Fərəc Kərimli hazırkı maddəsi ilə azadlığa çıxa bilər; şərti cəzası olan şəxslər də amnistiyadan kənarda qalacaqlar
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya təşəbbüsünün Milli Məclisdə qəbulundan sonra siyasi məhbusların maddələrinin akta düşüb-düşməyəcəyi müəmması davam etməkdədir.
İyunun 15-də qüvvəyə minəcək və 4 ay icrası davam edəcək amnistiya aktı ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Müzəffər Baxış həbsdə olan əksər siyasi fəalların azadlığa buraxılmayacaqlarını bildirdi: “Bildiyimiz kimi, Milli Məclis 28 May Respublika Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qərar qəbul edib. Həmin qərarın 1.1-ci bəndinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlərlə müəyyən müddətdə həbs cəzası alan məhbuslar həmin cəzadan azad edilirlər. Qərarın 6-cı hissəsində nəzərdə tutulan məhdudiyyət 1994-cü il fevralın 24-də qəbul edilmiş 793 nömrəli qanunda nəzərdə tutulmuş şəxslərə şamil olunmur. O da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı cinayət törətmiş şəxsləri nəzərdə tutur. Bu qərar əsasən böyük cinayət törətməmiş şəxslərə aid edilir. Qərarın 7-ci bəndində kimlərə amnistiyanın şamil olunmaması ilə bağlı həmin cinayətlərin dairəsi göstərilir. 7.1-ci bəndin tələblərinə görə Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində ağır cinayətlər törədən şəxslərə amnistiya tətbiq olunmur. Həmin bənddə az ağır cinayətlərə bu aktın tətbiq olunmasının da konkret dairəsi göstərilir. Bu qərara görə, siyasi məhbus sayılan heç bir şəxsə amnistiya tətbiq olunmur. Hətta şərti azad edilmiş siyasi məhbuslara da bu qərar şamil olunmayacaq. Leyla və Arif Yunuslar, İntiqam Əliyev kimilər şərti olaraq azadlığa çıxıblar. Onların özlərinə də bu qərar tətbiq edilməyəcək”.
Hüquqşünas amnistiyanın icrası vaxtı azadlığa çıxmasına 5 ay qalan sabiq nazir Əli İnsanovun da amnistiyaya düşməyəcəyini açıqladı: “O, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilib. Cəzasının bitməsinə 5 ay qalacağına baxmayaraq, onun ittiham olunduğu cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan bu qərar ona da şamil olunmur”.
M.Baxış əvəzində mayın 24-də həbs müddəti 6 il yarımdan 3 ilə qədər endirilən Müsavat başqanının müavini Fərəc Kərimlinin amnistiyaya düşəcəyini də qeyd etdi: “Onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif ediblər. Ali Məhkəmənin qərarı verildiyi gündən qüvvəyə minir. O, məcburi köçkündür. 1988-93-cü illərdə işğal edilmiş ərazilərimizdən məcburi köçkün olub. Himayəsində azyaşlı övladı olmasa da, amnistiya ona tətbiq olunacaq”.
Qeyd edək ki, 10 min məhbusa şamil olunacaq amnistiya ilə 3500-dən çox məhkum azadlığa çıxacaq.