General polislə dava edən qadınla görüşdü — NAZİR də qəbul edəcək

General polislə dava edən qadınla görüşdü — Nazir də qəbul edəcək

Dünən polis əməkdaşlarının 3 nəfər ailə üzvü tərəfindən döyülməsi və əks tərəfin qarşılıqlı iddiaları barədə yayımlanan məqaləyə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən reaksiya verilib.

 
 AzerTaym.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin vəzifəli şəxsi redaksiya ilə əlaqə saxlayaraq şikayətçi Nina İbrahimovanın əlaqə vasitələrini götürüb və idarə rəisi, general Mirqafar Seyidovun məqalə ilə tanış olduğunu və həmin ailəni qəbul etmək istədiyini bildirib. Mayın 21-də səhər saatlarında N. İbrahimova general Mirqafar Seyidov tərəfindən qəbul edilib.
 
Bu barədə N. İbrahimova məlumat verib. O deyib ki, general onları təmkinlə dinləyib və işi şəxsi nəzarətinə götürüb: "Biz olanları generala danışdıqdan sonra, o, "Qorotdel"in İstintaq İdarəsinin rəisi ilə əlaqə saxlayıb işlə maraqlandı və həmin şəxsə bildirdi ki, bundan sonra işə şəxsən özü nəzarət edəcək".
N. İbrabimova qeyd edib ki, hadisə ictimailəşəndən sonra daxili işlər naziri də məsələyə reaksiya verib: “Daxili Işlər Nazirliyindən bizimlə əlaqə saxlayıb dedilər ki, nazir Ramil Usubov da məsələdən xəbərdardır və bizi qəbul edəcək. Həftənin birinci günü nazirlik işçiləri təkrar əlaqə saxlayıb cənab Ramil Usubovun bizi qəbul edəcəyi tarix barədə məlumat verəcəklərini bildirdilər”.
 
Nina İbrahimova deyib ki, iş prokurorluq orqanlarında araşdırıldığı üçün Bakı Şəhər Prokurorluğundan da reaksiya verilib: “Mayın 23-də şəhər prokurorluğunun İstintaq Şöbəsinin rəisi Mircavan Kazımov bizi qəbul edəcək”.
 
Qeyd edək ki, Nərimanov RPİ-nin yüksək vəzifəli şəxslərinin döyülməsi barədə dünən məlumat yayımlanıb.
 
İlkin informasiyalara görə, Nina İbrahimova, qızı 1991-ci il təvəllüdlü Rəbiyyə və oğlu 1980-cı il təvəllüdlü Anar İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsatət yetiriblər.
 
Nina İbrahimova isə bildirib ki, polislər onları döyüb və oğlu Anarı həbs ediblər. Nərimanov rayon prokuroru Vüqar Əliyevin müdaxiləsindən sonra Anar İbrahimov barəsində başladılan cinayət işinə xitam verilib və o, sərbəst buraxılıb.






Fikirlər