2017-ci ildə bizi nə gözləyir? - İxtisarlar, bahalaşma, bankların bağlanması…
"Bu il baş verən iqtisadi gərginlik 2017-ci ildə də davam edəcək. Hətta ola bilsin ki, bu gərginlik daha sərt formada olsun”. Bu sözləri BakiPost.az-a iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, 2017-ci ildə iqtisadiyyatda əsas problem makro iqtisadi sabitliklə bağlı olacaq: "Hökumət qarşısında bir sıra vəzifələr duracaq ki, bunları həll etmək çox vacib olacaq. Əsas vəzifə inflyasiya ilə bağlı olacaq. 2017-ci ildə yüksək inflyasiya ölkənin makro iqtisadi sabitliyinə problem yaradacaq. Bu, qiymətlərin qalxmasına səbəb olacaq. Həmçinin maaşların qiymət artımına adekvat olmadığı aydın şəkildə hiss olunacaq. Bu da sosial gərginlik yaradacaq və əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq”. S. Əliyev milli valyuta ilə bağlı da proqnozlarını səsləndirib: "Manatın məzənnəsinin də gələn il sabit olması gözlənilmir. Bütün proseslər, proqnozlar onu göstərir ki, gələn il milli valyuta öz dəyərini itirməkdə davam edəcək. Bu prosesin yumşaq yoxsa kəskin olacağı həm hökumətin davranışından, həm də maliyyə, xüsusən də valyuta bazarındakı vəziyyətdən asılı olacaq. Ümumən götürəndə, manat ucuzlaşmaqda davam edəcək. Hökumətin əsas siyasəti və xətti milli valyutanı yumşaq ucuzlaşdırmaq olacaq. Milli valyutanın ucuzlaşması da qiymətlərin qalxmasını şərtləndirəcək”. Samir Əliyev qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşması ölkənin bank sektorunu çətin bir duruma salacaq: "2017-ci ildə daha bir neçə bank bazarı tərk edəcək. Bu tərk etmə ola bilsin ki, birləşmə şəklində olsun. Yəni hansısa banklar birləşsin, ya da lisenziya geri alınsın. Ümumilikdə, bank sektoru getdikcə kiçilir. İqtisadiyyat kiçildiyinə görə bankların gəlirləri azalır, xərcləri artır. Ona görə də bank sektorunda əsas istiqamət bankların sayının azaldılması, bankların özləri tərəfindən xərclərin optimallaşdırılması siyasəti (xərclərin azaldılması) olacaq. Yəni filialların birləşdirilməsi, ləğv edilməsi, yaxud da işçi heyətinin ixtisar edilməsi, maaşların azaldılması prosesi baş verə bilər. Banklar bir sözlə xərclərinə indidən baxmalı olacaqlar”. İqtisadçı vurğulayıb ki, bank sektorunun əmanət sahəsində, kreditləşmədə ciddi artım olmayacaq: "Bank sektorunda və ölkə iqtisadiyyatında baş verən proseslər maliyyənin digər qolu olan sığorta sisteminə də öz mənfi təsirini göstərəcək”.