Qadınlar polkovniki DÖYDÜ
Bakıda beş polis gözəl və zəif bilinən cinsin nümayəndələrinin əlinin altına düşüb və xəsarət alıblar. Bu barədə Nərimanov rayon hüquq-mühafizə orqanlarından bildiriblər.
Belə ki, ötən şənbə rayon polisinin əməkdaşları mübahisəli obyekt üzrə məsələyə aydınlıq gətirmək üçün A.M.Cümə küçəsində yerləşən 7E nömrəli evə yollanıblar. Məlum olub ki, bu evdə yaşayan iki ailə "avtoyuma məntəqəsini bölə bilməyiblər, bununla əlaqədar, hətta polisə də müraciət ediblər.
Asayiş keşikçiləri ünvana gələrkən, bu obyektin kimə məxsus olduğunu müəyyənləşdirənə qədər onun istismarını müəyyən zaman üçün dayandırmağı tələb ediblər. Ev sahibləri hüquq mühafizəçilərinin iradəsinə zidd gediblər. Bu zəmində vətəndaşlar və polis arasında mübahisə yaranıb.
Münaqişə zamanı 1961-ci il təvəllüdlü Nigar İbrahimova, onun 1991-ci il təvəllüdlü qızı Rəbiyə İbrahimova və 1980-ci il təvəllüdlü oğlu Anar İbrahimov asayiş keşikçilərinə hücum edib və onlara müxtəlif bədən xəsarətləri yetiriblər.
Nəticədə ilkin istintaq şöbəsinin rəisi, polkovnik-leytenant F.Fərmanov, şöbənin baş inspektoru, kapitan S.Ağayev, post-patrul xidmətinin kiçik serjantı A.Hənifəyev, sahə müvəkkili, mayor A.Salıyev və sahə-inspektoru, kapitan F.Süleymanov baş və üz nahiyəsindən xəsarət alıblar.
Amma xuliqanlıq faktı üzrə hüquq mühafizəçiləri yalnız Anar İbrahimovu məsuliyyətə cəlb ediblər, baxmayaraq ki o tək yox, anası və bacısı ilə olub. Ona qarşı AR CM 221.3 (silah və digər predmetlərin silah kimi işlədilərək xuliqanlıq) maddəsi tətbiq edilib.
Nərimanov Rayon Prokurorluğundan qeyd ediblər ki, əslində polislər heç də özlərini göstərdikləri kimi, fağır və günahsız deyillər.
“Bu halda asayiş keşikçiləri özləri mübahisə üçün şərait yaradıblar – ilkin yoxlamanın nəticələri bunu göstərir. Bundan başqa, münaqişə zamanı aldıqları xəsarətləri ciddi adlandırmaq olmaz. Qadınların beş polisi birdən döyməsinə inanmaq çətindir”, - rayon prokurorluğundan deyiblər.
Hazırda fakt üzrə istintaq aparılır. Anar İbrahimovun 48 saat keçdikdən sonra azad ediləcəyi bildirilib. (Sputnik)