Ramazanla bağlı əfv GÖZLƏNTİLƏRİ

Kimlərin azadlığa çıxma şansı var? Komissiya üzvü: “Müvafiq işlər görülür...””

Dünyada bəzi müsəlman ölkələrində Ramazan ayında ölkə başçıları tərəfindən əfv sərəncamı imzalanır. Bu ölkələr arasında İranı, Türkmənistanı göstərə bilərik. Elə iyunun 17-də Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov 1000-dən çox məhbusun əfv olunması haqqında fərman imzalayıb.Azərbaycanda da daha öncəki illərdə Ramazan ayı ərəfəsində prezident tərəfindən əfv sərəncamının imzalanması halları müşahidə olunub. Bu il də cəmiyyətdə prezidentin Ramazan bayramı ərəfəsində əfv sərəncamı imzalayacağına ümidlər böyükdür. Məsələ ondadır ki, bu ilin martında imzalanan əfv sərəncamı ilə 423 nəfər azadlığa çıxıb, 28 May Respublika günü ərəfəsində isə əfv sərəncamı olmayıb. Ona görə də ümidlər Ramazan ayınadır...Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, komissiyanın yaxın günlərdə iclası olmayıb: “Ancaq əfv, birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycanda hər zaman yubiley günlərində, milli bayramlarda, xalqımız üçün əhəmiyyətli olan günlərdə bir qayda olaraq əfv sərəncamları imzalanıb. Əvvəlki illərə nəzər salsaq görərik ki, Ramazan bayramı münasibətilə də bu cür sərəncam olub. Ancaq bu, o zaman baş verib ki, əvvəlki aylarda əfv sərəncamı olmayıb. Bilirik ki, mart ayında cənab prezident tərəfindən əfv sərəncamı imzalanıb və 423 şəxs cəzadan azad edilib. Onların da 412-i nəfəri azadlıqdan məhrumetmə cəzasından azad olanlardır. Ona görə də düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı ola bilər. Əlbəttə ki, bu, qeyd etdiyim kimi, cənab prezidentin konstitusion səlahiyyətidir.Əfvlə bağlı komissiyanın bu günlərdə iclası olmasa da müvafiq işlər görülməkdədir. Komissiyanın katibliyi daimi olaraq fəaliyyətdədir. Həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə şöbəsinin əfv sektoru da işləyir ki, onlara da məlumatlar daxil olmaqdadır. Müraciətlərin emalı prosesi gedir və gələcək iclaslara hazırlanlanması istiqamətində zəruri prosedur tədbirləri həyata keçirilir. Hər həftə, hər gün müxtəlif şəxslərdən ayrı-ayrı məhkumların əfv olunması ilə bağlı müraciətlər daxil olur. Yəni komissiyanın işi davam edir”.

Bəs içəridə qalanlar kimlərdir?

Image result for Əliməmməd Nuriyev

Öncə xatırladaq ki, sonuncu əfv sərəncamında ömürlük həbs cəzasına məhkum edilən OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilməsi gözlənilsə də, bu, baş vermədi. Adları qeyd olunan OMON-çular əfv üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət də ediblər. Bundan başqa, Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə 4 siyasi məhbus azadlığa buraxılsa da, əfv olunacağı gözlənilən REAL sədri İlqar Məmmədov bu dəfə də həbsdə qaldı.

Son əfvdən sonra içəridə qalanlar arasında AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik. Bu şəxslərin növbəti əfv sərəncamında azadlığa çıxacağı gözlənilir. Xüsusilə də REAL sədri İlqar Məmmədovun bu dəfə azadlığa buraxılmasına ümidlər böyükdür. Nəzərə alaq ki, İ. Məmmədovun son zamanlar səhhətində də ciddi problemlər müşahidə olunur. Bu günlərdə AŞPA-nın həmməruzəçisi Stefan Şennak da həbsxanada İlqar Məmmədovla görüşüb. Yaxınları bildirirlər ki, İ.Məmmədovun səhhəti ilə bağlı problemi tam aradan qalxmasa da, ağrıları nisbətən azalıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kasasiya şikayətini təmin etməyib. Avropa Şurası Nazirlər Komitəsi 2016-cı il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.






Fikirlər