Şeyxin qudası məhərrəmlik qadağasını DƏSTƏKLƏDİ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklər barədə danışıb. O deyib ki, dəyişikliyə görə, Məhərrəmlik ayında dini xarakterli ayinlərin evlərdə, küçələrdə keçirilməsi yolverilməzdir. O bildirib ki, bəziləri dindən başqa məqsədlər üçün istifadə edir. Qalib Salahzadə Məhərrəmlik ayında dini ayinləri icra edərkən hansısa məscidə getmədiyini vurğulayıb. Qeyd edək ki, Qalib Salahzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.
“Məhərrəmlik ayında evlərdə, küçələrdə ayinlərin keçirilməsinə qoyulan qadağa doğru addımdır. Bir şeyi dəqiq bilirəm ki, dövlət nəyi necə məsləhət bilirsə, elə də olmalıdır. Dövlətin bir çox məsələlərlə bağlı bildiklərini biz bilə bilmərik. Dövlət də xalqın firavanlığı üçün çalışır”.
Bunu Modern.az-a açıqlamasında keçmiş deputat Hacı Qalib Salahzadə Mübariz Qurbanlının fikirlərinə münasibət bildirərkən deyib.
“Bir də görürsüz ki, din pərdəsi adı altında çirkli işlərlə məşğul olurlar. Məhərrəmlik ayında dindən başqa məqsədlərlə istifadə edirlər. Bunun qarşısını almaq lazımdır, ya yox?!”
“İbadətlə məşğul olmaq hər bir müsəlmanın işidir. Mən də istisna deyiləm. Amma, Məhərrəmlik ayında hansısa məscidə yollanıb dini ayinlər icra etmirəm. Əvvəla, bunu evimdə edirəm. Namazımı qılarkən Allahımla təmasda oluram. Bu, şəxsi məsələdir. Şərt deyil ki, məşğul olduğum ibadəti hamı bilsin. Hər kəs özü üçün ibadət edir. İkincisi məscidə yollanmağa vaxtım olmur”.