Azərbaycanda 10-a yaxın bank bağlana bilər

Azərbaycanda 10-a yaxın bank bağlana bilər"Manat əmanətlərinin bahalaşması və komisyon haqlarının 1%-ə salınması fonunda milli valyuta kreditlərində müşahidə edilən bahalaşmaya qarşı Mərkəzi Bankdan növbəti cavab tədbiri gəldi. Biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirildi.

Bundan sonra banklar və bank olmayan kredit təşkilatları müştərilərə biznes kreditlərini 25%-dən, istehlak kreditlərini isə 29%-dən baha verə bilməyəcək".

Bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin sözlərinə görə, Mərkəzi Bank yenə də inzibati metodlara əl atmalı olub. S.Əliyev bildirir ki, “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir: "İqtisadi yolla banklara zəruri dəstəyi verə bilməyən Mərkəzi Bank son dövrlər tez-tez inzibati metodlardan yararlanmağa can atır. Mərkəzi Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına hesablanıb və bu, devalvasiyadan sonra “reanimasiyaya” düşmüş banklar üçün süni nəfəs borusunun daha da daraldılması deməkdir. Tənzimləyici qurumun son davranışları onu göstərir ki, bank sektorunda təmizləmə əməliyyatı başlayıb. Güman etmək olar ki, “EvroBank” ASC və “Azərbaycan Kredit Bankı” ASC sonuncu “qurban” olmayacaq. Əksinə bu, bankların sayının azaldılması prosesinin ilk “qurban”larıdır".

İqtisadçının fikrincə, Mərkəzi Bank kiçik bankların bazardan çıxarılmasında israrlı görünür və hiss olunur ki, bu barədə artıq siyasi qərar var: "Elman Rüstəmovun əhalini dolayısı ilə kiçik banklara əmanət qoymaqdan çəkindirməsi də buna işarədir. Yaxın dövrdə bankların sayı 40-dan aşağı düşə bilər. Onların sayının 35-ə düşməsi də istisna deyil. Ayrı-ayrı banklarda vəziyyətin həddindən artıq ağır olması barədə siqnallar gəlməkdədir. Məhdud müştəri kontingenti, daxili investisiyaların azalması, büdcə pullarının məhdudlaşdırılması, əhalinin gəlirlərini azalması bankların sayının optimalaşdırılması məsələsini yenidən gündəmə gətirib. Mərkəzi Bank banklara “yaxşı” və “pis”, “böyük” və “kiçik” meyarları tətbiq etməklə onlara qarşı diskriminasiya tətbiq edəcək və münasib bildiyi bankla işləyəcək. Bəzi bankları ucuz resursla təmin etdiyi halda ağır prosedurlar vasitəsilə digərlərini dəstəkdən kənarda qoyacaq".

S.Əliyev hesab edir ki, konsolidasiya tədbirləri bank olmayan kredit təşkilatlarını da (BOKT) vuracaq. Komisyon haqlarının 1%-ə salınması və faktiki illik faiz dərəcələri üçün yuxarı limitin tətbiqi ilk olaraq BOKT-lara təsir edəcək: "Məhz BOKT-larda kredit faizləri banklarla müqayisədə daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 40%-ə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir. Onlar müştərinin qapısına getməkdən belə çəkinmirlər. Hazırda ölkədə BOKT-ların sayı 157-dir və onların kredit portfeli ümumilikdə 591 milyon manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9% bu təşkilatların payına düşür. Banklarda son aylarda kredit qoyuluşunun azalmasına rəğmən BOKT-larda zəif də olsa artım müşahidə edilir. Tezliklə BOKT-ların sayının azalması qaçılmaz olacaq".

İqrisadçının fikrincə, ikinci devalvasiya bank sektoru üçün dağıdıcı olacaq. Elə birincinin fəsadları hələ də aradan qalxmayıb: "Onun təsirini minimuma endirmək üçün bankların konsolidasiyasına başlanıb. Əsas məsələ konsolidasiya zamanı yüksək təmərküzləşməyə imkan verməməkdir. Hazırda təmərküzləşmə səviyyəsi 55%-dir. Ancaq tək bu addım kifayət etməyəcək. Mərkəzi Bankın dəstəyi ilə yanaşı bankdankənar problemlər aradan qaldırılmalıdır. Əks halda konsolidasiyanın də səmərəsi olmayacaq", - deyə S.Əliyev əlavə edib.(ANSPRESS)






Fikirlər