncamı imzalayır və onlarla məhbus azadlığa çıxır.  Xatırladaq ki, ötən ilin mart ayında imzalanan əfv sərəncamı ilə  423 nəfər azadlığa çıxmışdı. Bu il də  Novruz bayramı yaxınlaşdıqca, əfv sərəncamı ilə bağlı müzakirələr artır. Məlumatlara görə, son günlər Əfv Komissiyası da tez-tez toplanır, məhbusların və onların yaxınlarının müraciətlərinə baxırlar.

Neçə müddətdir məlumat verilir ki, bu il də mart ayında əfv sərəncamı imzalanacaq və prezident seçkisinə qədər bir çox siyasilər də azadlığa çıxacaqlar. Bu il eyni zamanda amnistiya aktının qəbul ediləcəyi də gözlənilir. Ehtimal olunur ki, prezident seçkilərindən dərhal sonra may ayında amnistiya aktı qəbul ediləcək və yenə də çoxsaylı məhbus azadlığa qovuşacaq. 

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin ilk yaz sessiyasında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin.

Məhz bu səbəbdən də bəzi şəxslər düşünürlər ki, əfv sərəncamı da may ayında imzalanacaq. Bundan əlavə, Əfv Komissiyasının üzvləri bildirirlər, onlara çoxsaylı məhbus müraciət edib. Bu müraciətlərə isə mart ayının ortalarına qədər baxıb qurtarmaya bilərlər.

Bir məqam da var ki, nə zaman ki, Qərbin müxtəlif dairələrindən hakimiyyətə qarşı insan haqları ilə əlaqədar basqılar olursa, əfv sərəncamının zamanı uzanır. Onların hədələri nəticəsində 100 faiz gözlənilən əfv sərəncamları bir neçə ay ləngiyir...

“Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, yaxın vaxtlarda 100 faiz əfv sərəncamı və amnistiya aktı olacaq. O,  həmçinin qeyd edib ki, onlar da öz siyahılarını hazırlayıb, Əfv Komissiyasına göndəriblər:“Ola bilsin ki, əfv elə Novruz bayramı ərəfəsində olsun. Yaxud da Cümhuriyyətin 100 illiyi və digər əlamətdar günlər zamanı əfv imzalana bilər. Bildiyimiz budur ki, ilin sonuna qədər 100 faiz əfv olacaq. Hesab edirik ki, əfv sərəncamı mart ayında olsa daha yaxşı olar. Çünki prezident seçkisi aprel ayındadır. Bundan öncə sərəncam imzalansa, düşünürəm ki, çox gözəl olar. Avropadan təzyiqlərə və digər bu kimi məsələlərə gəlincə isə onu qeyd edim ki, burada siyahı hazır olan kimi bizim Avropadakı bəzi ağzıgöyçəklər müxtəlif sözlər deməyə başlayırlar. Nə zaman bilirik ki, 100 faiz əfv sərəncamı olacaq, həmin zaman buradan ora gedən şəxslər başlayırlar hay-həşir salmağa. Avropa Şurasında, Avropa İttifaqında müxtəlif çıxışlar edirlər. Nəticədə əfv sərəncamı da heç imzalanmır. Bütün bu davaların hamısı 5-10 qəpik pulun üstündədir. Çalışırlar ki, çox pul qoparsınlar. Nə qədər çox siyasi məhbus olsa, onların orada hay-həşir salmaq imkanları çoxalır. Bizim hakimiyyətin də günahı ondadır ki, onlara Azərbaycana qarşı danışmağa imkan verirlər. Hesab edirəm ki, heç nəyə baxmadan əfv sərəncamını imzalamaq lazımdır. Yaxşı olar ki, məhbusları yarı-yarı buraxsınlar. Yəni yarısını indi əfv sərəncamı ilə yarısını başqa aylarda buraxa bilərlər. Eyni zamanda amnistiya da gözlənilir. Çox adamı elə amnistiya aktına salmaqla azadlığa buraxmaq olar. Bu, daha gözəl haldır. Hökumətin əlindədir və istədiyi vaxt məhbusları azadlığa buraxa bilərlər. Biz çoxdan siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik”.

Məlumat üçün qeyd edək ki, ötən ilin Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə 4 siyasi məhbus azadlığa buraxılsa da, əfv olunacağı gözlənilən REAL sədri İlqar Məmmədov həbsdə qaldı. Son əfvdən sonra içəridə qalanlar arasında AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik. Bu şəxslərin növbəti əfv sərəncamında azadlığa çıxacağı gözlənilir. Xüsusilə də REAL sədri İlqar Məmmədovun bu dəfə azadlığa buraxılmasına ümidlər böyükdür. İlqar Məmmədovun son zamanlar səhhətində də ciddi problemlər yaranıb. Onun kəskin bel ağrılarından əziyyət çəkdiyi bildirilir.






Fikirlər