Ən yaxın dostu Çovdarovun ailəsindən danışdı - “Oğlu işsiz idi...”
Həbsdə olan MTN generalı Akif Çovdarovun ittiham olunduğu “Kürdəmir epizodu” üzrə yeni detallar məlum olub. “Qafqazinfo” həmin işdə Çovdarovdan sonra əsas fiqur olan Fəttah Seyidovu araşdıraraq tapa bilib. F.Seyidov A.Çovdarovun yaratdığı və oğlu Ruslanın təsisçisi olduğu “RAF-2006” MMC-nin direktoru olub. F.Seyidov generalla münasibətlərindən və biznes ortaqlığından danışıb: “Çovdarovla uşaqlıqdan dost olmuşuq, qonşu kənddənik. Uzun müddət Mənzil Kommunal Təsərrüfatında birinci müavin işləmişəm. Soyadıma da baxsaz, tanınmış ailədən olduğumu bilərsiz. Məni Çovdarova görə yox, Çovdarovu mənə görə tanıya bilərdilər. Mən keçmiş baş nazir Həsən Seyidovun kiçik qardaşıyam. İndi bizneslə məşğulam, baş qatıram. Bu işi də keçmiş başçı Fəxrəddin Məlikov təklif etdi, məni çağırıb dedi ki, boş dayanmısız, gəlin o torpağı götürüb işlədin. 30 il idi torpaqlar istifadə olunmurdu. Sözügedən şirkətdə Akif Çovdarovun heç bir rolu olmayıb, sadəcə şirkət qurulanda oğlu Ruslan həmtəsisçi olub. MMC-nin demək olar ki, 90 faizi mənim olub. Akif Çovdarov bir az köməklik edib. Biz onunla yaxın dost olmuşuq, aramızda pay söhbəti olmayıb. Şirkətdə heç kimin payı olmayıb. Mən 100 min kredit götürüb bu işi qurmuşdum. Çovdarov tutulandan sonra da ailəsi mənə etibarnamə verdi, dedilər əziyyəti sən çəkmisən, sənə qalsın. 2006-cı ildən bəri gəlirdən Akif müəllimə 1 manat da verilməyib. Çovdarovun, guya, o pula ehtiyacı var idi? Heç bir dəfə də soruşmayıb ki, nə iş görürsüz? Hərdən mən kömək lazım olanda ona demişm ki, Akif müəllim, filan yerə denən mənə texnika versinlər. O da deyib, köməklik ediblər. Başqa heç bir rolu olmayıb. 2006-cı ildə şirkət yarananda oğlu Ruslan işləmədiyi üçün Akif müəllim dedi onun da adını yazın, başını qatsın. Sonra da Milli Məclisdə işə düzəldi, orada işləyən gəlib Kürdəmirdə balıqçılıqla məşğul olası deyildi ki. Ruslan cəmi 1 dəfə dostları ilə istirahətə gəlib. Balıq tutub, bişirib, yeyib gediblər”. F.Seyidov rayondakı “Xatirə” yeməkxanasının sahibi Şehman İmanovun qanunsuz hərəkət etdiyini deyib: “Oranın sadəcə adı yeməkxanadır, 1992-ci ildən rəsmi olaraq bağlanıb. Şehmangil qeyri-rəsmi olaraq işlədiblər, indi də uçuq vəziyyətdədi. Bunlar Çovdarovun həbsindən istifadə edib yalandan şikayət ediblər ki, bizi işləməyə qoymadılar filan. Bu təsərrüfatdır, orada 2 min meyvə ağacı var. “Setka”dan balaca bir darvaza qoyduq ki, mal-heyvan keçməsin. Onların uçuq yeməkxanasına görə öz ərazimizi açıq qoymalıydıq ki, mal-heyvan girib ağacları yesin? Sadəcə bəhanə edirlər, o da uzun çəkməz, hər şey həll olunacaq. 2006-cı ildə torpaq bizə icarəyə verildi, 2008-ci ildə torpağın üstündəki tikilini qanunsuz olaraq satıblar. Mən də Şirvan İqtisad Məhkəməsində bununla bağlı iddia qaldırmışam. Mən sakit dayandıqca, bunların ayaqları yer alır”. Çovdarovun biznes ortağı deyib ki, bir dəfə generalı həmin balıqçılıq təsərrüfatında qonaq edib: “Çovdarov torpaqların kəndlilərdən alınan zaman heç kimə hədə-qorxu gəlməyib. O ilk dəfə 2010-cu ilin yayında bir dəfə Mollakəndə gəldi, 1 saat oturub çay içdi, oradan da İsmayıllıya getdi. Çovdarov burada heç kimə hədə-qorxu gəlməyib, əksinə yaxşılıq edib. Hökumət o yeməkxananı Şehmangilə 2 min manata satmışdı. Mən onlara 10 min manat təklif edirdim. Çovdarov 2010-cu ildə ora gələndə bu məsələni bildi. Həmin vaxt Şehman yeməkxanada aşpaz işləyirdi. Çovdarov Şehmana dedi ki, “10 min də mən əlavə verirəm, sat, söküb aparsınlar, onsuz da uçub-dağılır”. İki min manatlıq köhnə binaya 20 min manat təklif etmək hədə-qorxu sayılır? Hədə-qorxu gəlmək istəsəydik, əllərindən alardıq. Onlara bir söz deyən olmadı”. F.Seyidov iki il əvvəl oğlunun Balıqçılıq təsərrüfatını satışa qoyduğunu, amma satılmadığını deyib. Fəttah Seyidov Akif Çovdarovla birgə qurduqları biznesin imkanlarını da açıqlayıb: “70 hektarlıq ərazinin 50 hektarında balıq yetişdirmək üçün 16 göl var, 15 hektarını isə əkin sahəsi və dambalar tutur. Əkin sahəsində 200-dən çox dekarativ, 500-dən çox meyvə ağacları var. Bundan əlavə 5 hektarda yonca sahəsi var. 50 hektarliq göllərdə il ərzində 100 000 ədəd muxtəlif balıq sortları yetişdirmək mümkündür. Sahədə transformator və nasoslar quraşdırılıb. Sahənin 4 yerində işçilər üçün yaşayış evləri, yeməkxana, yem və material ambarları, satış üçün 5 hovuz tikilib, Təsarrüfatın balansında Mitsubishi-Pikap avtomobili və Ford mikroavtobusu, göllərdə istifadə etmək üçün 2 ədəd motorlu qayıq və 5 ədəd taxta qayıq var”.