Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı uşaq oğurluğunda İTTİHAM OLUNDU

Övladı oğurlanan ana Cəmilə Bağırovanın və qardaşının “çirkli pul” yuyulması əməliyyatlarını da ifşa edəcəyini deyir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)Dubay Əmirliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) adı qarışan qovğa yaşanır. Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşının onun azyaşlı övladını oğurlamaqda ittiham edir. İşdə AQUP DK-nın vəzifəli şəxsinin adı “çirkli pul” yuyulmasında keçir.

Merim Beishekeyeva bu ilin fevralında Bakıda olub, bir çox dövlət qurumlarına müraciət edib. Ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədrinə müraciətlər ünvanlayıb. Yerli və xarici KİV-ə də başına gələnlər haqda müraciətlər yollayıb. AQUP DK-ya qəbula gedib, amma onu qəbul etməyiblər.

Onun nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə D.Bağırovun hərəkətləri üzündən problem yaranıb. Merim Beishekeyeva D.Bağırovun onu incitdiyindən, ailəyə baxmadığından 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə “nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib.

Nümayəndə deyir ki, D.Bağırovun polisə verdiyi məlumatla əlaqədar M. Beishekeyeva saxlanıb, 8-9 saat ərzində onu dindiriblər. Onun narkotik aslılığı, spirtli içki aludəçisi, zöhrəvi xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq üçün ekspertizalar təyin edilib. Ekspertizaların nəticəsi M. Beishekeyeva haqda şikayətdə göstərilən iddiaların əsassızlığını ortaya qoyub. Nümayəndə deyir ki, Merim Beishekeyeva ali təhsildir, 3 xarici dili yüksək səviyyədə bilir, əvvəllər bank sistemində məsul vəzifələrdə çalışan gənc xanımdır.

Nümayəndə bildirir ki, M.Beishekeyeva dindirmələrlə əlaqədar saxlanıldığı müddətdə D.Bağırov onun yaşadığı mənzilə girib, oradan sənədləri, azyaşlı qızı Ceyla Bağırovanı oğurlayıb. Uşağı 3 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə aparıb, oradan isə Bakıya gətirib. Nümayəndə deyir ki, müştərisi bütün bu olaylara D.Bağırovun bacısı AQUP DK-ın əməkdaşı Cəmilə Davud qızı Bağırovanın rəhbərlik etdiyi qənaətindədir.

Nümayəndə bildirib ki, Dubay məhkəməsində Merim Beishekeyevanın iddiası üzrə hazırlıq iclasında tərəflərə vətəndaşları olduqları ölkələrdə məhkəmələrə müraciət etmək hüquqları izah edilib.

Lakin iddiaçı və cavabdeh iddiaya Dubay məhkəməsində baxılmasını istəyiblər. Dubay məhkəməsində proses keçirildiyi vaxtda D.Bağırov Azərbaycanda Səbayel Rayon Məhkəməsinə Merim Beishekeyevaya qarşı oxşar iddia verib. Səbayel Rayon Məhkəməsi iddianı təmin edib.

Dubay Əmirliyinin birinci instansiya məhkəməsi isə Merim Beishekeyevanın iddiasını təmin edərək nikahı pozulmuş hesab etməklə azyaşlı Ceyla Bağırovanın anasının himayəsində qalmasını, uşağın ona qaytarılmasını və aliment ödənilməsini qət edib. Sonradan BƏƏ Ali Məhkəməsi öz qərarı ilə bu qətnaməni qüvvədə saxlayıb. Həmin qərardan sonra D.Bağırov Dubaya getməyib.

M. Beishekeyeva övladı oğurlanandan sonra saxta sənədlər düzəldilməklə Azərbaycana gətirildiyini də dövlət qurumlarına müraciətində qeyd edib. M. Beishekeyeva 5 fevral 2017-ci ildə anası ilə birlikdə Azərbaycana gəlib. 8 fevral 2017-ci ilə qədər dəfələrlə azyaşlı qızı Ceyla Bağırova ilə görüşməyə cəhd edib. Davud Bağırov Azərbaycanda çox nadir halda, çox qısa müddətə gəlib-getdiyindən onu tapa bilməyiblər. Övladının Davudun anası Ramidə Əhmədova və bacısı AQUPK-də uşaq hüquqlarının müdafiəsi üzrə məsul vəzifədə işləyən Cəmilə Bağırovanın yanında ola biləcəyini təxmin etdiyindən onların ünvanlarına gediblər. Onlara zəng vurub qızı ilə heç olmasa onların iştirakı ilə 10-15 dəqiqə görüş istəyib. Uşağa gətirdikləri hədiyyələri təqdim etmələrinə şərait yaradılmasına yalvarsalar da keçmiş qaynanası və baldızı ona rəhm etməyiblər.

Nümayəndə deyir ki, bunun əvəzində müştərisinin ünvanına hədələr yağdırılıb. Cəmilə Bağırova komitə sədri Hicran Hüseynova ilə çox yaxşı münasibəti olduğunu onun diqqətinə çatdırmaqla, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deməklə hüquqlarını çox qabardacağı təqdirdə Bakıdan gedəndə gömrükdə və Sərhəd Xidmətində onun çantasından, cibindən narkotik tapıla biləcəyi ilə hədələyib. Nümayəndə Merim Beishekeyevanın övladının sənədlərin saxtalaşdırılması ilə bağlı apardıqları araşdırmalarının nəticələrindən də danışıb. Deyib ki, Cəmilə Bağırova öz səlahiyyətlərindən sui-istifadə edərək 12 dekabr 2012-ci ildə Səbayel rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinin razılığı ilə azyaşlı Ceyla Bağırovaya AZ-II № 970077, 1479-cu nömrə ilə 12 dekabr 2012-ci il tarixi ilə qeydiyyatdan keçmiş doğum şəhadətnaməsi alınıb.

Şəhadətnamə alınarkən Merim Beishekeyeva qızı ilə Amerikada, Davud Bağırov isə Dubayda olublar. Merim Beishekeyeva uşağı dünyaya gətirənə qədər D.Bağırovla Bakıdan 2012-ci ilin sentyabrında çıxıblar aylar sonra -2013-cü ilin aprelində Bakıya gəliblər. Nümayəndə sual edir: Merim Beishekeyeva və Davud Bağırov Azərbaycanda olmadıqları halda həmin doğum şəhadətnaməsini necə verilib və ya alınıb?Nümayəndə bundan başqa müştərisi Merim Beishekeyevaya istinadla Cəmilə Bağırovanı qardaşı D.Bağırov vasitəsi ilə “çirkli pulların” yuyulmasında suçlayıb. Deyib ki, müştərisi Bağırovların bütün “çirkli pul” yuyulması əməliyyatları haqda məlumatları faktlarla sübut edəcək.






Fikirlər