"Formula 1"-in 3-cü günü: Bakını turistlər "zəbt" ediblər - REPORTAJ, FOTOLAR

Bu gün Bakıda keçirilən "Formula 1" yarışlarının 3-cü günüdür. Dənizkənarı Milli Parkda baş tutan konsertə baxmağa gələnlər ilə "Formula 1" yarışlarını izləyənlər arasında ciddi say fərqi var. 
Belə ki, Bakıya yetərincə turist gəlib. Hətta əminliklə demək olar ki, bu günə qədər paytaxtımızda bu qədər turist görülməyib. 
Bunu musavat.com-un əməkdaşının apardığı müşahidələr zamanı da görmək mümkün oldu. 
Əsasən İçəri Şəhərdə dolaşan turistlərin sayı oradakı Bakı sakinlərindən qat-qat çoxdur. Əsasən Rusiya, Polşa və İngiltərə vətəndaşları olan turistlərə hər addımbaşı rast gəlmək mümkündür. Onların əksəriyyətinin boğazında akkreditasiya vəsiqələri var. Bu da onların Bakıya səfər səbəbinin "Formula 1" olmasını sübut edir. Həmin şəxslər yarış ərzində burada işləyən xarici vətəndaşlardır. 
Ətrafda olan kafe və restoranlar demək olar ki, tam dolub. Xarici ölkə vətəndaşlarına qiymətlər olduqca sərf edir. Buna səbəb isə, manatın dollar qarşısında "boyun əyməsidir". 
 
Ölkəmizə gəzmək məqsədilə gələn Rusiya vətəndaşı Oksana deyir ki, burada bu qədər sıxlıq olduğunu bilmirmiş: "Qonşu ölkələr olsaq da, Azərbaycana ilk dəfə gəlirəm. Türkiyədəki hadisələr mənim oraya səfər etmək planlarımı dəyişdirdi. Türkiyə əvvəlki kimi rahat deyil. Əks halda, Antalyaya gedəcəkdim. Planlarım dəyişəndən sonra Bakıya üz tutdum. Amma Bakı 1 və ya 2 günə gəzib, hər şeyini görə biləcəyin şəhərdir. Binalar yeni tikilib. Küçələr tıxaclıdır. İçəri Şəhər də olmasa, darıxdırıcı yerdir. Bəlkə də məndən inciyəcəksiniz, amma təəssüf ki, bu, belədir. Qiymətlər isə pis deyil. Ən azından mənim cibimə uyğundur. Dolların burada dəyərli olduğunu öyrənəndə çox sevindim". 
Xarici vətəndaşlar qiymətlərdən razı qalsalar da, öz vətəndaşlarımız eyni fikirdə deyillər. 
Samir Səfərov adlı Bakı sakini İçəri Şəhərdəki qiymətlərdən narazıdır: "Kafelərdə, mini restoranlarda oturmaq Azərbaycan vətəndaşının cibinə uyğun deyil. Məsələn, qəhvə 4 manat, çay 4 manat, yeməklər 11 manatdan başlayır və s. Bunu dollara çevirəndə xarici vətəndaş üçün sərf edir. O, aylıq bir neçə min dollar qazanır. Amma bəs öz vətəndaşlarımız? Belə qiymət olmaz, axı... Bunu ucuz edin. Daha doğrusu, normal, şişirdilməmiş qiymətə etsinlər ki, öz camaatımız da bu xidmətlərdən istifadə edə bilsin". 
Suvenir satıcıları isə hələ ki, alış-verişin artmadığını deyirlər: "Amma sabahdan vəziyyət dəyişə bilər. İndi yarışlar gedir. Başları qarışıqdır. Sabahdan müştəri bolluğu yaşayacağıq. Həmişə belə olur".
“Formula 1”-ın 3-cü günü...
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13 metr, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Bu günün sonunda Dənizkənarı Milli Parkda Farel Uilyamsın konserti baş tutacaq. Bulvara yalnız yarış biletləri ilə girmək mümkündür.
Günün cədvəli:
15:30 - Pilotların paradı. Pilotlar bütün trek boyu keçərək izləyiciləri salamlayacaqlar.
15:45-16:15 - Açılış Mərasimi
17:00-19:00 - “2016 Formula 1” Avropa Qran Prisi
20:00 Farel Uilyamsın konserti
 








































Fikirlər