Deputat bəzi KİV-ləri bir AYLIGA bağlamağı təklif etdi
Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) illik məruzəsini təqdim edib. Deputat Elmira Axundova öncə Bakı ərazisində mümkün terror təhlükəsindən danışıb. “Son günlər xristian və islam aləmi çoxsaylı terror hücumlarına məruz qalır. Bir sıra dövlətlər vətəndaşlarının təhlükəsizliyi üçün tədbirləri artırıblar. Bayram günlərində Rusiyada oldum, teatr, ticarət mərkəzləri və metrodan istifadə edirdim. Onların təhlükəsizlik tədbirləri məni heyran edirdi. Bütün girişlər metalaxtaran avadanlıqla təmin edilib və insanlar diqqətlə yoxlanılır. Düzdür, sıxlıq yaranır, lakin paytaxt sakinləri də bunu anlayışla qarşılayır. Amma bu gördüyüm mənzərə Bakı mövcud olan indiki şəraitə uyğun deyil. Bildiyim qədər təhlükə var. Radikal və dini ektremistlər saxlanılıb. Bakı və rayon İcra hakimiyyətlərindən xahişim odur ki, xoşagəlməz hadisə baş vermədən yubanmadan qabaqlayıcı tədbirlər görək. Ali mətkəblərdə, iri ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilsin. Heç kəs terror hücumlarından sığortalanmayıb. Müharibə şəraitində yaşayırıq və təhlükəsizlik tədbirləri gücləndirilməlidir”. E.Axundova daha sonra Ombudsmanın məruzəsinə təklif və tövsiyələrini verib. O qeyd edib ki, məruzədə vətəndaşların şikayət və müraciətləri, onlara məmurlar tərəfindən laqeydlik göstərilməsi və bu istiqamətdə bir sıra fikirlər yer alsa da, konkret faktlarla göstərilməyib. “Hesabat həmçinin dərmanların qiymətlərinin əlçatan olmasını təklif edir. Amma bazar iqtisadiyyatı şəraitində bu mümkün deyil. Bunun üçün təklif etmişdim ki, 75-80 yaşlı ahıllara dövlət hesabına dərmanlar verilsin və ya onların pensiyasına əlavələr edilsin ki, dərman ala bilsin. Ombudsman mətbuata təzyiqlərdən danışır və jurnalistlərin müdafiəsinə qalxır. Lakin hesabatda toxunulmur ki, media kimlərləsə hesablaşmaq, açıq reketçiliklə pul qazanmaq yerinə çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır, bəs bu jurnalistlərdən bizi kim müdafiə edəcək. İnformasiya üzrə müvəkkilin səlahiyyətlərini Ombudsmana vermişik. Lakin bu müddətdə informasiya üzrə müvəkkilin fəaliyyətini görməmişik. Bunun Elmira Süleymanovaya aidiyyatı yoxdur. Təklif edirəm ki, biz İnformasiya üzrə müvəkkili müstəqil qurum kimi bərpa edək. Ya da Elmira Süleymanovaya əlavə səlahiyyətlər verməliyik”. Deputat Mətbuat Şurasına da səlahiyyətlər verilməsi təklifi ilə çıxış edib. Qeyd edib ki, Milli Teleradio Şurasında olduğu kimi, Mətbuat Şurası da bəzi mətbuat və ya saytları bir aylığa dayandırmaq barədə qərar vermək səlahiyyətinə malik olmalıdır. “Neqativ hallara qarşı Mətbuat Şurası daha təsirli mübarizə aparmalıdır”.
Modern.az saytı xəbər verir ki, Ombudsmanın məruzəsindən sonra müzakirələr olub.