PUL YIGMAQ tələbi nazirdən gəlib

10 saylı Maliyyə Müfəttişliyinin rəisindən ilginc açıqlama

Ədalət Nəbiyev Ağcabədi təhsilində çalışan müəllimlərin əmək haqlarının 1/3-nin tutulması tapşırığının Samir Şərifov tərəfindən verdiyini deyib 

Ötən günlərdə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Maliyyə Müfəttişliyinin Ağcabədi rayon Təhsil Şöbəsində apardığı yoxlama ilə bağlı məlumat vermişdik. Həmin məlumatlarda vurğulanırdı ki, 2500 müəllimin çalışdığı müəssisədə aparılan yoxlamaların nəticəsindən asılı olmayaraq, müfəttişliyin rəisi Ədalət Nəbiyev onlardan pul yığmalarını tələb edib. 
JAM.AZ-a verilən məlumatlarda vurğulanırdı ki, Nəbiyevin tələbinə əsasən Ağcabədi Təhsil Şöbəsinin rəhbərliyi bütün direktorlara təlimat verib. Həmin təlimata əsasən müfəttişliyin əməkdaşlarını «yola salmaq» üçün hər bir müəllim əmək haqqısının 1/3-ni verməlidir. Şikayət edən müəllim isə dərhal işdən azad ediləcək.
10 saylı Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev ağzını dinc qoymayaraq, yaxın adamlarının yanında bəzi ifadələr işlədib. O deyib ki, Ağcabədi rayon Təhsil Şöbəsindəki yoxlamayla əlaqədar pul yığılması məsələsinə maliyyə naziri Samir Şərifov əvvəlcə sərt reaksiya versə də, sonradan yumuşalıb. Onun dediyinə görə, hətta nazir deyib ki, müfəttişlik əməkdaşları işlərində olsunlar, pullarını yığsınlar. 
Qeyd edək ki, əgər bu hadisə baş veribsə, o deməkdir ki, balıq başdan iylənər atalar misalı tam yerinə düşüb. Üstəlik, Ağcabədi orta məktəblərində çalışan müəllimlərin boğazına şərik olan şəxsin də elə Samir Şərifov olduğu aydınlaşar. 
Ağcabədidə çalışan 2500 müəllim məsələdən halidir və bu səbəbdən də həm nazirə, nə də müfəttişliyin rəisinə qarğışlar edirlər. 
Xatırladaq ki, Ağcabədili müəllimlər baş verənlərə etiraz etməyi də qərarlaşdırıblar. Onlar elə də böyük miqdarda əmək haqqı almadıqlarını, mütəmadi olaraq pul yığımına məruz qaldıqlarını əsas götürərək, sonuncu olaydan sonra isə səbr kasalarının dolduğunu bildiriblər. Üstəlik, onlar etiraz aksiyası keçirməyi də planlaşdırıblar. Lakin həm Ağcabədi Təhsil Şöbəsinin müdiri Mehdi Mehdiyev, həm də 10 saylı Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev bütün müəllimlərə xəbərdarlıq ediblər ki, əgər belə bir addım atarlarsa, işdən çıxarılacaqlar. Onlardan tələb olunub ki, sakitcə gətirib pullarını versinlər.
AzerTaym.az






Fikirlər