Sığorta müasir həyatın tərkib hissəsidir. Müasir dünyanın tərkib hissəsi olan Azərbaycanda da sığortanın təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev mütəmadi olaraq sığortaların icrası, təkmilləşməsi ilə bağlı fərman və sərəncamlar imzalayır. Məqsəd Azərbaycan vətəndaşının həyatının və mülkünün etibarlı qorunmasıdır. Bu etibar dövlət başçısı tərəfindən təmin olunur. Amma... Ancaq və Lakin....
Prezident İlham Əliyevin bütün səylərinə, vətəndaşın həyatının təmin olunması üçün atdığı addımlara rəğmən, sığorta şirkətləri bu siyasətin tamamilə əksinə addım atırlar.
"Atəşgah” sığorta şirkətinin fəaliyyəti isə sözün əsil mənasında biabırçıdır.
Miq.az-a daxil olan şikayət məktubunda deyilir ki, "Atəşgah” sığorta şirkəti müştəriyə dəyimiş ziyanı ödəməmək üçün min cür bəhanələrdən istifadə edir.
"Mən bu şirkətə pul ödəmişəm və müqavilədə göstərilir ki, mənə dəymiş ziyanı şirkət ödəyəcək. Şirkətin ödəməli olduğu ziyanın ən yüksək səviyyəsi 5000 AZN-ə qədərdir. Bir neçə gün öncə qəza keçirtdim. "Atəşgah”a müraciət edərək, ziyanın ödənməsini xahiş etsəm də, mənə bəhanələr gətirməyə başladılar. Sonuncu bəhanə də bu oldu ki, qəza olandan sonra avtomobili kənara çəkmişəm. Ona görə də ziyan ödənilməyəcək. Bu absurddur axı”, - deyə şikayətçi deyir.
Doğrudan da şirkətin gətirdiyi bəhanəsi olduqca absurd səslənir. Təsəvvür edək ki, yolun ortasında qəza baş verib və avtomobilin kənara çəkilməsi zərurəti var. Əks təqdirdə digər avtomobillərin hərəkətinin qarşısı alınacaq, yaxud digər xoşagəlməz hallar yaşanacaq. Bu isə "Atəşgah” sığorta üçün "əsaslı bəhanə” yaradır.
"Etibarlı sığorta ilə güvənli gələcək”.
"Atəşgah”ın şüarı belədir. Lakin real vəziyyət bu şüarın yalnız kağız üzərində olduğunu göstərir.
Bu ilin may ayında redaksiyamıza daxil olan şikayət məktubu da "Atəşgah” etibarsızlığını sübut edir.
Bərdə rayon sakini Eynulla Aslanov deyir ki, 30.08.2015 –ci il tarixində Bərdə rayonunda 99 GE 792 dövlət nömrə nişanlı, özünə məxsus Mersedes E220 markalı avtomobili ilə qəzaya düşüb. Qəza nəticəsində maşına ciddi ziyan dəyib. Maşın "Atəşgah” sığorta şirkəti ilə müqavilədə olduğu üçün, hadisə yerinə şirkət işçiləri də dəvət olunub. Hadisə yerinə baxış keçirən sığorta işçiləri maşına dəyən ziyanı 3000 AZN məbləğində qiymətləndirib. Zərərçəkmişə (Eynulla Aslanov) bu məbləğlə razılaşmadığı təqdirdə, 2 iş günü ərzində maşını şirkətin Mingəçevirdəki servis mərkəzinə aparılmasını təklif ediblər.
E.Aslanov bildirir ki, "Atəşgah” sığorta Şirkətinin təklif etdiyi 3000 AZN ilə razılaşıb. Lakin şirkət rəsmi olaraq imzaladığı sənəddə yazılan məbləğdən boyun qaçıraraq, ona 1500 AZN-ni Bank Respublikanın Bərdə filialına göndərib. Məbləğin yarısını da tələb edəndə isə ona "Başını ağrıtma, bu şirkət bilirsən kimindir?!" deyə hədə-qorxu gəliblər.
E. Aslanov eyni təhdidin "Atəşgah” sığorta şirkətinin qiymətləndirmə idarəsinin rəisi Elvin Əliyev tərəfindən də səsləndirdiyini qeyd edib.
"Atəşgah”ın eyni fırıldaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Məmmədəliyeva Esmira Sərhəd qızı və Ağdaş rayonu N.Nərimanov küçəsində yaşayan Hüseynov Əhməd Həmid oğlu da qarşılaşıb.
Adını Bakının qədim məbədindən götürən "Atəşgah” sığorta göründüyü kimi, müştəriləri yox, öz cibini sığortalamaqla məşğuldur.