“O GENERALLARIN HEÇ BİRİ əsgər qədər hörmətə malik deyil”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edirik:

- Cəbhədə gedən 4 günlük döyüş əməliyyatı sizin də ailənizdə ağır itki ilə nəticələndi. Qardaşınız oğlu Rasim Məmmədov şəhid oldu. Onun şəhid olması xəbərini eşitdiyinizdə hansı hissləri keçirdiniz?
- Bizim üçün əslində, heç bir yenilik yox idi. Çünki Rasimin atası da Naxçıvanda olan Mil düzü hündürlüyünün alınmasında batalyon komandiri kimi vuruşub. I qrup Qarabağ qazisidir. Bu gün sağdır, 6 dəfə klinik ölüm keçirib. Rasim gözümüzün qabağında bir dəfə ölüb, amma atası 6 dəfə ölüb. Artıq 23 ilə yaxındır ki, o ağır xəstə vəziyyətdə yatır. Ona görə də Rasimin şəhid olması bizdə qeyri-adi duyğu yaratmadı. Gözümüzün qabağında 25 ildir ki, diri şəhidimiz var.

- Rasim Məmmədov ailəsi ilə son dəfə nə vaxt görüşüb?

- Rasim əməliyyatlar başlamamışdan üç –dörd gün əvvəl icazə alıb Naxçıvana getmişdi. Biz elə bildik ki, atasını ziyarət etmək üçün gedib. Sonradan şəhid olandan sonra başa düşdük ki, yəqin bu şəhid olma məqsədini qarşısına qoyub, buna görə də atasını, ailəsini ziyarətə gedib. Atasına deyib ki, mən səndən də bir mərtəbə yuxarı qalxacam. Həyat yoldaşına isə deyib ki, ad gününə qazi kimi gələcək. Yoldaşı da onun sözlərindən narahat olub və qohumlarına zəng vurub.
Yoldaşı sonra bizə danışdı ki, Rasim bir aydır ki, evə xəritələr gətirib üzərində işləyirmiş. Dəfələrlə müxtəlif variantlar düşünürdü. Ona görə də bu yüksəkliklərin alınması əvvəlcədən düşünülmüş idi. Azərbaycan ordusunun erməni təxribatlarına qarşı əlində layihələri var. Bu layihələrdən biri də əməliyyatlardan bir ay qabaq Rasimin əlində olub. Rasim əməliyyatlar başlayanda ailəsini Bakıya qoydu. Gedəndən sonra onunla heç bir əlaqə saxlaya bilmədik.

- Döyüş əməliyyatı başlamamışdan əvvəl ailədən kiminləsə əlaqə saxlaması haqqında məlumatınız varmı?

- Ölümündən 6 saat qabaq dayısı ilə 15 dəqiqə danışıb. Dayısına deyib ki, həm atasının intiqamını alıb, həm də torpaqlarımızın. Deyib ki, ermənilərə elə bir dərs verib ki, bir daha yadlarından çıxmaz. Bundan təxminən 5-6 saat sonra Rasim ölüb.
Səhər saat 10:00-da bu barədə mənə məlumat çatdı. Açığı deyim ki, biz hamımız narahat idik. Bilirdik ki, müharibə başlayıb. Rasim özü tank qoşunları komandanı idi. 17 il ildir ki, hərbi xidmətdə idi. Bu 17 ilin bir-iki ili istisna olmaqla qalan illəri ön cəbhədə xidmət edib. Əsasən Tərtərdə, Füzulidə xidmətdə olub. Həm də öz nəslimizin uşaqlarına bələdik, əgər müharibə olsa heç vaxt dalda yox, öndə olacaqlar.
Həmin vaxt cəbhədə bizim ailəmizdən 4 zabit, bir əsgər xidmət edirdi. Ən böyük zabit Rasim idi. Bundan sonra bacım oğlu gəlir, qalan ikisi təzə zabit olub, bir qardaşım oğlu da əsgər idi. Biz bu beş uşağın hər birindən şəhid xəbərini gözləyirdik. Bilirdik ki, müharibə başlasa öndə gedəcəklər. Rasimin də şəhid xəbəri eşidəndə ən çox atasının düşəcəyi vəziyyət bizi narahat etdi.

- Elə bildiyimə görə, Rasimin ölümündən sonra atasının səhhəti daha da pisləşib...

- Bəli . Vəziyyəti ağırlaşdı, klinik ölümə düşdü. Hazırda da xəstəxanadadır. İndi bir az vəziyyəti düzəlib. Atadır və bu hadisə də ona mənəvi cəhətdən təsir etdi. Amma özünü ələ aldı, bizə o təsəlli verdi. Ağlamırdı, yoldaşına ağladığına görə əsəbləşirdi.

- Onun başçılıq etdiyi batalyonun döyüş əməliyyatının necə keçdiyi barədə məlumatlısınız?


- Füzuli rayonunda məktəb direktoru olan dostumuz var. Müharibənin getdiyi Lələ Təpənin düz yanında yaşayır. Ondan vəziyyətin necə olduğunu maraqlandıq. Biz heç Rasim barədə ondan soruşmadıq. Özü söz açaraq dedi ki, Rasim Məmmədov adlı batalyon komandiri Füzulinin qəhrəmanıdır. Biz o zaman bildik ki, həm özünün, həm də camaatın dediyi kimi həqiqətən də şücaət göstərib. Sonra dedik ki, o bizim qardaşımız oğludur. Onun döyüşdüyü briqadadan 16 nəfər ölüb. Ölənlərin yarıdan çoxu zabitdir. Əgər ordu hücuma keçirsə, əsgər də hücumda olmalıdır, amma burada zabitlər ölüb.
Sonradan bizə məlum oldu ki, Lələ Təpənin əldə edilməsində könüllülük prinsipi tətbiq olunub. Rasim də həmin könüllərdən biri olub, qabağa gedib. O düşmən gülləsindən ölməyib. Təpəni tutandan sonra ermənilər ora minlərlə qumbaraatan, toplardan atəş açıb. O atəşlərdən biri Rasimgilin olduğu səngərə düşüb. Rasimlə birgə, daha bir neçə nəfər şəhid olub.

- Prezident döyüşdə fərqlənənlərə fəxri adlar verdi. Qardaşınız oğluna da ad verilibmi?

- Ona ad verilməyib. Bizim heç gözləntimizdən də yox idi. Rasimin atası da Heydər Əliyev tərəfindən milli qəhrəmanlığa təqdim edilmişdi. Sonradan məlum oldu ki, o vaxtkı Ali Məclisdə onun sənədləri itib. İtmişdisə, həmin sənədlərin Naxçıvan Ali Məclisində sürəti var idi, onu ordan alıb Bakıya göndərmək nə çətin məsələ idi ki? Və yaxud da milli qəhrəmanlığa layiq deyildisə, ona başqa dövlət ordenlərinin verilməsi nə çətin məsələ idi? Bunları hələ bir kənara qoyuram. Mənim qardaşım Əbdül Məmmədova 13 il hərbçi kimi pensiya vermədilər. Buna əlil kimi 100 manata yaxın pensiya verdilər. Halbuki onun aylıq xəstəliyinin müalicəsi təkcə 1000 manat xərc tələb edir. Axırda biz məcbur olduq məhkəməyə müraciət etdik, ondan sonra ona hərbi təqaüd verdilər. Sizcə, belə bir hakimiyyətdən Rasimin cəbhədə göstərdiyi şücaətə görə hər hansı bir ad gözləyərikmi? Əgər veriləcəksə, bu fantaziya olardı. Bizə görə, əgər övladlarımız vətən yolunda şəhid olsalar belə hakimiyyət onların xidmətlərinə görə qiymət vermir. Bizim tayfamızda olan ali təhsillilərin hamısı ölkəni tərk edib gedib. Çünki heç birinə iş vermirlər. Bizim heç kəsdən gözləntimiz yoxdur. Rasim bir kişi kimi vətəni qarşısında olan borcunu yerinə yetirib. Amma bizə görə onun haqqı tapdanırsa, bu artıq mənəviyyat məsələsidir.

- Sərdar bəy, axı siz neçə illərdir ki, hakimiyyətə qarşı bir o qədər də radikal mövqedən çıxış etmirsiniz...

- Əvvəla, biz fəxri ad verilməsini ona görə gözləmirik ki, atasının təcrübəsi var. İndi yenə Rasimin layiq olduğu ada görə məhkəməyə müraciət etməliyik? Mən nümunəyə görə dedim.
İkincisi, hökumətə radikal ya da loyal münasibət bəsləmək mənim müxalifətçiliyimi dəyişmir ki. Mən sadəcə olaraq siyasi metodologiyamı dəyişdirmişəm. O da Azərbaycandakı mövcud vəziyyətlə bağlıdır.
Müxalifətəmsə, istər radikal ol, istər loyal. İstənilən halda Azərbaycan hakimiyyətinin müxalifətə münasibəti düşmən münasibətidir. Düzdür, müxalifət öz aralarında radikal, loyal söhbəti aparır, amma hakimiyyətin münasibətində heç bir fərq yoxdur.

- Döyüş əməliyyatları onu göstərdi ki, millətimizdə vətənpərvərlik hissləri uzun illər danışıldığı kimi heç də ölməyibmiş. Həmin günlərdə sürücüdən tutmuş, fəhləsinə kimi hamı ordumuzun yanında idi. Sizcədəmi vətənpərvərlik təbliğ olunmur, onu hadisələr üzə çıxarır?


- “Kabusnamə” də belə bir məhşur söz var. Deyir ki, şir sürüsü gəlir, onun qabağında qoyun gəlir. Siz ona bir qoyun sürüsü kimi baxın. Və yaxud əksinə. Burada demək istəyir ki, lider kütlənin təbiətini müəyyən edir. Azərbaycan hökuməti dörd günlük müharibəyə kimi torpaqların azad edilməsi istiqamətində heç bir əməliyyat aparmayıb. Hərbi yolla torpaqların azad edilməsi istiqamətində xalq arasında heç bir iş aparılmayıb. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra etiraf etməliyəm ki, Qarabağın azad olunması ilə bağlı hərbi ritorikada dəyişiklik meydana gəldi. O nazir təyin olunandan bəri deyir ki, ərazilərimizi nəyin bahasına olursa -olsun hərbi yolla azad edəcəyik. Təbii ki, prezidentin razılığı olmadan əməliyyatlar ola bilməzdi. Prezident də razılıq verdikdən sonra xalq gördü ki, qabaqda gedən şirdir.
Məsələn, bacımın nəvəsi yasa gələndə dedi ki, niyə bizi cəbhədə qoymurlar ki qabağa gedək, biz də torpaq azad edək, hərbçilər təəssüflənirdi. Onu biləsiniz ki, Azərbaycan Ordusunun cəmi 2 faizi bu münaqişədə iştirak edib. Əsas texnika və güclərimiz əməliyyatlarda iştirak etməyib. Yalnız ön cəbhədə olan batalyonlar müharibədə iştirak edib. Uşaqları aparıb rezerv kimi saxlayıblar ki əməliyyatların miqyası genişlənsə, istifadə edilər. Təsəvvür edin ki Azərbaycan ordusunun 2 faizlik potensialı ilə erməni ordusunun bütün potensialına qarşı əməliyyat aparılıb və bu üstünlük əldə edilib. İndi Azərbaycan Ordusu bütün gücünü qoysaydı, nə olardı?

- Şəhidlərimizə olan münasibət də yüksək səviyyədə idi...

- Qeyd edim ki, əvvəllər şəhid gələndə hamı qorxardı, bu dəfə isə şəhid gələndə on minlərlə adam şəhid olmaq istəyirdi. Şəhidlərin dəfn mərasimlərini gördünüz. Məsələn, Rasimin özünün dəfn mərasimində minlərlə insan iştirak etmişdi. Səhərə qədər 2000-ə qədər maşın onun cənazəsini gözləyirdi. Səhər də ondan iki dəfə çox maşınla cənazəni şəhərdən kəndə dəfn etməyə apardıq. Baxmayaraq ki mən onun əmisi idim, insan selindən tabuta yaxın dura bilmədim. Xalq o qədər Rasimə sahibləndi ki, mən o zaman başa düşdüm ki, xalqla bərabər Rasimə münasibətdə bir yad adamam. Mən ona qardaşımın oğlu olduğu qədər sahib çıxa bildim. Şəhidlikdə bir müqəddəslik anlayışı var. Amma general, Hava Qoşunlarının komandanı Rail Rzayev öldürüldü. Onun dəfnində 32 nəfər iştirak etdi.
Könüllülər var idi, onlar döyüşmək üçün müraciət edirdilər. Əvvəl camaaat pul verib əsgərlikdən qaçırdısa, biz gördük ki könüllülər gedib zorla adlarını döyüşmək üçün yazdırırlar. Xalq səmimi şəkildə gördü ki, hakimiyyət torpaqları hərbi yolla azad etmək istəyir. Bundan qabaq niyə hiss yox idi? Çünki görürdülər ki, siyasi oyun gedir. Həttə Amerika Dövlət Departamentinin bəyanatında var idi ki, Azərbaycan torpaqlarını azad etmək istəmir.

Bu gün də Azərbaycan hökumətində müəyyən qüvvələr var idi ki, üç günlük əməliyyatı pozmaq istəyirdilər. Məndə olan məlumata görə, Azərbaycan xalqını elə bir vəziyyətə salmaq istəyirdilər ki, xalq müharibə adı eşidəndə qaçıb ölkəni tərk etsin. Zakir Həsənovun şəxsi iradəsi ilə bunun qarşısı alınıb. Çünki biz bilirik ki, Rusiyanın Azərbaycanın müdafiə sahəsinə də, digər sahələrə də nəzarət edən adamları var. Bu adamlar açıq şəkildə əməliyyatları pozmağa cəhd ediblər, amma cəhdləri baş tutmayıb.
Sən demə “ Daşaltı” əməliyyatı kimi bir təxribat hazırlayıblarmış. Azərbaycanlılar gedib Talış kəndinə çökəkliyinə girsin, ordan da ermənilər bizimkiləri qırsın. Bir dənə erməninin burnu qanamadan yüzlərlə, minlərlə Azərbaycan şəhid versin.
Azərbaycan da desin ki, bir dəfəyə neçə dənə şəhidim oldu, daha müharibə istəmirəm.

- Xalqla bağlı vəziyyət aydın oldu. Bir problemimiz də ondan ibarət idi ki, insanlarımız Azərbaycan Ordusunda xidmət edən hərbçilərə birmənalı yanaşmırdı. Buna səbəb isə, zaman-zaman korrupsiyaya bulaşmaları barədə məlumatlar, əsgər ölümlərində dolayısı ilə iştirak etdikləri barədə valideynlərin iddiaları, verilən rütbələrə layiq olmamaları və.s idi. Amma bu əməliyyatlar həm də onu aşkara çıxartdı ki, ordumuzda vətəninə, millətinə bağlı nə qədər zabit, komandir varmış. Biz də onları tanımış olduq. Məsələn, prezidentin Mais Bərxudarova general rütbəsi verməsinə hamı sevindi, dedilər ki o, rütbəsini döyüşərək qəhrəmancasına aldı...

- Xatırladım ki, Rasim də növbəti rütbəsini bir aydan sonra alacaqdı. İndi Səfər Əbiyev nazirlikdən çıxarıldı, onunla bərabər yüzlərlə generalı da küçəyə atdılar. Bunların indi heç biri əsgər qədər də hörmətə malik deyillər. Bütün dünyada belədir ki, bir cəbhə və ştat generalları var. Ştat genaralları ordunun başıdır, düşünür, xəritə çəkirlər. Bir də ki cəbhədə olanları var. Ərazilərin azad edilməsinin xəritəsini cızan hərbçilərə də ad verilməlidir, baxmayaraq ki onlar cəbhənin önündə olmayıblar. Onların beyinləri ilə əməliyyatlar icra edilib.
Bir də var ki heç bir xidməti olmayan birinə general rütbəsi verirlər. Onlar haqqında deyirdik ki, hərbi rütbələri belə vermək olmaz. Son döyüş də göstərdi ki, rütbələrin verilməsində yeni prinsip müəyyənləşdirilməlidir. Sən kiminsə yaxını qohumu olduğuna görə general olmalı deyilsən. Döyüşərək alınan adları alqışlayırıq, hətta bunu az belə hesab edirik.

- Bu qədər yüksək əhval ruhiyyə yaranmışkən əməliyyatların dayandırılması ictimaiyyətdə birmənalı qarşılanmadı...

- Burada iki məqamə diqqət yetirməliyik. Ermənilərin atəşkəsi pozmasının iki səbəbi var. Azərbaycan transnasional layihələr həyata keçirəndə atəşkəs mütəmadi pozulur, ikincisi isə Qərb və Amerika ilə ciddi yaxınlaşma baş verəndə. Bu atışma da İlham Əliyevin Amerikaya nüvə sammitinə çağrılması zamanı oldu. Obama sammitdə bəyan etdi ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. Bu o deməkdir ki, Amerika Azərbaycanı Rusiyanın qarşısında tək qoymayacaq. Con Kerri ilk dəfə dedi ki, Azərbaycanın arxasındayıq. Nəhayət Co Bayden dedi ki, Dağlıq Qarabağ Azərbaycanın suverenliyinin çərçivəsində həll olunmalıdır.
Suverenlik məsələsini bir NATO ardıcıl olaraq dilə gətirib, bir də son olaraq Bayden dedi . Yerdə qalan vaxt ərazi bütövlüyümüzü tanıyırıq demələri bizdən torpağımızı qopartmaq üçün deyilən boş şeydir. Bizə süverenlik lazımdır. Bu da ərazi üzərində siyasi hüququn kimə məxsus olduğunu müəyyən etməkdir. Ermənilər deyir ki, ərazini parçalamayaq, amma ərazilər Ermənsitana tabe olsun. Amma Bayden suverenlik dedi. Bu o deməkdir ki, biz Dağlıq Qarabağa o qədər suverenlik verə bilərik ki, burada siyasi hüquqlar olmasın. Artıq Amerika bizə Dağlıq Qarabağ məsələsində nə qədər güzəştə gedə biləcəyimizin sərhədini göstərdi. Bu da status-kvonun dəyişməsi deməkdir. (qafqazinfo)






Fikirlər