“Vidadi Zeynalov hər ay bizə “paket”də pul verirdi” – İlham Mərdanov

 Картинки по запросу vidadi zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mətanət Məmmədovanın ifadəsi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, M.Məmmədova ifadəsində 2011-ci ilin fevral ayından RYTN-də maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işlədiyini deyib.

Onun sözlərinə görə, işlədiyi həmin şöbə birbaşa nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova tabe olub: “Nazirliyin aparatının strukturuna həmin şöbədən əlavə digərləri, o cümlədən beynəlxalq əməkdaşlıq, informasiya cəmiyyəti, hüquq və insan resursları, eyni zamanda tənzimləmə və başqa şöbələr də daxildir”.
M.Məmmədova dindirilərkən 2009-2015-ci illərdə nazirliyin Aparat rəhbərinin RYTN-in struktur bölmələrinin rəhbərlərindən pul toplaması barədə məlumatının olmadığını bildirib:“Lakin həmin dövrdə o, mənə və şöbənin digər 10 əməkdaşına verilməsi üçün pulu bağlı zərfdə təqdim etdi. Şəxsən mənə 6 min manat pul verdi. Aparat rəhbəri, şöbənin işçilərinə tutduqları vəzifələrinə uyğun olaraq, 400 manatdan başlayaraq 2500 manata kimi hər ay pul verməyimi istədi. Həmin pul vəsaitini almağımızla bağlı hər hansı bir sənədə imza qol çəkməmişik. Aparat rəhbərinin qeyd olunan pul vəsaitini hansı mənbə hesabına toplayıb bizə verməsindən isə məlumatım olmayıb”.

RYTN-də məsul vəzifələrdə işləyən Rədifə Abbasova, Fuad Əhmədov və İlham Mərdanov da göstərilən faktlarla bağlı şahid qismində dindirilib. Həmin şəxslər də şahid M.Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadə verib. Onlar nazirliyin keçmiş Aparat rəhbəri tərəfindən onlara hər ay bağlı zərfdə “paket” olaraq pul verilməsini, lakin həmin pul vəsaitlərinin hansı mənbələr hesabına daxil olmasından xəbərsiz olduqlarını söyləyiblər.
Qeyd edək ki, V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 8 milyon manat mənimsəməkdə təqsirli bilinir.

 






Fikirlər